Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün təşkil edilmiş müsahibədə nəticəsi məqbul olmayan uşaqlarla bağlı Apelyasiya komissiyası fəaliyyətə başlayıb.
525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, Komissiyada müsahibə prosesi zamanı qeydə alınmış videoyazı valideynin iştirakı ilə izlənilir. Apelyasiya komissiyası tərəfindən müsahibə meyarlarına düzgün əməl edilmədiyi və ya texniki səbəblərdən videoyazını izləmək mümkün olmadığı halları istisna olmaqla təkrar müsahibə aparılmır.
Apelyasiya komissiyasının yeri, tarixi və nəticəsi barədə məlumatlar valideynin şəxsi kabinetindəki Əlaqə bölməsinə göndərilir.
Apelyasiya komissiyası 3 iyun 2024-cü il tarixinə kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün təşkil edilmiş müsahibənin nəticəsi ilə razılaşmayan valideynlər elektron qaydada müraciət edə bilərlər. Belə ki, valideynlərə 3 iyun 2024-cü il tarixinə qədər mektebeqebul.edu.az saytının şəxsi kabinetindəki Əlaqə bölməsində “Apellyasiya komissiyasına müraciət” başlığı ilə (həmin başlıqdan istifadə zəruridir) müraciət etmək imkanı yaradılıb.