Bakı Slavyan Universitetinin qonaqları - Osvald fon Volkenşteyn cəmiyyətinin prezidenti, Vürtsburq Universitetinin professoru Ziqlinda Hartman və göstərilən universitetin professoru Klaus Volf artıq iki həftədir ki, bu ali məktəbin Alman filologiya bölümündə tələbələrə mühazirələr oxuyurlar. BSU-nun Mətbuat xidmətindən bildirildiyinə görə, sentyabrın son günü alman filologiyası tələbələri üçün yaddaqalan olub. Professor Ziqlinda Hartmanın rəhbərliyi altında tərtib olunmuş "Alman ədəbiyyatından səhnəciklər"ədəbi-musiqili proqramı Universitet tələbələrini, onun nəzdindəki Məktəb-lisey kompleksinin şagirdlərini, hətta alman dili mütəxəssislərini əhatə edib. Gecədə alman dilində mahnılar, seirlər, səhnəciklər səsləndirildi. BSU Məktəb-lisey kompleksinin akt zalında başlanan tədbir ahəngdar şəkildə Filologiya fakültəsinin "Tələbə klubu"nda davam etdirildi. Bu hissədə müəllim və tələbələrə alman mətbəxinin özəllikləri nümayiş olunub. Azərbaycan, rus, ingilis, fransız dilləri və ədəbiyyatları bölmələrinin tələbələri də almaniyalı müəllim və alman filologiyası bölümündə təhsil alan tələbələr tərəfindən alman mətbəxinə qonaq ediliblər.
Gecəyə dəvət almış BSU rektoru professor A.A.Hacıyev, Avstriya səfirinin müavini və konsul Ute Friesner, Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı ofisinin direktoru Ştefani Dufauks və digər qonaqlar bir neçə saatlığa özlərini alman mədəniyyəti və dil mühitinin iştirakçısı hiss ediblər. "Tələbə klubu"nda Alman-Azərbaycan çay süfrəsi arxasında ölkələrimiz və universitetlərimiz arasında əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Qonaqlar bu gecəni "Almaniyanın birləşdirilməsi günü"nə gözəl hədiyyə kimi dəyərləndiriblər.