Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında müzakirələrdə çıxış edib.
525.az-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova iclasda sülh, təhlükəsizlik və qanunun aliliyini inkişaf etdirmək üçün parlament diplomatiyasının önəmini diqqətə çatdıraraq bunun gələcəyə dair düşüncələrimizlə sıx bağlı məsələ olduğunu deyib. O, qanunun aliliyinin sülhün və təhlükəsizliyin təmin edilməsi üçün ilk şərt olduğunu qeyd edib. Bildirib ki, bu məsələyə istənilən yanaşmanın əsasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsiplərinə ciddi riayət edilməsi və ayrı-seçkiliyə yol vermədən tətbiqi dayanmalıdır.
Milli Məclisin sədri dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, Parlamentlərarası İttifaqın öz fəaliyyətində və 6-cı Ümumdünya Konfransı çərçivəsində bundan sonra da bu məsələyə diqqət yetirməli olduğunu bildirib.
O, iqlim dəyişikliyi probleminə də toxunaraq bu məsələnin təcili həll edilməli qlobal problemlərdən biri olduğunu deyib. S.Qafarova xatırladıb ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək üçün seçilib və bu ilin noyabrında Bakıda təşkil olunacaq. Onun sözlərinə görə, Azərbaycan bütün tərəfləri cəlb etmək və bütün ölkələri, cəmiyyətləri ümumi məqsəd ətrafında birləşdirmək üçün əlindən gələni edəcək.
Milli Məclisin sədri, həmçinin mayın 17-də Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə Qadın Parlament sədrlərinin də görüşündə iştirak edib. Tədbirdə öncəki sammitlərin nəticələri nəzərdən keçirilib və növbəti sammitə hazırlıq məqsədilə bir sıra təşkilati məsələlər müzakirə edilib.
Çıxışında dünyada gender bərabərliyinin təmin olunması məsələlərində qarşıya çıxan problemlərə diqqət çəkən S.Qafarova deyib ki, gender bərabərliyi mövzusu müxtəlif tədbirlərdə müzakirə olunsa da, hələ də bir çox ölkələrdə bununla bağlı məsələlərin həlli mümkün olmayıb.
Növbəti Sammitdə qadınların ictimai fəallığının artırılması, onların təhsil hüququnun reallaşdırılması, yüksək vəzifələrdə təmsil olunması mövzularının vacibliyini diqqətə çatdıran S.Qafarova, həmçinin qlobal iqlim dəyişikliyi məsələsinin olduqca aktual olduğunu nəzərə alaraq, qadınların bu məsələdə də fəal iştirakının vacibliyini bəyan edib.