|
|
|
|
Gülnar Nazimqızı, jurnalist:
- Tağı Əhmədovun neçə illərdir xəstəlikdən əziyyət çəkdiyini hamı bilir. Onun yenidən o cür xəstə durumda fotosunu paylaşmaq xəbər yox, İP yığmaq üçün əxlaqa zidd hərəkətdir...
Nofəl Qasımov, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı:
- Bakı Avropa liseyinin şagirdi Emil Səid Stem Co beynəlxalq riyaziyyat olimpiadasının qızıl medalına layiq görülüb və Sinqapur ümumdünya final mərhələsində iştirak hüququ qazanıb. Ürəkdən təbriklər.
44 günlük vətən müharibəsindən sonra Emilin atası, hamının tanıdığı, idman jurnalisti Anar Şabanoğlu mənə müraciət etdi, oğlum Səid Rəşidzadənin adını ailəsinə soyad götürmək istədiyini bildirdi, dedim, ürəkdən istəyirsənsə, olsun və oldu. Bu gün Emilin uğurunu eşitdim və qəlbən sevindim, Allah qorusun.
İnşallah qəhrəman şəhidimiz Səid Rəşidzadənin adını, Emil bəy Sinqapurda da yüksəkliyə qaldırar. Necə ki Səid bayrağımızı Hadrut yüksəkliyinə sancdı.
Elxan Şahinoğlu, politoloq:
- Erməni keşiş Baqrat Qalstanyan bir neçə müxalif partiya lideri ilə qapalı görüş keçirdikdən sonra ilk dəfə baş nazirliyə iddiasını səsləndirib. Keşişin sözlərinə görə, partiya liderləri onun namizədliyini dəstəkləməyə hazırdılar. Ancaq keşiş bunun üçün katolikosun razılığının alınması gərəkliyini bildirib.
Əslində keşişlə görüşən müxalifət nümayəndələri Baqrat Qalstanyanı xərcləməyə qərar veriblər. Müxalifət liderləri bilirlər ki, əgər onlar Nikol Paşinyanı devirə bilmədilərsə, keşişdə də bu alınmayacaq, sadəcə indi özləri irəli çıxa bilmədiklərinə din xadimini irəli sürüblər. Din xadiminin hakimiyyət arzusu Ermənistanı orta əsrlərə sürükləyir. Keşiş katolikosu pis vəziyyətdə qoyacaq. Katolikos sözdə siyasətə qarışmadığını bildirir, ancaq əgər o nümayəndəsinə baş naziri devirməklə bağlı xeyir-dua versə, hökumətlə qarşıdurmaya gedəcək. Belə olan halda Nikol Paşinyan kilsənin maliyyəsini azaldacaq.
Seymur Verdizadə, jurnalist:
- Eynəyim evdə qalmışdı. Təsadüfən əlim dəyib "Melisa qroup"a mesaj göndərmişəm. Mənə təmirli (şirkətin necə təmir etdiyi məlumdur) mənzil təklif edirlər.
Sahəsi: 47,1 kv m
İlkin ödəniş: 13300 AZN
Aylıq ödəniş: 999 AZN
20 il müddətinə.
Bilirsiniz, neçə manat edir?
Əziyyət çəkməyin, yazıram: 239760 AZN
Bunun da üstünə ilkin ödənişi - 13300 AZN gələk. Edir: 253060 AZN
Xidmət haqqını, sığorta haqqını və digər süni ödənişləri nəzərə almasaq, 1 kv. metr 6172 manata düşür.
Bunun adı soyğunçuluqdur!
Asif Nərimanlı, jurnalist:
- Fransanın "Europe 1" radiosu Yeni Kaledoniyada baş verənlərin arxasında Azərbaycan xüsusi xidmət orqanlarının dayandığına dair iddialar irəli sürüb. İddia edirlər ki, Fransa kəşfiyyatı 2023-cü ildə Bakının Numeada planlaşdırdığı əməliyyatın (?) qarşısını alıb.
Bu iddiaların Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın günahlandırılması məqsədi daşıdığı bəllidir və Makron Administrasiyası öz yanlış addımlarını ört-basdır etmək üçün informasiya resursları üzərindən məsələyə "geosiyasi don" geyindirir. Lakin Azərbaycan və Fransa arasında kəşfiyyat müharibəsinin getdiyi də bəllidir.
Bu ilin fevralında Dövlət Təhlükəsizlik Xidməti Fransa kəşfiyyatının Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan casus şəbəkəsini ifşa etmişdi. Bu uğursuzluq Makron Administrasiyası daxilində ciddi problemlərə səbəb olmuşdu. İstisna deyil ki, indi "Fransa kəşfiyyatı Bakının Numeada hazırladığı əməliyyatın qarşısını alıb" iddiası təkcə baş verənlərə görə Azərbaycanı ittiham etmək yox, həm də "kəşfiyyat məğlubiyyəti"ni ictimai rəydə sığortalamaq məqsədi daşıyır.
Azərbaycan kəşfiyyatının Fransa kimi bir ölkənin kəşfiyyatını "informasiya təbliğatına" əl atmaq məcburiyyətində qoyması da ciddi uğurdur.
Anar Qasımov, sosial şəbəkə istifadəçisi:
- İnsanoğlu tarix boyu bu qədər narazı şəkildə yaşamayıb. Əslində, yoxsulluq səviyyəsi də tarix boyu olduğundan daha aşağı göstəricidədir. Əski vaxtlarda bir kimsə duz-çörək tapanda şükür içində olurdu və həm də divarları qapqara daxmalarda, komalarda xoşbəxtcəsinə yaşayırdılar. Bəs bu gün gözəl ev-eşik, yaxşı bir minik sahibi olanların, hətta normal bir maaşlı işə sahib insanların daha xoşbəxt olmamasının səbəbi nədir? Səbəb iki amillə bağlıdır. Birincisi, artıq yoxsulluq anlayışı dəyişib, insanlar süfrədə bir neçə nemət istəyir, ən bahalı evlər, maşınlar, telefonlar arzusundadırlar. İkinci və ən əsas amilsə ədalətsiz düzənlə bağlıdır. İnsanlar zənginliklərin qeyri-bərabər paylanmasına, 5-10 milyarderin dünya gəlirlərinin 70-80 faizinə malik olmasına, bu insanların qalanlarını qul kimi işlətmələrinə etiraz edirlər. Bu etiraz çox hallarda səssiz olduğundan cəmiyyətdə insanlar psixi travmalara məruz qalırlar, bütün bunlar da onları tarixin, bəlkə də, ən xoşbəxt olmayan cəmiyyət üzvləri edir.
Elxan Yurdoğlu, şair:
- "525-ci qəzet"də Xalq yazıçısı Elçinin "Mir Cəfər Bağırov kimi idi?" başlıqlı silsilə yazıları gedir. Elçinin dili o qədər rahat oxunur ki, çox ciddi və qarışıq, bir o qədər də təzadlı şəxsiyyət, həmçinin təzadlı dövrü müəyyən qədər həzm eləmək üçün bu yazılarda çoxlu faktlar, nüanslar, elə təzadların özü var. Elçin tam bitərəf mövqedə dayanaraq hadisələri öz prizmasından baxaraq həm o dövrün, həm də bu günün baxış bucağından təhlil edir, təsvir edir, tədqiq edir.
Ümumiyyətlə son illərdə bu tipli tarixi xarakterli, memuar tipli əsərlər, yazılar xüsusi marağımı çəkir.
"Mir Cəfər Bağırov kim idi?" silsilə yazılarında təkcə Mir Qəzəbi yox, o dövrün siyasi liderlərini, onların qurbanlarını, bir-birinin güdazına gedənləri, qısacası, çox insanları, mövqeləri, məqamları öyrənmək olur. Fikirlərim çoxdur... Amma... "Kaş, doktor sağ olaydı, diz çöküb, ondan üzr istəyəydim"... Siyasi məsəl...
Elxan Şükürlü, politoloq:
- Müqəddəs İmam Rza (ə) hərəminin qoruyucu xidmətçilərindən olan Seyid İbrahim Rəisi ilə bağlı İmamın doğum günündə yaşanan bu müəmmalı helikopter qəzası İranın bundan sonrakı mistik siyasi həyatının həm açarına, həm də ən böyük əfsanələrindən birinə çevriləcək.
İlahi qədərdə belə bir mübarək gündə ölümün də, qəzadan qurtuluşun da öz hikməti, öz gözəlliyi var: ölüm onu öz şərəfli soyundan, kökündən olan, uzun illər xidmətində durduğu o möhtəşəm Şəxsiyyətə qovuşduracaq, qəzadan sağ-salamat qurtuluş isə yenidən doğuluş olmaqla, daha böyük xidmətlər üçün önündə yüksəliş qapılarını açacaq!
Əgər İran prezidenti Seyid İbrahim Rəisi helikopter qəzasından sağ çıxsa, əminəm ki, Seyid Əli Xameneyidən sonrakı dini liderliyə ən real namizəd sayılacaq!
...Bu gün İran və Azərbaycan prezidentləri Araz çayı üzərindən bütün dünyaya tarixin təkərini çevirəcək o qədər gözəl mesajlar veriblər ki, bu qəza o görüş və mesajları hər iki ölkənin, xalqın xoşbəxt gələcəyinə də çevirə, iki dost, qardaş ölkənin əbədi düşmənçiliyinə çalışanlara yeni fürsətlər də aça bilər!
...Allah bizi çəkildiyimiz fitnələrdən qorusun, bizə hiylə quranları öz hiyləsiylə məyus və zəlil etsin, düşmənlərimizə isə sevinmək fürsəti verməsin!
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Aviasiya Təhlükəsizliyi Şəbəkəsi İran prezidentinin qəzaya uğrayan helikopterinin Amerika istehsalı Bell 412 olduğunu təsdiqləyib.
İranın birinci şəxsinin 50 il bundan öncə, İran şahı Rza Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır.
Bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb, güman ki, İran da elə o zamanlar bunu alıb.
ABŞ sanksiyaları səbəbindən güman etmək olar ki, İran bu helikopterləri, necə deyərlər, öz daxili resursları hesabına təmir edib istifadəyə yararlı vəziyyətə gətirirmiş.
İran prezidentinin əvvəllər daxili səfərlər üçün Rusiya istehsalı olan Mi-171 helokopterindən istifadə etməsi haqqında da xeyli məlumatlar açıqlanıb. Məhz bu səbəbdən əvvəlcə qəzanın bu helikopterdə olması məlumatları yayılmışdı.
Xatırladıram ki, Azərbaycanın Hərbi Hava Quvvələri də ən müasir, Bell 412 helikopterlərinə malikdir, hərbi paradlarda nümayiş olunub.
Xatırlayıram ki, o zaman Azərbaycan bu helikopterləri alanda düşmənlərimiz xeyli hay-küy salmışdılar.
Bəlkə də İran prezidenti Azərbaycanın da bu helikopterə sahib olmasını nəzərə alaraq Mi-171-ə deyil, köhnə model Bell 412-ə üstünlük verib.
Nigar Sabirqızı, jurnalist:
- İran prezidentinin ölümü regionda əlavə gərginlik deməkdir. Dünəndən İran və Ermənistanın bəzi teleqram kanalları hadisəni Azərbaycanla əlaqələndirməyə çalışır. Azərbaycanın düşmənlərinə bir səbəb lazım idi. İndi bu vəziyyətdən konsprioloji nəzəriyyələrlə istifadə etməyə çalışanlar olacaq. İran-Azərbaycan münasibətləri yeni düzəlməyə başlamışdı. Dünən Prezidentimiz də dedi ki, İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir. İndi bu şərti pozmaq istəyənlər olacaq. Hamıya məlumdur ki, İranda başlar çoxdur. İran prezidenti və ya XİN bizə qarşı heç vaxt SEPAH qədər sərt bəyanatlar verməyib. Onların ölümü heç yerinə düşmədi. Bu qəza tez bir zamanda unudulmayacaq. Allah ölkəmizi qorusun!