100 yaşını 9 may tarixində tamam edən, İkinci Dünya müharibəsi iştirakçısı, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımovun yaşadığı Göyçay rayonunun Xəlitli kəndinə yollandıq... "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, baş redaktorun birinci müavini Yusif Rzayevlə birgə.
Rəşid kişinin külfəti Füzulidən məcburi köçkün kimi çıxandan Xəlitlidə məskunlaşıb... Məqsədim 100 yaşlı qəhrəmandan müsahibə almaq idi və buna nail oldum. Ancaq yolda Yusif müəllimə dedim ki, sualları siz verərsiniz, mən yazaram. Dedi, mən hazır yazının yiyəsiyəm, özün otur, suallarını ver, yaz, gətir, vəssalam...
Görüşəndən az sonra söhbətimizə "Rəşid kişi, müharibədən 79 il ötür..." deyib başlamaq istəyirdim ki, cümləni yanlış qurduğumu yaşına, təcrübəsinə xas ustalıqla anlatdı mənə:
***
- 83 il olar, bala: mən davanın başladığı tarixdən hesablayıram. Dava başlamasaydı, qələbə olardımı?
Yüz faiz haqlıydı Rəşid kişi, ötən 79 il müharibənin yox, qələbənin builki yaşını ifadə edirdi.
- 100 yaşa gəlib çatmısınız, özünüzü necə hiss edirsiniz?
- Görürsən də (Ayağını göstərir)... Canımı müharibəyə tapşırmışam. Sağ ayağımı o zaman itirmişəm, geri qalan illər də sol ayağımı xarab edib. Köçkünlük olmasaydı, hələ lap yaxşı olardım. Ömrüm at belində keçib, o yaylaq sənin, bu qışlaq mənim. O dağları görən, o mühitdə yaşayan adam üçün qəriblik çətindi.
Köçkünlük ağrılarından əvvəl müharibədən söz saldım, yəqin sağ ayağı müharibə yaddaşını korşalmağa qoymayıb...
- Müharibəyə 1941-ci ildə yollanmısınız?
- Yox, 42-də.
- Haralarda olmusunuz?
- Əvvəlcə Moskvaya getdik. Ukraynada, Belorusiyada, Moldovada döyüş yolu keçdim. O illəri çox ağrıyla xatırlayıram. Çətin vaxtlar idi. Arxa cəbhə üçün nə qədər çətin idisə, qanlı savaşın mərkəzində olmaq on qat çox çətin idi. İndi deyirlər, onlar nə uğrunda döyüşüb? Onda SSRİ bizim Vətənimiz idi, biz onu Vətən bilmişdik. Hamı da öz yurdunun adını üstündə daşıyırdı. Deyirdik, vuruşmasaq, "nemes" gəlib Azərbaycanı da tutacaq. Yəni biz də Vətən uğrunda döyüşmüşük.
- Bildiyimə görə, topçu olmusunuz...
- Elədir... Lap əvvəl "katyol"daydım. Gördülər, soğan-kartof kisələrini iki-iki daşıyıram. Topun da mərmisi ağır olur axı. Sonra dedilər, səndən yaxşı topçu olar.
- Geri qayıtmağa gümanınız var idi?
- Sözün düzü, yox. O müharibəni sözlə təsəvvür eləmək mümkün deyil. Elə vəziyyət olur, deyirsən, day axırıdı, burdan o yanası yoxdu. Amma Allah adamı saxlayır... Müharibədə satqınlara da çox rast gəlmişik. Bir komandirimiz var idi. Aramız yaxşı deyildi. Krım tərəfdə onun ucbatından mühasirəyə düşdük. Öz gücümüz hesabına o mühasirədən xilas ola bildik. Sən demə, komandir dediyim bu əclaf satqın imiş. Mənə dedilər, Qasımov, vur bunu, qanı halaldı. Mən vurmadım. Dedilər, yoldaş Stalin tapşırıq verib ki, hansı rütbəli Vətən xainidirsə, əsgər onu məhv edib yerinə keçə bilər. Nə qədər dedilər, güllələ, əlim gəlmədi. Dedim, o özü-özünə zülm elədi, day mən onu niyə vururam... Həmin mühasirədə xüsusi şücaət göstərmişdim. O hadisədən sonra mənə orden verdilər.

- Harda yaralandınız?
- Kerç boğazı deyilən yerdə... Bir də başımızı qaldırdıq ki, göydən bomba yağır, təyyarədən bombalayırlar. Bomba düşəndə səs gələn istiqamətə tullanmalısan. Bəlkə də, düz yerə tullansaydım, yüngül yaralanardım. Bombanın biri sağ qılçamı tutdu. Kürəyimin də bir şaqqası yox kimi bir şeydi. Sol ayağım qəlpədən deşik-deşikdi. Bu, 1943-də olub.
- Evə həmin il qayıtdınız?
- Yox, 1945-də. Həmin vaxta qədər hospitallarda olmuşam. Ayağımı əvvəlcə topuqdan kəsdilər. Sonra gördülər, əmələ gəlmir, dizdən yuxarı kəsdilər. Vəziyyət ağır idi. Yaralılara tövləyə oxşayan bir yerdə baxırdılar. Sonradan məni yaxşı hospitala apardılar. Orda bir yüksək rütbəli zabit müalicə olunurdu. Tibb bacılarından xəbər alıb ki, burda azərbaycanlı var? Həmin gün məni o zabitin palatasına köçürdülər. Dedi ki, azərbaycanlılar müharibədə qəhrəmancasına döyüşürlər, ona görə sizi çox istəyirəm.
- Protez məsələsi necə həll olundu? Bakıda aldınız?
- Qayıdana qədər o işi həll eləmişdim. Protez almaq üçün hospitaldan bildiriş alıb Moskvaya getdim. Protez düzələn yer var, ora yollandım. Qadın bir protez gətirdi. Çox balaca oldu, ağrı verdi, tüstüm təpəmdən çıxdı. Sonra başqasını yoxladıq, böyük oldu. Əlqərəz, uyğun protez tapılmırdı. Gördüm, qapının arxasında bir protez var. Qadına dedim ki, bəlkə, onu yoxlayaq? Dedi, olmaz, o xüsusi sifarişdi, birazdan gəlib aparacaqlar. Elə o tərəfə keçən kimi, həmin protezi keçirtdim qılçama. Elə bil mənim üçün düzəltmişdilər. Qadın hay-haray saldı, oranın müdirini çağırdı. Gördülər, bu protezdən əl çəkən deyiləm. Elə o protezlə də geri qayıtdım.
- Rəşid kişi, səkkiz övlad böyütmək müharibədən asan deyil, yəqin...
- Bilirsən, müqayisə eləmək çətindir. Amma haqqın var, altı oğul, iki qız böyütmək döyüşməkdən asan deyil. Heç qoymadılar gözümü açım. Müharibə qurtaranda - 1945-in 8 avqustunda Füzuliyə gəldim, 15-də evləndirdilər.
- Söhbətin əvvəlində dediniz ki, at belində yaylaqlarda çox olmusunuz. Haralar xatirinizdədir?
- Qərbi Azərbaycan dağları gözümün qabağındadır. Qumarxac, Pəriçınqılı, Qaranlıq dərə, Alaöylülər, Südlübulaq, Qarakeşiş yaylaqlarında olmuşam. Sənə deyim, ermənilər çox kasıb yaşayırdılar. Orda qalan azərbaycanlıların güzaranı yaxşı idi. Bir erməninin həddi yox idi azərbaycanlıya göz ağartsın... Təbiətə də söz ola bilməzdi. Deyirdin, Allah cənnəti elə bu dünya üçün yaradıb. Kəlbəcərlə Laçının arasında Şəlvə dərəsi yaylağı da yadımdadır. İnan Allaha, Laçından Kəlbəcərə keçəndə atın nalı tökülürdü.
- Ay Rəşid kişi, bu ermənilərə birdən-birə nə oldu bəs?
- Heç nə birdən-birə olmur. Əvvəldən də xislətlərində nadürüstlük var idi. Mən ermənini onların özündən də yaxşı tanıyıram. Amma sonradan sonraya, sən demiş, dövranları lap döndü.
- 1993-cü ildə Füzulidən çıxmağınızı necə xatırlayırsınız?
- O gün getsin, gəlməsin. Camaat dişi ilə, dırnağıyla yığdığını qoyub çıxdı. Düz Göyçayacan at sürüb mal-qara gətirmişəm. Füzulinin işğalı mənim sinəmi dağladı. Dünya başıma uçdu, altında qaldım. Heç kimə o dərdi-səri arzulamıram.

- Göyçaya öyrəşə bildinizmi?
- Birtəhər... Nə qədər ağac əkdim, ətrafı yaşıllaşdırdım. Göyçayda tək-tük adam zoğal əkirdi. Bu ətrafda zoğal ağacı görməmişdim. Bir gün bazardan zoğal almışdım. Allah qəni-qəni rəhmət eləsin, yoldaşım zoğalın tumunu töküb həyətə. Günün birində çağırdı ki, ay kişi, göyərtinin arasından nəsə cücərib boy verir. Gördüm ki, zoğaldı. O zoğallar böyüyüb bar verdi. Sonradan başqa yerlərə də əkdim.
- Həyat yoldaşınız da fədakar olub...
- Əlbəttə... Müharibədən qəhrəman kimi qayıtsam da, ayağımın biri yox idi, təkayaq oğlana getməyi kim arzulardı? Sonralar da bütün əzab-əziyyətə qatlaşdı, uşaqları böyütdük, köçkünlük gördük.
- Darıxırsınız?
- Ayrı söhbət elə.
- Füzuli azad olunanda nə hisslər keçirdiniz?
- Sevincimin həddi-hüdudu olmadı. Heç 45-in 9 mayında belə sevinməmişdim. Azərbaycan əsgərinə qurban olum. Kölgəni üstümüzdən götürdülər. Prezidentimizə halal olsun, mərd adamdır. Prezidenti görə bilsəm, deyərəm ki, sağ ol, bizim alnımızı açıq, üzümüzü ağ elədin.
- Kəndiniz abadlaşandan sonra getmək istəyərsiniz?
- Pirəhmədlidən at belində çıxmışdım, ömür vəfa eləsə, sürünə-sürünə geri qayıdaram.
- Sizi yormadım ki?
- Yox, qadan alım, 100 yaşa, xoşbəxt yaşa!
***
Təkcə müharibədə döyüşdüyünə görə yox, həm də 100 yaşı haqladığına görə Rəşid kişiyə qəhrəman demək olar. Bir ayağını müharibəyə verən babamızın o biri ayağı sözünə baxmasa da, yaddaşı aydın, nitqi sərrastdır... Qapıdan içəri girən kimi oğlu, dağ ürəkli Nofəl Qasımovdan xəbər aldım ki, Rəşid kişi Səidin şəhid olduğunu bilir? Razılıq əlaməti kimi başını yellədi. Amma Səidlə bağlı sual verməyə hünərim çatmadı. Mən o sualı Rəşid kişiyə verə bilməzdim. Nofəl Qasımovun da gözlərindən oxuyurdum ki, bu söhbətin üstünə gəlməsək, yaxşı olar. Rəşid kişinin nəvəsi baş leytenant Səid Rəşidzadə 44 günlük Vətən müharibəsində Hadrut yaxınlığındakı Şişqayaya bayraq sancanda şəhid olmuşdu. Rəşid kişidən bu xəbəri gizlətsələr də, televiziyadan hər şeyi öyrənmişdi...
Nədənsə, fikrimə gəldi ki, görəsən, Rəşid kişinin, doğrudan 100 yaşı olur, yoxsa kişinin sağlamlıq vəziyyətini nəzərə alıb bir-iki il o yan-bu yan edilib?.. Ruslar İkinci Dünya müharibəsində iştirak edən şəxslərin arxiv məlumatlarının toplandığı "Pamətğ naroda" ("Xalq yaddaşı") adlı sayt yaradıblar. Həmin sayta daxil olub "Qasimov Raşid Mansim oqlı" yazan kimi məlumatlar ekrana çıxdı və məlum oldu ki, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid kişinin 1924-cü ildə doğulması, müharibəyə Füzuli rayonunun Böyük Pirəhmədli kəndindən yollanması təkcə ətrafındakılara, övladlara, qohum-əqrəbaya bəlli deyil, həm də "Xalq yaddaşı"ndadır. O yaddaş isə Rəşid kişini həmişə yaşadacaq.
çap et