"Ümidvaram ki, Türk dünyasının bütün ölkələrinin parlament nümayəndələrinin Lefkoşada sammitə toplaşacağı gün gələcək".
525.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev ŞKTR parlamentinin spikeri Zorlu Töre ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Cavanşir Feyziyev qeyd edib ki, ŞKTR kimi, Azərbaycan da onilliklər ərzində ədalətsizlik və beynəlxalq hüququn böhranı ilə üzləşib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bir sıra dövlətlərin və beynəlxalq dairələrin qərəzli mövqeyi ucbatından uzun illərdir ki, icra olunmurdu. Nəticədə, Azərbaycanın səbri tükəndi. Türkiyənin siyasi və mənəvi dəstəyi ilə ədaləti öz gücümüzlə bərpa etmək qərarına gəldik”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Asiya ilə Avropanın qovşağında yerləşən müasir Azərbaycan türk xalqlarının yaxınlaşması üçün səylər göstərir.
İşçi qrupun rəhbəri xatırladıb ki, bu gün BMT-nin binası qarşısında yeddi türk dövlətinin bayraqları dalğalanır.
Eyni zamanda, Cavanşir Feyziyev Şimali Kiprin geostrateji mövqeyinin Türk dünyası üçün əhəmiyyətinə diqqət çəkib.
Milli Məclisin deputatı deyib: “Azərbaycan bundan sonra da Kiprin türk xalqını dəstəkləmək üçün addımlar atmağa çalışacaq və Lefkoşa ilə Mərkəzi Asiya ölkələri arasında dialoqun dirijoru rolunu oynayacaq”. O, Azərbaycan tərəfinin digər türk dövlətlərini də KKTC ilə parlamentlərarası dostluq qrupları yaratmağa çağıracağını bildirib.