|
|
|
|
Çin Xalq Respublikasında səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin sədri cənab Liu Jenfanq ilə görüşüb.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Çin dəmir yolları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Rövşən Rüstəmov hər iki ölkənin ali rəhbərliyinin görüşləri zamanı Orta Dəhlizlə bağlı müzakirələri xatırladaraq Azərbaycan və Çin arasında müxtəlif sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatı sahəsində də əlaqələrin genişləndiyini vurğulayıb.
Söhbət zamanı ADY nümayəndə heyəti Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi layihələr, yeni reallıqlar və imkanlar barədə geniş təqdimatla çıxış edib. Təqdimatda ADY-nin cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 faiz artdığı, Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 60 blok qatarın yola salındığı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımaların bərpa edildiyi və onun yükburaxma qabiliyyətinin artıq illik 5 milyon tona çatdırılması barədə məlumat verilib.
Tərəflər Orta Dəhlizin rəqabət və yükdaşıma qabiliyyətini artırmaq üçün Çin tərəfinin dəmir yolu ilə tranzit daşımaların və Azərbaycan ərazisindən keçən tranzit marşrutu üzrə daşımaların subsidiyalaşdırılması haqqında fikir mübadiləsi aparıb. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğunu bildirilib.
Yekun olaraq Orta Dəhlizdə mövcud olan çətinliklər və onların aradan qaldırılması üzrə atılacaq birgə addımlar barədə ətraflı müzakirələr aparılıb.