525.Az

Fransa "demokratiyasının" gerçək üzü - Yeni Kaledoniya


 

DEPUTAT MÜŞFİQ CƏFƏROV: "KEÇMİŞİ QƏTLİAMLARLA ZƏNGİN OLAN RƏSMİ PARİS, GÖRÜNÜR, NÖVBƏTİ SOYQIRIMA İMZA ATMAQ NİYYƏTİNDƏDİR"

Fransa "demokratiyasının" gerçək üzü - <b style="color:red"> Yeni Kaledoniya</b>

Yeni Kaledoniyada Fransanın müstəmləkəçi siyasəti əleyhinə etirazlar davam edir. Yerli kanak xalqı Fransanın müstəmləkəçiliyindən xilas olmaq uğrunda mübarizə aparır, öz azadlığını tələb edir.

Yeni Kaledoniyanın Fransaya heç bir aidiyyəti yoxdur. Paris illərdir ki, dənizaşırı ərazilərdə xalqların azadlıq, müstəqillik səslərini boğur, cinayətlər törədir, eyni zamanda bölgənin təbii sərvətlərini talan edir.

Məlumat üçün bildirək ki, Yeni Kaledoniya zəngin sərvətlərə malikdir. Fransa illərdir ki, ərazidəki nikel, ağac, xrom, mis və s. sərvətləri talayır, əvəzində isə yerli əhali yoxsul vəziyyətdə yaşayır. Parisin kolonial, talançı siyasətini göz önünə gətirdikdə "niyə Yeni Kaledoniya Fransanın müstəmləkəsi olmalıdır?" kimi haqlı suallar yaranır. Yuxarıda qeyd etdiyimiz kimi, bu ərazinin Fransa ilə hər hansı bağlantısı yoxdur. Birincisi, Yeni Kaledoniya Fransadan 17 min kilometr aralıda -Sakit okeanda yerləşir. Sahəsi 18,6 min kvadratkilometr, əhalisi isə 270 min nəfərdir. Bu adalar qrupu 1774-cü ildə dövrünün tanınmış ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub. Fransa 1853-cü ildə Yeni Kaledoniyanı özünün ərazisi elan edib.

Yeni Kaledoniya xalqı tarix boyu istismarçılıqla razılaşmayaraq öz etirazını bildirib. Paris məcbur qalaraq 1946-cı ildə Yeni Kaledoniyanı Fransanın "xaricdəki ərazisi", 1998-ci ildə isə "xüsusi statusu" olan "xaricdəki ərazisi" elan edilib. Adada Fransanın hərbi hissələri də yerləşir.

Hazırda Yeni Kaledoniyada etirazların daha da güclənməsinə səbəb həm də Fransanın Konstitusiyaya düzəlişlər edilməsi təklifidir. Kanak xalqı Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsini yolverilməz hesab edir. Bu, eyni zamanda 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə ziddir. Qeyd edilən sazişə əsasən, Fransa əraziyə daha çox siyasi muxtariyyət verməyə razılaşıb.

Parisin qəbul etdirməyə çalışdığı dəyişiklik isə səsvermə hüququ ilə bağlıdır. Belə ki, hazırda Yeni Kaledoniyada yerli seçkilərdə yalnız 1988-ci ilə qədər orada məskunlaşan insanlar səs verə bilərlər. Yeni layihəyə əsasən isə hökumət burada anadan olan və ya ən azı 10 il müddətində yaşayan şəxslərə səs vermək hüququnu vermək istəyir. Dəyişiklik olacağı təqdirdə 40 min nəfərə qədər əlavə insan səs vermək hüququnu əldə edəcək. Həmin şəxslərin mütləq çoxluğu Fransadan sonradan köçürülənlər və müstəqilliyin əleyhdarlarıdır. Deməli, Paris hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa və kanak xalqının müstəqillik uğrunda mübarizəsini boğmağa çalışır.

Onu da vurğulayaq ki, Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransanın ordunu adaya yeritməsi nəticəsində 10-a yaxın insan ölüb, 200-dən çox yaralı var. Eyni zamanda həbslər həyata keçirilib. Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətin gizlətmək üçün Tik-Tok sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.

Fransa öz mənfur əməllərinə son qoymaq, səhvlərini anlamaq, ondan nəticə çıxarmaq əvəzinə, kənarda günahkar axtarır. Bu ölkənin daxili işlər naziri yerli mediaya müsahibəsində Yeni Kaledoniyadakı hadisələrə Azərbaycanın "müdaxiləsi" olması kimi əsassız iddia irəli sürüb. Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları qəti şəkildə rədd edib.

Bakı yalnız hüquqları açıq şəkildə pozulan, haqsızlığa məruz qalan insanlara öz dəstəyini ifadə edir. Bakı Təşəbbüs Qrupu bəyan edib ki, Azərbaycan Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.

Milli Məclisin deputatı Müşfiq Cəfərov mövzu ilə bağlı bildirib ki, Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir: "Bunun nəticəsidir ki, dənizaşırı ərazilərdən olan Yeni Kaledoniyada gərginlik pik həddə çatıb. Dəfələrlə polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Bu toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edirlər. Polislə nümayişçilər arasında olan toqquşmalar zamanı yaralananlar da var. Adada bir müddətdir davam edən etiraz aksiyaları son günlər şiddətli toqquşmalara çevrilib. Kanak xalqına ikili standartlar tətbiq edən, assimilyasiya siyasəti yeridən Parisin bu yanaşmasına dünya susur".

Deputat qeyd edib ki, Azərbaycan Fransadan fərqli olaraq, separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də, soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq" deyib.

Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə edir, səsverməni saxtalaşdırır. Son addım isə gələcəkdə adanın Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların nəticəsinə təsir etmək məqsədi daşıyır.

Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımının bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışır. Keçmişi qətliamlarla zəngin olan rəsmi Paris, görünür, növbəti soyqırıma imza atmaq niyyətindədir. Hesab edirəm, ki, beynəlxalq təşkilatlar Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir".

 

 





21.05.2024    çap et  çap et