"Gürcü arzusu" partiyasının Gürcüstan parlamentindəki çoxluğa malik olmasından istifadə edərək cəmiyyətin və Qərb ölkələrinin etirazlarına baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul etmək cəhdi Gürcüstanda ciddi gərginlik yaradıb. Mayın 13-də "Gürcü arzusu"nun deputatları tərəfindən qanunun üçüncü oxunuşda təsdiqlənməsinə etiraz olaraq 30-dan çox universitetinin tələbələri tətilə başlayıblar. Tələbə tətilinə qoşulan ali məktəblər arasında "Gürcü arzusu" partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvilinin təsisçisi olduğu Kutaisi Beynəlxalq Universiteti (KBU) də var. KBU-nun tələbləri yaydığı bəyanatda azad Gürcüstanın tərəfində yer aldıqlarını və ümumi tələbə etirazına qoşulduqlarını bildiriblər. Tələbə hərəkatının genişlənməsi və onların sırasına İvanişvilinin təsis etdiyi universitetin tələbələrin qoşulması "Gürcü arzusu" üçün gözlənilməz olub. Əksəriyyəti 2003-cü ildəki "Qızılgül inqilabı"ndan sonra doğulan bu tələbələr azad və Avropanın bir hissəsi olacaq Gürcüstan arzusu ilə böyüyüblər. İndi isə gənclik qorxur ki, "Gürcü arzusu"nun qəbulunda israr etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun onların arzusunun gerçəkləşməsinə imkan verməyəcək. Gürcüstan cəmiyyətinin böyük əksəriyyəti kimi, tələbələr də anlayırlar ki, bu qanunun qəbulu Gürcüstanı Avro-atlantik məkana inteqrasiyadan uzaqlaşdırıb Rusiyaya yaxınlaşdıracaq.
Tələbələrlə yanaşı, Həmkarlar ittifaqları da tətilə başlayıblar. Kənd Təsərrüfatı, Ticarət və Sənaye İşçiləri Həmkarlar İttifaqı qanunun iqtidar partiyası tərəfindən geri götürülənə kimi yanğınsöndürənləri, xilasediciləri, müəllimləri, həkimləri, sürücüləri və kuryerləri ümumi məqsədlərə çatmaq üçün birləşməyə və genişmiqyaslı ümumi tətilə qoşulmağa çağırıblar. Tələbələr kimi, Həmkarlar İttifaqları qanunun Gürcüstanın Avropanın bir hissəsi olmasına qarşı olduğu qənaətindədirlər.
Avropa İttifaqının təmsilçiləri və ABŞ rəsmiləri "Xarici təsirin şəffaflığı haqqında" qanunu Gürüstanın Avro-atlantik strukturlara inteqrasiyasına maneə olacağını bəyan edirlər. Qərbdə belə hesab edirlər ki, "Gürcü arzusu" iqtidarı ötən il qanun layihəsini müzakirədən çıxararaq Avropa İttifaqına üzvlüyə namizəd statusu almaqla onları aldadıb. Qərb rəsmiləri açıq şəkildə bəyan edirlər ki, əgər "Gürcü arzusu" hökuməti bu qanunu qəbul edəcəyini bildirsəydi, Avropa İttifaqına üzvlüyə namizəd statusu ala bilməzdi.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ-ı çevriliş hazırlamaqda ittiham etməsinin ardından Vaşinqtonla Tiflis arasında münasibətlər daha gərginləşib. ABŞ Konqresi Bidzina İvanişvilini ona qarşı Lukaşenkoya qarşı olduğu kimi davranacağı ilə hədələyir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl MakKol başda olmaqla 29 konqresmenin Gürcüstanın Baş nazirinə göndərdiyi məktubda qeyd edilir ki, "Xarici agentlər haqqında" qanunun təsdiqi Gürcüstanla münasibətləri tamamilə dəyişəcək.
Konqresmenlər Lukaşenkonun avtoritarizminə cavab olaraq ABŞ-nin "Belarus Demokratiya Aktı"nı qəbul etdiyini xatırladaraq Gürcüstanın Avro-atlantik gələcəyinə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq oxşar addımlar atacağını vurğulayıblar. Xatırladaq ki, ABŞ Belarusda 150 nəfərə yaxın yüksək vəzifəli məmura qarşı sanksiya tətbiq edib. İndi konqresmenlər "Gürcü arzusu" iqtidarını da eyni talenin gözlədiyinə işarə vururlar. Belarusa tətbiq edilən sanksiyalar bu ölkəyə kreditlər və investisiyalar verilməsinə məhdudiyyət qoyduğu kimi, Belarus müəssisələri ilə işgüzar əlaqələri də qadağan edib. Gürcüstana qarşı oxşar qadağaların tətbiqi çox ağır nəticə verə bilər.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, hakim partiyanın yaradıcısına (Bidzina İvanişviliyə) qarşı sanksiyalar artıq de-fakto qüvvədədir. Lakin bu sanksiyalar onun addımlarına heç bir təsir göstərməyib. Belə görünür ki, gürcü təhlilçilərin "İvanişvilinin əsgəri" adlandırdıqları Baş nazir İrakli Kobaxidze Qərbin sanksiyaların ölkə iqtisadiyyatına nə qədər ağır təsir edəcəyinin hələ də fərqində deyil. Eyni fikirləri özünü Gürcüstanın sahibi kimi aparan İvanişvili haqqında da demək olar. Milyader İvanişvili ondan fərqli olaraq ölkə xaricində heç bir sərvəti olmayan Lukaşenkonun da qadağalardan nə qədər əziyyət çəkdiyinin fərqində deyil. Bu arada "Bloomberg Billionaires Index" milyarder Bidzina İvanişvilinin aktivlərinin hazırda 7 milyard dollar təşkil etdiyi haqqında məlumat yayıb. Məlumatda qeyd olunur ki, bu ilin əvvəlindən onun sərvəti 400 milyon dollar artıb.
"Bloomberg" yazır ki, İvanişvili sərvətini ötən əsrin 90-cı illərində Rusiyada dəmir filizi zavodları, polad zavodları, banklar və daşınmaz əmlak ələ keçirməklə qazanıb. Sonradan Rusiyadakı aktivlərinin çoxunu 2003-2006-cı illərdə sataraq Gürcüstana köçüb. Əgər İvanişvilyə qarşı sanksiya tətbiq edilsə, milyader sərvətinin böyük hissəsi üzərində qərar vermək imkanını itirəcək.
Konqresmenlərlə yanaşı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O'Brayen də "Gürcü arzusu"nun təmsilçiləri ilə danışıq zamanı onları hədlərini aşmaqda ittiham edərək sanksiyalarla hədələyib.
Britaniyanın xarici işlər naziri Devid Kemeron "Sky News" telekanalına müsahibəsində "Gürcü arzusu" hökumətini avtoritar rejimlərlə müqayisə edib. ABŞ və Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı da "Gürcü arzusu" hökumətini sanksiyalarla hədələyib. Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, Latviya, Litva, Niderland, Polşa və İsveçin xarici işlər nazirləri Avropa İttifaqının Təhlükəsizlik və xarici əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrellə müraciət edərək Gürcüstanda demokratiyanı qorumaq üçün qətiyyətli addımlar atmağa çağırıblar.
"Gürcü arzusu" iqtidarının "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etmək cəhdinə qarşı Qərb ölkələri ilə yanaşı, Gürcüstanın özündə də müqavimət güclənir. Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin müşaviri İvliane Xaindrava "xarici agentlər haqqında" qanun layihəsi və onun ətrafında cərəyan edən proseslərə görə istefa verdiyini bəyan edib. "Mən hökumətin qəbul etdiyi kursla razı deyiləm və bundan sonra onunla əməkdaşlığı qeyri-mümkün sayıram".
Bütün bunlar isə gözlənilən idi. "Gürcü arzusu" hökumətinin intihara bərabər inadı, ölkədə bir neçə yüz min insanın "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbuluna qarşı fəal etirazı hökumətin və hakim partiyanın siyasi-mənəvi legitimliyini itirməsinə səbəb olub. Bununla da Gürcüstanda siyasi böhran dərinləşib. Siyasi təhlilçilər Gürcüstanda xaos yaranacağı halda Rusiyanın hərbi müdaxilə edə biləcəyini istisna etmirlər. Göründüyü kimi, Gürcüstan uçurumun astanasındadır və hökumət geri addım atmasa, vəziyyət sürətlə pisləşəcək.