|
|
|
|
Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq. Gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr "Rəng xəbərdarlıq sistemi" şkalası ilə əhaliyə daha anlaşılan formada çatdırılacaq. Yeni mexanizmə əsasən, 3 rəng - sarı, narıncı və qırmızı rəng şkalası tətbiq ediləcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava xəbərdarlığının sarı rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyini proqnozlaşdırıldığı deməkdir. Belə ki, sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunacaq. Narıncı rəng xəbərdarlığı isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Bu rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir. Hava xəbərdarlığı qırmızı rənglə edilirsə, bu ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstremal risk olduğunun göstəricisidir. Bu rənglə xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə ediləcək.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyir ki, 2019-cu ildən başlayaraq Azərbaycanda mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb, avtomatik rejimdə çalışan beş stansiya quraşdırılıb. Avtomatik stansiyalar Bakı şəhərində 3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb: "Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri və qaz birləşmələrinin monitorinq nəticələri əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir".
O qeyd edib ki, "Meteo.az" mobil tətbiqini istifadə edən hər kəs olduğu ərazi üzrə hava durumu haqqında mütəmadi məlumat alacaq. Sözügedən tətbiq vasitəsilə əhaliyə hava hadisələri barədə xəbərdarlıqlar daha öncədən bildiriləcək. Hazırda hava hadisəsinin hansı bölgədə baş verməsi haqqında məlumat veririk, lakin yeni sistem imkan yaradır ki, əhalini konkret hansı ərazidə dolu, leysan, şimşək, sel və daşqın hadisələri olacağını əvvəlcədən məlumatlandıra bilək. Eyni zamanda, Şuşada quraşdırılması nəzərdə tutulan radar sistemi vasitəsilə Qarabağ ərazisində də baş verəcək hidrometeoroloji hadisələr Situasiya Mərkəzində vizuallaşacaq: "Yeni tətbiq ediləcək "Rəng xəbərdarlıq sistemi" şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndəriləcək. Küləklə bağlı tətbiq edilən bu vasitə gələcəkdə digər təhlükəli meteoroloji hadisələr üçün də sistemləşdiriləcək. Azərbaycanda daha çox küləkli havalar müşahidə olunduğundan ilk olaraq bunu pilot kimi götürmüşük. Növbəti mərhələdə - ilin sonuna qədər güclü istilər, daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə bağlı da rəng şkalası üzərindən xəbərdarlıq sistemi tətbiq ediləcək".
Azərbaycan 1993-cü ildən Ümumdünya Meteorologiya Təşkilatının üzvüdür. Təşkilat 2030-cu ilədək üzv ölkələr qarşısında erkən xəbərdarlıq sisteminin quraşdırılmasını tələb kimi qoyub. Bu yöndə Milli Hidrometeorologiya Xidmətində işlər aparılır. Bu sistem quraşdırılan zaman əhali, onların əmlakı və eyni zamanda iqtisadiyyatın müxtəlif sahələri təhlükəli hidrometeoroloji amillərdən qorunacaq, dəyən zərərin minimuma endirilməsi təmin ediləcək. İnsanlar baş verə biləcək təhlükəli və xüsusi təhlükəli atmosfer hadisələri barədə əvvəlcədən məlumatlı olacaqlar və tədbirlər görməyə başlayacaqlar. Məlumatlar Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və güc strukturlarına göndəriləcək. Hazırda iqlim dəyişikliyi fonunda təhlükəli hidrometeoroloji hadisələrin başvermə intensivliyi və arealı daha da artıb.
Azərbaycanda hidrometeoroloji müşahidələr 1830-cu illərdən başlayıb, ilkin müşahidələr dəniz səviyyəsi üzərində aparılıb. Sonrakı mərhələdə isə meteoroloji müşahidələr aparılmağa başlanılıb. Ardınca bütün ölkəni əhatə edən meteoroloji şəbəkə sistemi qurulub. Son illər hidrometeoroloji şəbəkənin 50 faizi tam avtomatlaşdırılıb. Milli Hidrometeorologiya Xidmətində respublikanın 8 iqlim bölgəsi və Xəzər dəniz akvatoriyasının altı rayonu üzrə sutkalıq, 2 sutkalıq və 10 günlük hava proqnozu hazırlanır. Proqnozlar hazırlanan zaman faktiki hava təhlil olunur. Bundan sonra isə müxtəlif proqnoz sistemi mənbələri ilə hava proqnozu hazırlanır. Bunlar meteoroloji radarlar, "Türkmedcap" sistemi, peyk məlumatları və digər mənbələrdir. "Türkmedcap" sistemi ilə yaxın 10 gün ərzində gözlənilən hava şəraiti barədə məlumatlar əldə olunur. Bununla küləyin sürəti, istiqaməti, qarın hündürlüyü, şimşək hadisələri, havanın minimal temperaturu haqqında məlumatları əldə etmək mümkündür. Məlumatlar real vaxtda Situasiya Mərkəzinə ötürülərək emal prosesinə göndərilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qeyd edib ki, ölkə ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər və qasırğalar hesab olunur. Belə güclü küləklər əsasən Bakı və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycana aid hissəsində müşahidə olunur: "Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 m/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı, insan tələfatına da səbəb olub".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimovanın dediyinə görə, Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır. Artıq Azərbaycanda hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib: "Artıq hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur".
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə əsasən, işğaldan azad olunmuş ərazilərdə müşahidə şəbəkəsinin bərpası və yenidən qurulması tədbirləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 11 hidroloji stansiya artıq bərpa olunub. Bunlar Araz, Bərgüşad, Tərtərçay, Oxçuçay, Həkəriçay, Tutqunçay, Zabux, Quruçay, Bəsitçay, Köndələnçay çayları üzərində hidroloji avtomatik sensorlar quraşdırılıb. 4 transsərhəd çay - Araz, Bərgüşad, Bəsitçay, Oxçuçay üzərində isə keyfiyyət sensorları yerləşdirilib. Bu sensorlar vasitəsilə suyun kəmiyyət və keyfiyyət göstəriciləri izlənilir: "2022-ci ildə "İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində beş dəst bütün lazımi sensorlarla təchiz olunmuş yeni nəsil avtomat meteoroloji stansiyalar Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli və Şuşa şəhərlərində quraşdırılıb. Bu stansiyalar ərazinin meteoroloji şəraitini öyrənməyə, buludluluq, görünüş məsafəsi, havanın və torpağın temperaturu, rütubəti, yağıntı, küləyin sürəti və istiqaməti və s. meteoroloji parametrləri onlayn rejimdə izləməyə imkan verir. İstifadədə olan bütün avtomat stansiyaların məlumatları hazırda Milli Hidrometeorologiya Xidmətində fəaliyyət göstərən Situasiya Mərkəzində vizuallaşır. Dövlət proqramı çərçivəsində bu il də işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, Şuşa şəhərində bir dəst dopler radar sisteminin, həmçinin 2025-ci ildə Laçın, Qubadlı, Ağdərə, Xocavənd rayonlarında, eləcə də Xankəndi şəhərində daha beş ədəd müasir standartlara cavab verən avtomat meteoroloji stansiyaların da quraşdırılması planlaşdırılıb. Bundan başqa, Füzuli rayonu ərazisində cari ildə yeni aeroloji stansiyanın quraşdırılmasına hazırlaşırıq. Ümumilikdə isə ölkə üzrə 2019-2023-cü illər ərzində müasir standartlara cavab verən iki dəst dopler radar, dörd dəst dəniz hidrometeoroloji və 40 ədəd avtomat hidroloji, həmçinin 17 ədəd avtomat meteoroloji stansiyalar qurulub".
Təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün dünya təcrübəsində erkən xəbərdarlıq sistemlərində dopler radarlarından geniş istifadə olunur. Əhatə etdiyi radiusda radarlarla həm ölkədaxili, həm də ölkəxarici atmosfer prosesləri fasiləsiz olaraq Situasiya Mərkəzində vizuallaşdırılır. Bu məlumatlar xəbərdarlıq və proqnoz kimi istifadə olunur. Radarlar vasitəsilə düşən yağıntının miqdarını, bulud sisteminin şaquli kəsiyini analiz edə bilirik. Radar şəbəkəsinin sayının artırılması üçün işlər görülür. Növbəti mərhələdə isə məlumatların ictimaiyyətə və aidiyyəti orqanlara təqdim edilməsi başlanılır.
Sevinc QARAYEVA