Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.
525.az "Report"-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov iştirak ediblər.
Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra bir qrup hərbi qulluqçular medallarla təltif olunub. Rəsmi hissədən sonra konsert proqramı başlayıb.
Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.