Ümumi təhsil müəssisələrinin digər dildə tədris aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün təşkil edilmiş müsahibədə nəticəsi məqbul olmayan uşaqlarla bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayıb.
Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Bildirilib ki, komissiyada müsahibə prosesi zamanı qeydə alınmış videoyazı valideynin iştirakı ilə izlənilir. Apellyasiya komissiyası tərəfindən müsahibə meyarlarına düzgün əməl edilmədiyi və ya texniki səbəblərdən videoyazını izləmək mümkün olmadığı halları istisna olmaqla təkrar müsahibə aparılmır.
Apellyasiya komissiyasının yeri, tarixi və nəticəsi barədə məlumatlar valideynin şəxsi kabinetindəki Əlaqə bölməsinə göndərilir.
Apellyasiya komissiyası iyunun 3-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin digər dildə tədris aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün təşkil edilmiş müsahibənin nəticəsi ilə razılaşmayan valideynlər elektron qaydada müraciət edə bilərlər. Belə ki, valideynlərə iyunun 3-dək mektebeqebul.edu.az saytının şəxsi kabinetindəki Əlaqə bölməsində “Apellyasiya komissiyasına müraciət” başlığı ilə (həmin başlıqdan istifadə zəruridir) müraciət etmək imkanı yaradılıb.
Sevinc Qarayeva