Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmi müraciətinə əsasən aprel ayında Füzuli rayonuna köçürülən 153 ailənin, ümumilikdə 599 nəfərin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən növbəti dəfə tibbi müayinələri təşkil olunub.
525.az-a TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, tibbi müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturana daxil olan şəhər və uşaq poliklinikaları, Sumqayıt Tibb Mərkəzi, Gəncə və Şirvan Şəhər Mərkəzi Xəstəxanaları, Abşeron, Yevlax, Şamaxı, Füzuli, Beyləqan və Qazax Rayon Mərkəzi Xəstəxanaları tərəfindən aparılıb.
İşğaldan azad olunan ərazilərə köçürülən əhali üçün kateqoriyalarına uyğun olaraq müvafiq mütəxəssislər, o cümlədən kliniki-laborato və instrumental müayinələr həyata keçiriblər.
Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində və “Böyük Qayıdış” layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunur.
Müayinələrin aparılmasında əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyənləşdirilməsidir.
Qeyd edək ki, indiyədək “Böyük Qayıdış” layihəsi çərçivəsində Füzuli rayonuna ümumilikdə 680 ailə, 2557 nəfər TƏBİB tabeli tibb müəssisələrində tibbi müayinədən keçirilib.