(Əvvəli ötən şənbə sayımızda)
Qəddar hökmdarın dövründə cəzalandırılanlar öz ailə üzvlərindən, qohumlardan və dostlardan, onları qorumaq naminə imtina edir və ya başqa bir eybəcərlikdə ifadə olunan hadisə də baş verir, qəzəbə düçar olmuş ən yaxın adama nifrət yağdırmaq, heç bir əsas olmadan onu ən ağır cinayətlərdə günahlandırmaq praktikaya daxil edilməklə, ümummilli xəstəliyə çevrilir. Sovet adamları bunun bariz nümunəsini 1937-1938-ci illərin repressiya tüğyanı vaxtı görmüşdülər. Repressiya kütləvi çuğulçuluqla müşayiət olunurdu. Stalinin ünvanına donos şəklində 4 milyon ərizə daxil olmuşdu, yerli orqanlara belə müraciətlərin sayı, yəqin ki, həndəsi proqressiya həcmində çox idi. Atasını satan yeniyetmə Pavlik Morozov gur sovet təbliğatı hesabına "milli qəhrəmana" çevrilmişdi.
Bütün xalqı buna sövq etməyin ən yaxşı yolu isə diktaturanın hakim kəsildiyi ölkələrdə televiziya vasitəsilə qurulan qiyabi mühakimə səhnələridir. Burada hər vasitə, ən iyrənc üsul belə kara gəlir. Şəxsiyyəti qəpiyə dəyməyən, bir qarın çörək üçün ən ağılsız alçaqlıqlara hazır olan adamlar seçmə qaydada tapılır və onlara ittiham xarakterli çərənləmək üçün qeyri-məhdud miqdarda vaxt verilir və bu biabırçı səhnə dəfələrlə saatlarla və bəzən bütün gün ərzində televiziya ilə göstərilməklə, əslində, bir neçə gün davam edir.
Təəssüf ki, Qərb mətbuatı teokratik və işğalçı ölkələrdə biabırçı hallara göz yumduğu halda, bəzən Azərbaycandakı siyasi, sosial vəziyyət barədə yanlış, həqiqətdən çox uzaq olan məlumatlar yayır. Bu işdə Avropa ölkələrindəki, xüsusən Fransadakı erməni diasporası Azərbaycana qarşı təfriqə xarakterli fəaliyyətlə aram vermədən məşğul olur. 30 il ərzində ölkəmizin ərazisinin 20 faizi Ermənistan ordusunun işğalı altında olanda, şəhərlərimiz, kəndlərimiz xaraba qoylanda Qərb mətbuatı lallıq xəstəliyindən əziyyət çəkirdi. Azərbaycanda təcavüz nəticəsində 1 milyon nəfərə qədər qaçqın və məcburi köçkün meydana gəldikdə. Avropa jurnalistləri kütləvi şəkildə daltonizmə tutulduğundan, bunları görmürdü, daha doğrusu, görmək istəmirdi. Ermənistan ordusu məğlub edildikdən, Azərbaycan ərazisindən qovulduqdan və separatizmin kökü kəsildikdən sonra ölkəmizə böhtan atılması kampaniyasına başlanmışdır. Təəssüf ki, bu çirkin işdə bəzi beynəlxalq təşkilatlar da iştirak edir. Məsələn, Avropa Parlament Assambleyası həqiqətə göz yumaraq, işğalçı Ermənistanı "göyərçinə" döndərdiyi halda, Azərbaycanın guya təcavüzə hazırlaşdığı barədə saxta bəyanatla çıxış edir. Lakin bütün cəhdlərə baxmayaraq, ölkə rəhbərliyini öz xalqının gözündən salmaq mümkün deyildir. Bunu növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi. İlham Əliyevə verilən səslərlə müqayisədə, digər altı namizəd vur-tut 7 faizdən azacıq artıq səs topladı. Xalq, Qərb təbliğatçılarının hay-küyünə məhəl qoymadı, öz iradəsi ilə səsini inam bəslədiyi namizədə, 20 illik prezidentliyi dövründə özünü hərtərəfli cəhətdən doğrultmuş İlham Əliyevə verdi.
İmperatorlar nəhayət ölümə məhkum edilir. Linkolnun alicənablığı
Bizim eranın I əsrində Avqust müstəsna olmaqla Roma imperatorlarının çoxu hakimiyyətdən məhz zorla öldürülmək və ya özünü öldürməyə məcbur edilməklə vidalaşmışdı. Bəzi hökmdarlar, siyasi xadimlər isə əylənmək istədikdə həyatla vidalaşmalı olmuşdu. Üç Fransa kralının atası olan kral II Henri məşqdə nizə yarasından, XIX əsrin birinci yarısında Böyük Britaniyanın Baş naziri olmuş Robert Pil isə atdan yıxılıb ölmüşdü. Ümumiyyətlə, tarixdə dövlət başçılarının qətlə yetirilməsi təkcə qədim dövrlərə və Orta əsrlərə aid olmayıb, Yeni Tarixdə də tez-tez baş vermişdir. Amerikanın ən məşhur prezidentlərindən biri olan Abraham Linkoln 1865-ci ildə teatrda sui-qəsd nəticəsində həlak olmuşdu. Bu adam quldarlığın ən qatı düşməni olmaqla, adamlara münasibətdə də mülayimliyi və yumşaqlığı ilə seçilirdi. Deyl Karneginin yazdığına görə, bir dəfə şimallıların generalı Medin səhvi ucbatından, Cənub qoşunlarına təslimdən qaçıb qurtarmağa imkan verildiyinə görə müharibə xeyli uzanmışdı, əslində iki il əvvəl başa çata bilərdi və beləliklə, nisbətən az insan qanı tökülərdi. Abraham Linkoln bir prezident kimi Medə azacıq məzəmmət ifadə edən bir məktub yazır, lakin generalın özü-özünü qınadığını nəzərə alaraq, o, məktubu göndərməkdən də imtina edir. Prezidentin ölümündən sonra bu ünvana göndərilməmiş məktub onun masasının gözündən tapılmışdır. Belə xeyirxah, alicənab insana isə Cənub ştatlarının quldarlıq tərəfdarları düşmən kəsilmişdilər. Onun qatili olan teatr aktyoru Con Uilkis But məhz Amerikada quldarlığı əbədiləşdirmək istəyən və Vətəndaş müharibəsində ağır məğlubiyyətə düçar olmuş cənubluların marginal hissəsinin sifarişi ilə hərəkət etmişdi.
Bundan təqribən bir əsr sonra Amerikanın Dallas şəhərində (Texas ştatı) ən gənc, istedadlı və çox populyar prezident olan Con Kennedi 1963-cü ilin noyabrında snayper gülləsi ilə açıq maşında gedərkən öldürüldü və onun başı yanında oturmuş gənc və gözəl xanımı Jaklinin qucağına düşdü. Bu hadisədən beş il sonra isə mərhum prezidentin kiçik qardaşı Robert Kennedi prezidentliyə namizəd kimi öz seçkiqabağı kampaniyasını apararkən mehmanxanada öldürüldü. Ondan bir qədər əvvəl, elə həmin 1968-ci ilin başlanğıcında ABŞ-da afroamerikanların hüquqlarının məşhur müdafiəçisi, istedadlı natiq Martin Lyuter Kiinqə qəsd edilmiş və o öldürülmüşdü. Sonralar isə Çili prezidenti Salvador Alyende xalqın mənafeyi naminə islahatlar aparacağı qorxusuna görə faşizmə yaxın olan sağçı mühafizəkarlardan ibarət olan qiyamçıların və general Pinoçetin tərəfdarları tərəfindən öldürüldü, Hindistanın baş nazirləri olmuş ana İndira Qandi 1984-cü ildə, bir neçə il sonra isə oğul Raciv Qandi sui-qəsdlərin qurbanı oldular. Axı Hind xalqının məşhur lideri Mahatma Qandi də 1948-ci ildə fanatik hindus tərəfindən qətlə yetirilmişdi. ən sakit ölkə sayılan İsveçdə Baş nazir Ulof Palme kinodan qayıdarkən küçənin ortasında güllə ilə qətlə yetirildi. Misirin prezidenti Ənvər Sadat Kemp-Deviddə israillilərlə sülh müqaviləsi bağladıqdan bir az sonra Milli bayram günü hərbi paradı qəbul edərkən qiyamçı hərbçilər tərəfindən öldürüldü. 1995-ci ilin sonunda isə qətl bu dəfə İsraildə baş verdi. Radikal millətçilər Fələstinlə bağlanan sülh müqaviləsini bunun təşəbbüskarına bağışlamadılar və Baş nazir İsxak Rabini mitinq başa çatdıqda qətlə yetirdilər.
İnkvizisiyanın törətdiyi bəlalar
XIII əsrdə başlayan və bir neçə əsr davam edən katolik kilsəsinin icad etdiyi inkvizisiya deyilən məhkəmə - polis idarəsi yaranmışdı ki, bunun da əsas vəzifəsi "kafirlərə" qarşı mübarizə aparmaq olmuşdu. Mühakimənin gedişi gizli aparılır, işgəncə tətbiq edilməklə müşayiət olunurdu. "Kafir" kimi ittiham olunanlar, adətən, tonqalda yandırılmağa məhkum edilirdi. İnkvizisiya xüsusən, İspaniyada azğınlıq edirdi. Bu inkvizisiyanın çox quduz rəhbərlərindən biri Tomas Torkvemada XV əsrin sonunda İspaniyanın böyük inkvizitoru olmuş, minlərlə günahsız adamın qətlinə hökm vermişdi. Amerikanın kəşf edildiyi 1492-ci ildə o, sonuncu müsəlman sakinlərlə birlikdə yəhudilərin də İspaniyadan qovulmasının təşəbbüskarı olmuşdu. İnkvizisiyanın dəhşətli mənzərələri bədii əsərlərdə, kinofilmlərdə geniş təsvir etmişdir. İstənilən adam xristian dininə hörmətsizlikdə günahlandırılıb, bu məhkəmənin caynaqlarına verilə bilərdi. Bunun üçün elə bir böyük sübut da tələb olunmurdu. Kiminsə çuğulluğu əsasında istənilən adam dinə qarşı çıxışlarda və ya dini ehkamları düzgün izah etməməkdə təqsirləndirilirdi.
Məhkəmə lap başlanğıcdan şəxsiyyəti, ləyaqəti alçaltmaqla, müttəhimin mənliyini öldürməyə, onun müqavimətini bütünlüklə qırmağa müvəffəq olurdu. Müttəhimin başına çox uzun konusvari qalpaq qoyulurdu və hətta ən ucaboylu adam da bu qalpağın altında cırtdan kimi görünürdü. Hökmün əsasını ittiham təşkil edirdi, müttəhimin özünü müdafiəsi ya nəzərə alınmırdı, yaxud da bundan onun əleyhinə istifadə olunurdu. Bu dövrdə istənilən adamla haqq-hesabı çürütmək, qisas almaq olduqca asan idi. Bu barədə inkvizisiyaya uydurulmuş bir məlumat vermək, çuğulluq etmək kifayət idi. Axı başda Torkvemada olduqda aşağıda minlərlə kiçik torkvemadalar yaranır və onlarda ümumi atmosferin təsiri altında görünməmiş qan hərisliyi, başqalarını bədbəxt etməkdən razılıq hissləri yaranır və belə alçaq hisslər cəmiyyətdə aparıcı mövqe tutur, hökmran rol oynayır. Hamı heç olmasa onun da iştirakı ilə bir damla əlavə qanın tökülməsinə can atır ki, qoy dinin mühafizəsinə onun da töhfəsi qeyd edilsin, ümumi hesaba daxil olsun. İnkvizisiya qarşısında dayanmış adamın qohumlarını və dostlarını da hər cür təhlükə gözləyirdi. Ən görkəmli yazıçılar da təqib edilirdi. Böyük dramaturq Lope de Veqa təqiblərdən güclə yaxasını qurtarmışdı. Yəhudi qızı ilə dostluq etmək, sevişmək hər bir ispan üçün autodafe ilə nəticələnə bilərdi.
Bədbəxtlikdən, bütün bu dəhşətli eybəcərliklərin əsasında heç kəsi incitməyən, bəşəriyyətin günahlarına görə özünü qurban verən İisus Xristin "yaxşı bar gətirməyən ağacı kəsib oda atırlar" kimi sözləri guya ədalətin zəfəri, dinin banisinin göstərişi kimi qələmə verilirdi. Kütləvi təqiblər və qırğınlar üçün belə rəhmdil və xeyirxah insanın - Allah oğlunun sözləri ideoloji əsas kimi qiymətləndirilirdi. Amma sadəlövh olmaq lazım deyil, bu quduzluğu əsaslandırmaq üçün başqa sözlər də tapa bilərdilər. Fransa mütəfəkkirlərindən birinin, Volterin dediyi kimi: "Əgər Allah olmasaydı, insanlar onu uydurardılar". Hər bir hərəkətə don geyindirmək lazım olanda o, hökmən tapılır. Hitler özünün qaniçən siyasətini xalqa təlqin etmək üçün, onun əvvəlki müharibədə - I Dünya müharibəsində təslim olduqdan sonra alçaldılmış, tapdanmış ləyaqətinə müraciət etdi və güclü əks-səda tapdı. İndi hakimiyyəti qoruyub saxlamaq üçün leksikada olan bütün sözlərdən - istiqlaliyyat, azadlıq, demokratiya, xalqın birliyi, xalqın, dövlətin mənafeyi, onun qorunma zəruriyyəti və sairə istifadə edilir. Hər oyunda, hər gedişdə atılan zərin üzü dəyişir, təki oyunu davam etdirmək mümkün olsun.
İisusla bağlı ibrətamiz əhvalatlar
Dörd apostolunun qələmə aldığı "İncil"də ("Yevangeliyada") İususun ana bətninə düşməsindən ölənə və yenidən dirilib Göyə qalxmasına qədər bütün hadisələr ardıcıllıqla təsvir edilir. Burada ibrətamiz əhvalatlar və pritçalar da geniş yer tutur. İncildə İisus Xristin maraqlı möcüzələri, onun pritçaları, həm də onun ölümünün acı səhnələri əks olunmuşdur. Matfeyin İncilindəki zinakarlıq etmək barədə onun ibrətamiz hekayəsi çox maraqlıdır: Sən eşitmisən ki, deyilmişdir: "Zinakarlıq etmə". Ancaq mən isə sizə deyirəm ki, kim qadına şəhvətlə baxsa, o, öz ürəyində onunla zinakarlıq etmiş olur. Əgər sənin sağ gözün səni günaha istiqamətləndirirsə, onu çıxar at, çünki sənin üçün yaxşıdır ki, sən bədəninin bir hissəsini itirəsən, nəinki bütün bədənin cəhənnəmə atılsın. Əgər sənin sağ qolun səni günaha batırırsa, onu kəs at, çünki sənin üçün yaxşıdır ki, bədənin bir hissəsini itirəsən, nəinki bütün bədənin cəhənnəmə atılsın.
( Ardı var)