FƏTƏLİ XAN NƏ ÜÇÜN İSTƏYİNƏ ÇATA BİLMƏDİ?
Bu yaxınlarda sosial şəbəkələrin birində çox qəribə bir fikirlə qarşılaşdım və rəhmətlik nənəm demişkən, matım-mutum qurudu. Sən demə, Azərbaycanın xanlıqlar dövrü tariximizin şanlı, qürur doğuran səhifələrindən biri imiş (???).
Düşünürəm ki, adamın şüuru, düşünmək qabiliyyəti düzgün təfəkkürün qanunlarından o dərəcədə kənarda qalmalıdır ki, hər şeyi belə əksinə, loru dildə desək, kəlləmayalaq şərh edə bilsin. Çünki əsl həqiqətdə xanlıqlar dövrünun Azərbaycanın bir dövlət kimi süqut etməsi, başqalarına rahat yem olması ilə nəticələnən utancgətirici səhifəsi olduğunu görmək və bilmək üçün heç tarixçi olmaq da lazım deyil. Yetər ki, faktları adi məntiqlə təhlil edib nəticə çıxarasan.
Nadir Şahın ölümündən sonra Azərbaycanın ərazisində 26 xanlıq və bir neçə məliklıik, elmi dillə desək, mini feodal dövlət meydana gəldi. Bu, əslində ölkənin ərazisini, sərvətini, gələcəyini, ən başlıcası isə taleyini 26 yerə parçalamaq idi və bu mənada Azərbaycan 2 yad ölkə tərəfindən bölünüb 2 işğalçı dövlətin ərazisinin əlavəsinə çevrilməzdən əvvəl 26 yerə bölünmüşdü, özü də kənar qüvvələrin təsiri, təhdidi, diktəsi ilə yox, öz əllərimizlə, məhz öz içimizdən, öz istəyimizlə. Daim bir-biri ilə çəkişən, bir-birlərinin ərazilərinə tamah salan, dar ayaqda öz cılız ambisiyalarını belə qoruya bilməyən bu xanlıqlar hansı böyük Vətəni qoruya bilərdilər ki?
Nə dayanırdı bu faciənin özülündə?
Neçə illər əvvəl çəkilmiş "Fətəli xan" filmində bu suala cavab axtarılır və belə məlum olur ki, bu xanlıqların hər birinin hakimini bütöv, vahid Azərbaycanın yox, öz mini-"dövlətinin" taleyi narahat edirdi. Əslində burada "tale" ifadəsi də heç yerinə düşmür. Ambisiyalar tamam başqa idi, öz ərazisini genişləndirmək, öz hakimiyyətini möhkəmləndirmək kimi cılız istəklərdən qaynaqlanırdı. Bu istəklər çox vaxt o dərəcədə vəhşi ehtirasa çevrilirdi ki, qalib gələn xan məğlub olan xanın gözlərini çıxartdırır, sonra kor elədiyi xanın əlinə qılınc verib "Səni filan xan kor etdi" deyərək növbəti rəqibinin üstünə göndərirdi.
Həmin dövrdə bu pərakəndə, cırtdan dövlətləri birləşdirib bütöv, güclü Azərbaycan yaratmaq eşqi ilə yaşayan Quba xanı Fətəli xan iradəli, cəsur sərkərdə, ağıllı, tədbirli dövlət başçısı kimi bu məqsəd naminə müəyyən işlər görə bildi, arzuladığı dövlətin konturlarını, özəyini yaratmağa nail oldu. Lakin onun Rusiya ilə yaxınlaşması İran hakimlərinin və yerli xanların xoşuna gəlmirdi, halbuki Fətəli xanın məqsədi yaratmaq istədiyi Azərbaycanı Rusiyanın vassalına çevirmək yox, diplomatiya, zəminində onun müstəqilliyinə zəmanət almaq idi. Onu bu yoldan sapındırmaq üçün açıq və gizli fəaliyyətlərin nəticəsi bu oldu ki, o, 54 yaşında sui-qəsd nəticəsində öldürüldü.
Sən demə, bütöv, vahid Azərbaycan elə yalnız Fətəli xana lazım imiş.
Təəccüblənməyin - bu, o vaxtkı Azərbaycan reallıqlarının tipik bir nümunəsi idi!
Hadisələrin sonrakı gedişi hamıya məlumdur.
Çəkiləndən sonra 11 il rəfdə yatan, yalnız 1959-cu ildə müəyyən redaktədən (hansı redaktədən, bir Allah bilir) keçəndən sonra ekranlara çıxan bu filmdə dediklərimə şəhadət verən çox ibrətamiz bir epizod var. Fətəli xanın diplomatik münasibətlər yaratmaq, şimaldan gələn təhdidləri yumşaltmaq üçün Rusiyada olmasından istifadə edən düşmən xanlıqların birləşmiş ordusu Dərbənd qalasına hücum edir. Bundan xəbər tutan Fətəli xan danışıqları yarımçıq qoyub təcili geri qayıtmalı olur. Çar hökuməti onu döyüş qayığında topçu rus hərbçilərinin müşayiəti ilə yola salır. Qayıq hələ sahilə yan almamış rus zabiti müşahidə borusunun köməyi ilə döyüş meydanında böhranlı məqam olduğunu görüb toplardan atəş açmaq əmri verir. Birləşmiş ordu bir anın içində pərən-pərən düşüb qaçmağa üz qoyur və ardınca həmin dediyim epizod gəlir: artıq sahilə yan almış gəmidən düşən rus zabiti təntənə ilə qalaya tərəf addımlayır və bayaq ac canavar kimi az qala qalanın divarlarını gəmirən sərkərdələr, döyüşçülər onun hüzurunda diz çökərək qılınclarını üfiqi vəziyyətdə tutub başlarını əyirlər - yəni təslim olduq, sənə tabeyik.
Azərbaycanın taleyi bax beləcə həll olunurdu!!!
Məncə, nöqtə qoymaq olar...
SEYFƏDDİN ALLAHVERDİYEV VƏ RUBEN QRİQORYANIN ƏHVALATI
Mən 1978-80-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşam. Deməli, hamı kimi mənim də hərbi xidmətlə bağlı xatirələrim var.
Birini danışım.
6 ay Rusiyanın Oryol şəhərində radioteleqrafçılar hazırlayan məktəbdə bu maraqlı ixtisasa yiyələnəndən sonra məni xidmətimi peşəkar radist kimi davam etdirmək üçün Bryansk vilayətinin Poçep qəsəbəsində yerləşən əlahiddə bölüyə göndərdilər (Bu bölük həm də hərbi hissə statusunda idi, hətta nömrəsi də yadımdadır - 03013). Yaxşı xatırlayıram, qarlı bir noyabr günü idi. Hərbi hissənin komandiri ilə (onun da familiyası yadımdadır - kapitan Kinyov) kazarmaya girəndə hələ karantindən tanıdığım əsgər yoldaşımı əlində şvabra döşəməni yuyan gördüm və dalağım sancdı. Seyfəddin Allahverdiyev yadımda qabağından yeməyən məğrur oğlan kimi qalmışdı və əgər indi o, axşamüstü burada döşəməni sabunla yuyurdusa, deməli, vəziyyət, necə deyərlər, "rusca" idi ki, onu buna məcbur edə bilmişdilər (Burada mötərizə açıb qeyd edim ki, döşəməni yumaq əslində gün növbətçisi olan əsgərin nizamnamədə göstərilən vəzifə borcu idi).
Amma onu görəndə həm də sevindim - biz eyni çağırışın əsgərləri idik və deməli, xidmətin sonuna kimi bir yerdə olacaqdıq. Lakin Seyfəddin deyəsən, məndən də çox sevindi, quş kimi üstümə şığıyıb məni qucaqladı. Kövrəlməyindən, isti davranışından belə başa düşdüm ki, ötən altı ay ərzində o, öz həmvətənlərinin üzünü görmək, səsini eşitmək üçün yamanca darıxıb.
Komandir məni dəhlizdə qoyub kabinetinə girdi. Fürsətdən istifadə edib soruşdum ki, dost, burda vəziyyət necədir, xidmət necə gedir. O da baş barmağını yuxarı qaldırıb gülə-gülə dedi ki, bax belə!
- Ona görə sabunla döşəmə yuyursan? - deyə zarafatla ona sataşdım.
- Ona fikir vermə. Burda hamı, hətta il yarım xidmət edənlər də (əsgər leksikonu ilə desək, "stariklər") növbətçi olanda yalanpışdan bu işi görür.
Tələsik soruşdum:
- Yəni deyirsən burda "starik - molodoy" qarşıdurması yoxdur?
Dedi:
- Yoxdur, Əli (görəsən, bu dünyada mənim bütöv adımı deyən neçə nəfər var?). Bura kiçik kollektivdir. Komandir elə qayda-qanun yaradıb ki, stariklər molodoylara söz deməyə qorxurlar.
Suallarım bitmək bilmirdi:
- Səndən başqa daha hansı millətlərdən olan əsgərlər var burda?
Haqverdi sadaladı:
- Ruslar, xaxollar, özbəklər, bir belarus və iki erməni...
- Hamınız da ki, bir-birinizlə çaşka-lojkasınız, yəni qardaş kimi dolanırsnız... Hə?
- Təzə gələndə komandirdən xəlvət məni dişlərinə vurub yoxlamaq, sındırmaq istədilər. Qardaşın hamısının ağız-burnunu əzib cavablarını verdi. İndi məni uzaqdan görəndə yan keçirlər.
Soruşdum:
- Ermənilər də?..
Seyfəddin ağzını açıb nə isə demək istəyirdi ki, komandir məni çağırdı və söhbətimiz yarımçıq qaldı. Amma səhər siqaret fasiləsində yenidən bu söhbətə qayıtdıq. Seyfəddin dedi:
- Burda iki erməni var: biri Bakıdandır - Harri Dəlləkyan. Mənimlə həmyerli kimi davranır, rusların provaksiyasına getmir, özünü bakılı adlandırır (Adamın başı üstündə Allah var, həqiqəti deməliyik - sonralar gördüm ki, Harri hələ erməni xisləti ilə zəhərlənməmiş Bakı uşağıdır). O biri Leninakan ermənisidir - Ruben Qriqoryan. Çörəyi dizinin üstündə olan qorxağın, əclafın biridir. Bizdən bir il artıq xidmət edib deyə bir dəfə mənə ilişmək istədi, cavabını verdim, oldu quzu balası.
Seyfəddin Zəngəzur bölgəsindən - Qubadlı rayonundan idi və görünür, erməni xislətinə məndən yaxşı bələd olduğuna görə heç reaksiyamı gözləmədi, siqaretinə dərin bir qüllab vurub gülə-gülə, ləzzətlə sərlövhədə yazdığım həmin o əhvalatı danışmağa başladı:
- Hərif gün növbətçisi idi. Mənə dedi ki, gəl döşəməni sil. Dedim, get tullan, nəinki sənin, heç sənin ölüm yatağında olan qoca dədənin də yerinə döşəmə silmərəm. Cumdu üstümə ki, məni vursun, onu qabaqlayıb qarnına bir təpik ilişdirdim, sonra necə kəllə atdımsa, ağız-burnu partladı, qan fontan vurub üst-başını batırdı. Həmin gün lakatorlar işləyirdi deyə (belə vaxtlarda hamı döyüş növbəsində olurdu - Ə.H.) kazarmada ikimizdən başqa heç kim yox idi. Hərif qaçdı əlüzyuyulan otağa ki, soyuq su ilə ağız-burnunun qanını dayandırsın. Sonra cib dəsmalı ilə burnunu tutub başını dala əydi və kazarmada çıxdı. Düşdüm arxasına ki, baxım hara gedir. Gördüm mətbəxin çöl tərəfdəki giriş qapısına yön alıb. "Bu ağız-burunla yemək dalıncamı gedir?" - deyə öz-özümdən soruşdum. Geri qayıdıb yeməkxanaya keçdim (yeməkxanamız kazarmanın içində idi - Ə.H.) və yemək buraxılan pəncərəyə yaxınlaşıb gözləməyə başladım. Hərif mətbəx avadanlıqları asılan divara yaxınlaşıb bıçaqların arasından ən iri bıçağı seçdi və qoltuğunda gizlədib çıxdı. Dedim, yəqin bıçağı götürüb döyüşün ikinci hissəsinə başlamaq fikrindədir. Özümü müdafiə eləmək üçün əlimdə heç nə yox idi, ona görə də, düzü, bir anlığa çaşdım. Əgər gümanım düz olsaydı, məsələ qəlizləşə bilərdi. Fikirləşə-fikirləşə dəhlizə çıxlb əlüzyuyan və məişət otaqlarının yerləşdiyi sağ tərəfə üz tutdum. Bir-neçə addım atmışdım ki, kazarmanın qapısı açıldı - bildim, odur, gəlir. Addımlarımı yeyinlədib məişət otağına girdim, dedim, ütü ordadırsa götürüm - həm özümü müdafiə edərəm, həm də fürsət tapıb çırparam bu əbləhin təpəsinə. Amma... - O, bir anlığa ara verib gülümsədi. - Amma buna ehtiyac olmadı...
Seyfəddin nəyə görəsə yenə susdu. Elə bil sonra deyəcəklərini göz önünə gətirib bir daha ləzzətini yaşamaq istəyirdi.
- Qapı azca aralı idi deyə ütünün dəstəyindən tutub hərəkətlərinə göz qoyurdum. Deməli, gəlib durdu iki qapının arasında, oğrun-oğrun irəli, geri, sağa, sola baxdı ki, görsün içəridə başqa göz yoxdur ki. Sonra əlüzyuyulan otağa girib... - bilərəkdən yenə söhbətinə ara verib soruşdu:
- Səncə, nə elədi?
Ağlıma bir şey gəlmədiyinə görə çiyinlərimi çəkdim.
- Onda deyim, bil. İçəri girib kranlardan birini açdı, sonra bıçağı qoynundan çıxartdı, suyun altında isladıb başladı onunla çəkməsinin, paltarının qanını qaşımağa...
Ani sükutdan sonra siqaret çəkilən yerdə bir gülüş qopdu ki, yəqin balaca qəsəbədə hissəmizin yaxınlığında yerləşən evlərin sakinləri əməllicə diksindilər...
Bu da erməni xislətinin finalı...