|
|
|
|
Mingəçevir şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Təmiz Ölkəm” adlı aksiya təşkil olunub.
525.az xəbər verir ki, tədbir şəhər ərazisində ətraf mühitin məişət və digər xarakterli tullantılarla çirkləndirilməsinə qarşı mübarizə xarakteri daşıyıb. Həmçinin yerlərdə məişət tullantıların düzgün idarə edilməsi üsulları üzrə əhalinin maarifləndirilməsi, ətraf mühitin mühafizəsi işinə vətəndaşların münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məsələləri də aksiyanın əsas hədəfləri sırasında olub.
Mingəçevir su anbarının ətrafında təmizlik və səliqə-sahman işləri üzrə aparılan aksiyaya şəhər İcra Hakimiyyətinin, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, 5 nömrəli Magistiral Yolların İstismarı MMC-nin əməkdaşları, eləcə də xeyli sayda ekokönüllülər iştirak ediblər.
İməcilik iştirakçıları tərəfindən təkcə bir gün ərzində əraziyə səpələnmiş 672 kiloqram müxtəlif xarakerli tullantılar yığılıb, çeşidlənib və maşınlara yüklənərək zibil poliqonuna daşınıb.
Zakir Muradov,
Gəncə - Mingəçevir