ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində heç bir addım atmadı, hər hansı irəliləyişə nail olmadı. Bu təsisatın həmsədrləri 28 il ərzində yalnız regiona turist səfərləri etdilər, öz missiyalarını unudaraq işğalçıya dəstək verdilər.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ATƏT-in Minsk qrupu ilə bağlı məsələyə də toxunub. Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib. Prezident vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.
Faktiki olaraq Minsk qrupu ötən 28 ildə öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədi, yaxud da yetirmək istəmədi. Baxmayaraq ki, həmsədrlik institutunda təmsil olunan dünyanın aparıcı dövlətlərin belə bir imkanları var idi. Üstəlik, Azərbaycan bu məsələdə tam haqlı tərəf idi. Əraziləri işğal olunan, tamamilə dağıdılan, 1 milyona yaxın qaçqın və köçkünü olan Azərbaycan idi. Həmin Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər edib və Ermənistanın hərbi cinayətlərinin şahidi olmuşdular. Amma Minsk qrupunun ədalətli mövqe tuta bilməməsi, işğalçının tərəfində olması onların bütün bu cinayətlərə göz yummalarına gətirib çıxardı. Həmsədrlər Azərbaycanın maraqlarına uyğun olmayan sülh planları irəli sürürdülər. Bakı sülh danışıqlarında iştirak etməklə bərabər bəyan edirdi ki, danışıqlar sonsuzadək davam edə bilməz, səbrimizin bir həddi var.
Nəhayət, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə öz ərazilərini işğaldan azad edərək, Qarabağ münaqişəsinə son qoydu. Azərbaycan münaqişəni öz hərbi-siyasi gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq həll etdi.
Münaqişənin həlli regionda vəziyyəti dəyişdi. Bakı regionda yeni reallıqlar, yeni vəziyyət yaradıb. Münaqişə bitib, Azərbaycan və Ermənistan sülh yolunda zəif addımlarla da olsa irəliləməkdədir. Beləliklə də, Minsk qrupu, eləcə də onunla əlaqəli təsisatların mövcudluğuna heç bir ehtiyac qalmayıb.
Azərbaycan Prezidenti müharibədən sonra dəfələrlə bu reallığı səsləndirib. 2020-ci il dekabrın 12-də Azərbaycanan gələn ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul zamanı dövlət başçısı bildirmişdir ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Prezident bildirib ki, son 17 il ərzində danışıqlarda iştirak edib: “Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə vermədi. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir... BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər ərazilərimizdən çıxmağa məcbur olsunlar. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi”.
Münaqişə müddətində Minsk qrupunun fəaliyyətindəki ədalətsizlik, qeyri-ardıcıllıq həm də özünü onda göstərdi ki, həmsədr ölkələrin prezidentləri Akvildə, Muskokada söylədilər ki, status-kvo qəbuledilməzdir. Sonra isə bəyan etdilər ki, status-kvo dayanıqlı deyil. Bu o deməkdir ki, status-kvo artıq qəbul edilir və ATƏT-in Minsk qrupu Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20 faizini öz nəzarəti altında saxlaması faktı ilə barışır.
Prezident İlham Əliyev bu məqama toxunarkən deyib ki, bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir: “Biz isə bunu dəyişdik. Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik”.
İstənilən halda, Minsk qrupunun edəcəyi heç nə yoxdur. Əgər onların Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlarda rol almaq niyyətləri varsa, bu da əbəs yerədir. Çünki buna sadəcə heç bir ehtiyac yoxdur. Bakı və İrəvan artıq vasitəçi olmadan danışırlar, razılığa gəlirlər. Son razılaşmalar da göstərdi ki, Azərbaycan-Ermənistan vasitəçisiz danışıqları daha səmərəlidir. Prosesə vasitəçi adı ilə qatılan istənilən tərəf öz maraqlarını güdəcək ki, bu da onun uzanması ilə nəticələnəcək. Necə ki, Minsk qrupunun 30 ilə yaxın “missiya”sı məhz buna xidmət edirdi.
Prezident İlham Əliyevin dediyi kimi, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Artıq o qrup ölüdür, cansızdır.
Bu gün sadəcə kağız üzərində mövcudluğunu saxlayan bu təsisatın rəsmi ləğvini uzatmağın heç bir mənası yoxdur.
çap et