Tarixi köklərə malik olan Azərbaycan-Çin münasibətləri bu gün sürətlə inkişaf etməkdədir. İki ölkə ən müxtəlif sahələrdə əlaqələrin güclənməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan və Çini təkcə iqtisadiyyat, ticarət, nəqliyyat, investisya və bir sıra digər sahələrdə əməkdaşlıq birləşdirmir, ölkələrimiz həm də dövlətlərin ərazi bütövlüyü məsələsində eyni mövqedən çıxış edirlər. Azərbaycan Çinin ərazi bütövlüyünü və "Vahid Çin" siyasətini daim dəstəkləyib, öz növbəsində rəsmi Pekin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyib. İki dövlət arasında son vaxtlar müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayı artıb ki, bu da əlaqələrimizin möhkəmlənməsinə öz töhfəsini verir.
Bu günlərdə Prezident İlham Əliyev Bakıda səfərdə olan Çinin Xalq Siyasəti Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırladı və bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirdi. Dövlət başçısı Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini vurğuladı. Prezident qeyd etdi ki, əlaqələrimiz dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslanır.
İki ölkə iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artıma nail olub, həmçinin insanların qarşılıqlı gediş-gəlişi də artıb. Çin Xalq Respublikasının müxtəlif təşkilatları ilə Heydər Əliyev Fondu arasında xalq diplomatiyası əsasında həyata keçirilən mədəni-humanitar tədbirlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Görüşdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatdığı bildirilib. Ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi, "Bir kəmər, bir yol" layihəsi, Orta Dəhlizin inkişafı, COP29 və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev "525"ə deyib ki, müasir dövrdə formalaşmaqda olan yeni nizamın sözsüz ki, istər siyasi, iqtisadi, istərsə də hərbi potensial baxımından ən böyük güc mərkəzlərindən biri məhz Çin Xalq Respublikasıdır: "Çinin xarici siyasət baxımından özünəməxsus strategiyası mövcuddur və deyə bilərik ki, bu strategiyanın leytmotivi hətta uzaq coğrafi regionları belə özündə birləşdirəcək əməkdaşlıq platformaları və layihələridir. Xüsusilə də 44 günlük müharibədə əldə edilmiş zəfərimizin ardından Azərbaycan regionun güc mərkəzinə çevrilərək, yeni geosiyasi reallıqlara imzasını atdı. Bu reallıqlar isə ilk növbədə istər regional, istərsə də beynəlxalq əməkdaşlıq mühitinin təkmilləşdirilməsi, Cənubi Qafqazın dünyanın əsas iqtisadi və ticarət arteriyalarından biri kimi öz mövqeyini möhkəmləndirməsidir.

Çin Xalq Respublikası məhz bu yeni reallıqların fərqində olan dövlətlərdən biridir və Azərbaycan-Çin münasibətlərinin inkişaf tempi məhz tərəflərin xarici siyasət baxımından əməkdaşlıq meyilli mövqe tutmalarına əsaslanır. Bu amillər cari ilin 14 may tarixində cənab Prezident İlham Əliyevin Çin Xalq Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyenin başçılıq etdiyi nümayəndə heyətini qəbulu zamanı növbəti dəfə öz təsdiqini tapdı. Cənab Prezident ikitərəfli münasibətlərin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığını qeyd etdi.
Diqqət yetirdikdə müşahidə edə bilərik ki, Azərbaycanın qarşılıqlı təmasda olduğu dövlətlər arasında Çin Xalq Respublikası ilk sıralardadır. Bunu qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin və artan ticarət, nəqliyyat imkanlarının özü bir daha təsdiq edir. Azərbaycanın dövlət başçısı qəbul zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini də xatırladaraq, hətta növbəti görüşün siqnalını verdi. Rəsmi qonaq Şen Yueyen isə öz növbəsində dövlət başçısına müraciətlə bildirdi ki, siz uzun illərdir ki, həm Sədr Si Cinpinin, həm də Çin xalqının dostusunuz.
Şen Yueyenə çıxışına istinadən bir məqama xüsusilə diqqət çəkmək istərdim; rəsmi qonaq cənab Prezidentə müraciətlə bildirdi ki, Azərbaycanın nüfuzunun daim artması onun yaxın dostu və etibarlı tərəfdaşı kimi Çini sevindirir. Bu fikir özlüyündə bir daha təsdiq edir ki, Çin Azərbaycanla münasibətlərdə, xüsusilə də gələcəyə istiqamətlənmiş münasibətlərdə maraqlıdır və "etibarlılıq" amili ön plandadır. Etibarlılıq üzərinə boşuna vurğu etmədim, çünki öz növbəsində Azərbaycan Respublikası da Çin Xalq Respublikası üçün etibarlı tərəfdaşdır. Bu, hətta Çinin ərazi bütövlüyü və "Vahid Çin" siyasətində də özünü göstərməkdədir. Bir nüansı xatırlatmaq istərdim ki, Azərbaycan hətta Tayvanda keçirilmiş seçkiləri belə pisləyərək, Çinin ərazi bütövlüyünə öz dəstəyini növbəti dəfə açıq şəkildə ifadə edib".
N.Həmzəyev xatırladıb ki, görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Komunist Partiyası arasında inkişaf etməkdə olan münasibətlərə də toxunulub: "İki ölkə arasındakı münasibətlərin inkişafında bu iki partiya arasındakı əməkdaşlıq münasibətlərin də özünəməxsus rolu var. Azərbaycan-Çin münasibətləri tərəflərin əməkdaşlıq, qarşılıq anlaşma və dəstək amillərinə əsaslanmaqla, yüksələn xətt üzrə inkişaf etməkdədir. Hər iki dövlət öz regionlarının aparıcı güc mərkəzləridir və xarici siyasət strategiyalarının əməkdaşlıq amilini prioritet olaraq mənimsəməsi imkan verir ki, həm ikitərəfli münasibətlər inkişaf etsin, həm də beynəlxalq layihələr üzərindən çoxtərəfli əməkdaşlığa töhfə verilsin. Hələ yaxın keçmişdə Cənubi Qafqaz regionunda demək olar ki, bütün diplomatik-siyasi damarlar tıxanıqlıq yaşayırdısa, bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar şəraitində regionun da beynəlxalq əməkdaşlıq mühitinə qoşulması üçün real imkanlar genişlənir. Əminəm ki, Çin kimi güc mərkəzi ilə münasibətlərimizin inkişafı həm bizim, həm də bizim vasitəmizlə region üçün daha geniş perspektivlər açacaq".
çap et