Tarixən bir sıra xalqlara qarşı qanlı cinayətlər, soyqırımlar törədən Fransa bu gün də əməllərindən əl çəkmir, özünün kolonial siyasətini davam etdirir. Hazırda fransız Polineziyasında baş verənlər onu deməyə əsas verir ki, dünyaya demokratiya, insan haqları, mədəniyyət dərsi keçən Fransa əslində yumşaq desək, insanlığa zidd, amansız siyasət yürüdür. İllərdir ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında sərvətləri talan edən Fransa, eyni zamanda yüz minlərlə dinc insanı da soyqırıma məruz qoyub.
İndi Yeni Kaledoniya Fransa müstəmləkəsindən qurtulmaq istəyir. Amma Fransa hakimiyyəti bu haqqı tanımaq, öz əməllərindən dərs çıxarmaq əvəzinə bir tərəfdən yerli əhaliyə qarşı cinayətlərini davam etdirir, digər tərəfdən isə günahı Azərbaycanda axtarmağa çalışır. Belə ki, bu ölkənin daxili işlər naziri Jerar Darmanin Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara "müdaxilədə" və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Azərbaycanın Xarici İşlər Nazirliyi isə cavabında bu cür əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edib. Vurğulanıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.
Fransalı nazir həddini aşaraq Azərbaycanı diktatura adlandırıb. XİN-in növbəti bəyanatında isə qeyd edilib ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, islamofobiya və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Rəsmi Bakı Fransadan bu açıqlamaya görə üzr istəməsini tələb edir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərində daha mənfi təsirlərə gətirib çıxaracaq.
Azərbaycan 30 ilə yaxın işğalla, separatizmlə, eyni zamanda dünya birliyinin ədalətsiz mövqeyi ilə üzləşmiş bir dövlət olaraq xalqların əzilməsinə, haqlarının tapdanmasına, azadlıq mücadilələrinin boğulmasına səssiz qalmayaraq öz etirazını bildirir. Bakı Təşəbbüs Qrupunun Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair yaydığı bəyanatda Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi, təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlardan dərin narahatçılıq ifadə olunub. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmağa çağrılıb. Bəyanatda kanak xalqı ilə həmrəylik ifadə olunub, qeyd edilib ki, ədalətli mübarizələrində daima onların yanlarında durmuşuq. Fransa hökumətindən kanak xalqının qərarını nəzərə alınması tələb edilib.
Fransa hökuməti uzun illərdir ki, Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Məqsəd isə haqlı olaraq öz müstəqilliyini tələb edən kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirməkdir. Makron hökuməti öz çirkin hədəflərinə çatmaq üçün Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır.
Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər.
Onlar Fransa hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyətin məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa hökuməti layihəni artıq parlamentin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Fransa hökumətinin demokratik yola deyil, zor gücünə üstünlük verməsi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir.
Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa hökuməti ordunu adaya yeridib. Bunun nəticəsində artıq ölənlər və yüzlərlə yaralı var.
Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətin gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.
Lakin Fransa hökuməti öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb, qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib.
Onu da vurğulayaq ki, kanak xalqının müstəqilliyi uğurunda mübariz aparan kaledoniyalılar yerli seçkiləri silahla deyil, məhz demokratik yolla keçirilmiş seçkilər vasitəsilə udublar. Görünən odur ki, demokratiya beşiyi kimi özün təqdim edən Fransa artıq hərbi müdaxiləyə əl atır, məqsədli şəkildə bura köçürtdüyü tərəfdarlarını hakimiyyətə gətizdirmək, aborigen xalqını azlığa salmaq və onlara hərbi dəstək vermək üçün adaya ordunu daxil edib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzu ilə bağlı "525"ə bildirib ki, baş verənlər təkcə Fransanın deyil, kollektiv Qərbin ikiüzlü siyasətinin nəticəsidir. Yeni Kaledoniyada cərəyan edən hadisələr eramızdan əvvəl deyil, bu gün baş verir. 21-ci əsrdə 10 minlərlə, 100 minlərlə insanın hüquqları açıq şəkildə tapdalanır və bu hüquqları tapdalayan məqamlar konstitusiyaya daxil edilir: "Bu gün konstitusiyadan, insan hüquq və azadlıqlarından car çəkən, özlərini onun vətəni hesab edən Fransa kimi dövlətlər konstitusiyaya mürtəce bir maddə daxil edir. Bu maddə sadə dildə desək, Emmanuel Makronun istədiyi vətəndaşın onun istədiyi kimi Yeni Kaledoniyada səs vermək hüququna malik olmasını nəzərdə tutur. Yeni Kaledoniyada insanların hüquqlarının, xüsusilə də səs hüquqlarının konstitusion qaydada pozulmasına gətirib çıxaran addımlar atırlar. Təbii ki, bu məsələyə Yeni Kaledoniya vətəndaşlarının etiraz etmək hüquqları var, amma Fransa bu etirazı bütün dünyanın gözləri qarşısında boğur, dünya da buna həmişə olduğu kimi səssiz qalır. Çünki bu qanunsuz əməllər, hüquq pozuntuları, beynəlxalq hüququn, dünyada qəbul edilmiş bütün insan hüquq və azadlıqları, demokratiya, xalqların öz müqəddəratını təyinetmə kimi məqamların əks olunduğu sənədlərin tapdalanması deməkdir. Digər dövlətlər də buna ona görə səssiz yanaşırlar ki, bu addımları atan tərəf Avropa İttifaqının üzv dövlətidir. Yəni onların müttəfiqidir. Əks halda, onlar dərhal səfərbər olunacaq, bu məsələdə sanksiyalar, müxtəlif hüquqi, real addımlar atacaqdılar. Amma onların hərəkətə keçməsinə mane olan məqam budur ki, bunu edən Fransadır. Bir müddət əvvəl Azərbaycanın rəsmi dövlət agentliyinin nümayəndəsi bütün sənədlərinin olmasına baxmayaraq, Fransa polisi tərəfindən Yeni Kaledoniyadan qanunsuz olaraq deportasiya edildi. Çünki Fransa cinayətlərinin, hüquqa zidd əməllərinin ifşasından çəkinirdi. Bununla bağlı beynəlxalq insan haqları təşkilatlarından bir reaksiya görmədik. Bu da həmin təşkilatların Fransa kimi dövlətlərin maraqlarına xidmət etmək üçün yaradıldığını göstərdi. Bu gün Cənubi Qafqazın iki dövlətində - Gürcüstanda və Ermənistanda etiraz aksiyaları baş verir. İslandiyanın, Litvanın, Estoniyanın xarici işlər nazirləri Gürcüstanda etiraz aksiyalarına qoşulur. Gürcüstandakı hadisələrlə bağlı kollektiv Qərbin, həmin təşkilatların münasibətlərinə baxaq, yalan məlumatlar tirajlanır. Səbəb də budur ki, etirazlar kollektiv Qərbin dəstəkləmədiyi qanunu qəbul etmək istəyən hökumətə qarşıdır. Ermənistanda isə aksiyalara səssiz, laqeyd qalırlar. Çünki həmin aksiyalar Azərbaycanla sülhə qarşı yönəlib. Deməli, bu qüvvələr Cənubi Qafqazda sülh istəmirlər, qarşıdurma istəyirlər. Necə ki, Yeni Kaledoniyada etiraz edən insanların öldürülməsi ilə bağlı bu gün dünyanın səssizliyinin açıq şəkildə şahidi oluruq".
Politoloqa görə, nə qədər ki, Fransanın bu cinayətləri, qanlı əməlləri, beynəlxalq hüquqa zidd siyasəti dünya tərəfindən pislənilmir, etiraza səbəb olmur, proses bu şəkildə davam edəcək: "Bu da bəşəriyyət, insanlıq üçün bir ləkədir. 21-ci əsrdə insanlığın üz qarası olan prosesdir ki, biz bunun canlı şahidi oluruq. Düşünürəm ki, hər bir halda yekunda bu proses, Yeni Kaledoniya xalqının azadlıq uğrunda apardığı mübarizə uğurlu nəticələnəcək, çünki xalqlar dirəniş göstərəndə, prinsipial və qətiyyətli mövqe ortaya qoyurlarsa, azadlıqları, haqları uğrunda mübarizəyə gedirlərsə, o halda həmin xalqlar mütləq şəkildə qələbə qazanırlar".
çap et