Mayın 14-də Aşqabadda Türkmənistanla Avropa İttifaqı arasında əməkdaşlığın 30 illiyi qeyd edilib. Brüsselin bu tədbirə böyük önəm verməsini göstərən bir neçə məqam var. Birinci məqam ondan ibarətdir ki, Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, finlandiyalı diplomat Teri Hakala tədbirdən bir gün öncə Türkmənistana səfər edib və Brüsselin Mərkəzi Asiya ölkələri, o cümlədən, Türkmənistanla əlaqələri daha inkişaf etdirmək niyyətini açıqlayıb. Əlaqələrin 30-cu ildönümünün qeyd edilməsi tədbirləri çərçivəsində Aşqabadda eyniadlı konfrans keçirilib. Konfransda Türkmənistanın Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov və Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala çıxış ediblər.
Baş nazirin müavini çıxışında vurğulayıb ki, keçmiş prezident, Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun hələ dövlət başçısı olduğu zaman, 2007-ci ildə Brüsselə rəsmi səfəri qarşılıqlı fəaliyyətin inkişafına təkan verib və tərəfdaşlığın əsas istiqamətləri müəyyən edilib. Rəşid Meredov bildirib ki, həmin istiqamətlər hazırkı prezident Sərdar Berdiməhəmmədov üçün prioritet olaraq qalır.
Teri Hakala isə bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya regionunda güclü nüfuza malikdir və burada fəaliyyətini gücləndirmək niyyətindədir. Finlandiyalı diplomat xatırladıb ki, yanvar ayında keçirilən Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Brüssel Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər Nəqliyyat Dəhlizinə 10 milyard avroluq investisiya ayıracağını bəyan edib. Teri Hakala bildirib ki, 10 milyard avro investisiya nəqliyyat dəhlizi ilə yanaşı, enerji dəhlizinin də genişlənməsinə töhfə verəcək.
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Vaşinqton və Brüsselin Mərkəzi Asiya ölkələrinə marağı artıb. Vaşinqton və Brüssel bölgə ölkələrinin Rusiyaya qarşı sanksiyalar rejiminə əməl etmələrini təmin etməyə çalışır. Brüssel isə eyni zamanda Rusiyadan idxal etdiyi xammalı Mərkəzi Asiyadan idxal edəcək mallarla əvəz etməyə çalışır. Bu mənada nəhəng qaz ehtiyatlarına malik Türkmənistan Avropa İttifaqının xüsusi diqqətini çəkir. Trans-Xəzər qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar davam edir və Avropa artıq bu layihənin maliyyələşdirilməsinin mümkün variantlarını nəzərdən keçirir.
Mayın 14-də Türkiyənin energetika naziri Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ankara ilə Bakı arasında qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Türkiyəli nazir deyib ki, bu saziş bir sıra xüsusiyyətlərə malikdir. Müqavilənin mühüm tərəfi Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə tranzitidir. "Azərbaycanla saziş Avropaya, xüsusilə Bolqarıstan və Yunanıstana qaz nəqlinin artırılması üzrə işlərin bir hissəsi kimi imzalanıb. Bu isə o deməkdir ki, türkmən qazı Avropa İttifaqı ölkələrinə gedəcək".
Polşanın Azərbaycandakı səfiri Rafal Poborskinin Aşqabadda keçirilən tədbirdə iştirakı Brüsselə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də ayrı-ayrılıqda Türkmənistanla əlaqələrə üstünlük verdiyini göstərir.
Ekspertlər hesab edir ki, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri gücləndirmək üçün nəzərdə tutulan Trans-Xəzər Nəqliyyat Dəhlizi yüklərin çatdırılma müddətini 15 günə qədər azaldacaq.
Qazaxıstanın davamlı inkişafına xidmət etməli olan TALAP "beyin mərkəzi"nin analitikləri hesab edirlər ki, Rusiyanın Ukraynaya təcavüzü və Qərbin Rusiyaya qarşı sanksiyaları regionda qüvvələr balansını sarsıdıb. Bu proseslər Şimal Dəhlizinin əhəmiyyətini azaldıb və Çini Avropa ilə birləşdirən Orta Dəhlizin dəyərini artırıb. "Bu dəyişikliklər Mərkəzi Asiyada geoiqtisadi ağırlıq mərkəzini dəyişdi. Çin regionun ən böyük ticarət tərəfdaşı kimi Rusiyanı sıxışdırıb. Eyni zamanda, ümumi tendensiya ticarət tərəfdaşlarının diversifikasiyası istiqamətindədir. Mərkəzi Asiya ticarətində Qərbin payı indiki dinamika ilə artmağa davam edəcək".
Rusiyanın Ukraynaya təcavüzündən sonra Qazaxıstan Avropa, Şimali Amerika, Cənub-Şərqi Asiya və Yaxın Şərq bazarlarında öz iştirakını əhəmiyyətli dərəcədə genişləndirib. Bölgənin digər ölkələri, o cümlədən, Türkmənistan da eyni siyasəti aparmağa çalışır. Bütün bunların nəticəsidir ki, Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında əlaqələr nəzərəçarpacaq dərəcədə güclənib. Bölgə ölkələri hər tərəfdən Qərbə düşmən dövlətlər - Əfqanıstan, İran, Çin və Rusiya ilə əhatə olunmaqlarına baxmayaraq, Şimali Amerika və Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə çalışır.
Türkmənistan Avropa İttifaqı ilə enerji sahəsi ilə yanaşı, təhsil və təhlükəsizlik sahəsində də əməkdaşlıq etməyə çalışır. Təhsil sahəsində çox səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən Rəşid Meredov təhlükəsizliyin də vacib sahə olduğunu vurğulayıb. Nazir bildirib ki, Aşqabad təhlükəsizliyin bölünməz olduğuna inanır: "Qlobal təhlükəsizlik, regional təhlükəsizlik və milli təhlükəsizlik bir-biri ilə bağlıdır". Rəşid Meredov həmçinin qeyd edib ki, Türkmənistan üçün bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi vacibdir.
Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hücumundan sonra təhlükəsizlik xüsusi önəm kəsb etməyə başlayıb. Buna görə Aşqabad Avropa İttifaqı ilə bu sahədə də əməkdaşlığı mümkün və vacib hesab etməyə başlayıb. Türkmənistanın Türk Dövlətləri Təşkilatına marağının artması da Aşqabadın təhlükəsizliklə bağlı qayğılarının artması ilə izah olunur. NATO-nun aparıcı üzvlərindən olan Türkiyənin təmsil olunduğu Türk Dövlətləri Təşkilatı son zamanlara kimi Mərkəzi Asiyada əsas təhlükəsizlik çətiri olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müqayisədə daha cəlbedici görünür. Bu, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında iqtisadi və ticari əlaqələrin inkişafına da mühüm töhfə verə bilər.
Aşqabadda Türkmənistanla Avropa İttifaqı arasında əməkdaşlığın 30 illiyinin yüksək səviyyədə qeyd edilməsi onu göstərir ki, Mərkəzi Asiya ölkələrinin prioritetləri sürətlə dəyişir.