Azərbaycanın Baş Prokurorluğu Qusar rayonunda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başladıb. Qurumun Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Azərbaycanda ətraf mühitin, ekologiyanın mühafizəsi istiqamətində dövlət tərəfindən hər zaman ardıcıl addımlar atılıb. Xüsusilə son illər ölkəmizdə yaşıl keçidlə bağlı mühüm işlər görülür. Eyni zamanda, Prezidentin ötən il imzaladığı sərəncama əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bu gün azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması prioritetdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Bundan başqa, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan dövləti ətraf mühitin qorunması, ekologiyanın mühafizəsi, yaşıl keçidlə bağlı gördüyü mühüm işlərin fonunda bəzi məmurların vəzifələrindən sui-istifadə etmələri əlbəttə ki, yolverilməzdir. Bu, eyni zamanda qeyd edilən istiqamətdə aparılan mühüm işlərə kölgə salmaq cəhdləridir.
Ümummilli lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Bu siyasət indi də davam etdirilir. Ətraf mühitin, meşələrin, yaşıllıqların qorunmasına xüsusi diqqət ayrılır. Ölkəmizdə çoxsayda yeni meşələr, parklar salınır, ağaclar əkilir. Mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilir.
Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi bu kampaniyada mühüm rol oynayır.
Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkəmizin ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.
Azərbaycan bu gün COP29-un ev sahibi kimi bütün dünyanın diqqətindədir. Ölkəmizin elan etdiyi yaşıl gündəliyi böyük maraqla qarşılanır və onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. Ekologiyanın, ətraf mühitin sağlamlığı, təhlükəsizliyi hər bir vətəndaşımızın sağlamlığı deməkdir. Çünki bu gün iqlim dəyişikliyinin yaratdığı fəsadlar böyük problemlərə səbəb olmaqdadır. Belə olan halda hər kəs, xüsusilə təbiətə qənim kəsilən bəzi məmurlar öz əməllərindən əl çəkməlidirlər. Əks halda, qanun qarşısında cavab verməli olacaqlar.