525.Az

Azərbaycan-İran münasibətlərində yeni mərhələ


 

Azərbaycan-İran münasibətlərində yeni mərhələ<b style="color:red"></b>

Azərbaycanla İran arasında münasibətlərdə yeni mərhələ başlamaqdadır. Mayın 19-da Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız qalası" hidroqovşağının açılışı iki ölkənin əməkdaşlığının inkişafında mühüm bir hadisədir. Bu, bir daha onu göstərir ki, münasibətlərdə zaman-zaman hansısa problemlər, gərginliklər yaransa da, tarixi bağlara, yaxın qonşuluq əlaqələrinə malik olan iki dövlət bu problemləri dəf etmək və irəli baxmaq iqtidarındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran dövlət sərhədində görüşləri və verilən bəyanatlar bir daha onu göstərdi ki, həqiqətən də Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan-İran sərhədi dostluq sərhədidir. Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir.

Qeyd edək ki, Vətən müharibəsi ilə işğal altında olmuş Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi azad olundu, bununla da Azərbaycan-İran sərhədi tam bərpa edildi.

Təəssüf ki, mayın 19-da baş tutmuş belə əhəmiyyətli tədbirdən sonra məlum helikopter qəzası baş verdi. Helikopterin qəzaya uğraması nəticəsində İran Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən şəxslər faciəli şəkildə həlak oldular.

Prezident İlham Əliyev İranın dövlət başçısının olduğu helikopterin qəza enişi etməsi ilə bağlı xəbərlərin yayılmasından dərhal sonra X sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edərək narahatlığını ifadə etdi: "Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır".

Təəssüf ki, mayın 20-də helikopterdə olan bütün heyətin - Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digərlərinin həlak olmaları rəsmi şəkildə təsdiqləndi.

Prezident İlham Əliyev dost və qardaş İran xalqına üz vermiş ağır itki ilə əlaqədar İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı məktubu ünvanladı. Dövlət başçısı eyni zamanda, dünən İranın ölkəmizdəki səfirliyində olub və helikopter qəzası ilə bağlı başsağlığı verib.

Həmçinin, ictimaiyyət nümayəndələri səfirliyin qarşısında yaradılmış güşəni ziyarət edərək, həlak olanların xatirəsini yad edir, gül dəstələri, əklillər qoyurlar. 

Azərbaycan-İran sərhədində verilmiş mesajlar, bəyanatlar iki ölkənin əməkdaşlığının dostcasına davam edəcəyini göstərir.

Yada salaq ki, Araz çayı üzərində inşa edilən "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən, hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə "AzərEnerji" ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda "Xudafərin" su anbarında 503 milyon kubmetr, "Qız Qalası" su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Prezident İlham Əliyev layihənin açılışının əhəmiyyətini qeyd edərək deyib: "Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür".

Dövlət başçısı İran-Azərbaycan əlaqələrinin gələcək inkişafını çox müsbət adlandırıb. Prezident vurğulayıb ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır: "Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik".

Prezident Seyid İbrahim Rəisi isə Araz çayının hər zaman İran və Azərbaycan, xalqlarımız arasında bağ olduğunu vurğulayaraq, İranın Azərbaycanla olan əlaqəsinin qonşuluq əlaqəsindən daha üstün olduğunu söyləyib. Deyib ki, bu, qohumluq əlaqəsidir: "Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir. Təbii ki, bu əlaqə bizim ölkələrin tarixə dayanan əlaqəsi olaraq xalqlarımızı bir-birinə birləşdirir".

Qeyd edək ki, yaxın günlərdə Azərbaycanın İrandakı səfirliyi də fəaliyyətini bərpa edəcək. Görünən odur ki, yuxarıda qeyd etdiyimiz kimi, iki ölkənin münasibətlərində yeni mərhələ başlayır. Prezident İlham Əliyevin söylədiyi kimi, İran-Azərbaycan əlaqələri bölgəmizdə həm də sabitliyin önəmli şərtidir.

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı deyib ki, Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti kimi öz milli maraqlarını rəhbər tutaraq, qonşu dövlətlərlə münasibətlərin inkişafında hər zaman maraqlı olub və mütəmadi olaraq da bu münasibətlərin inkişafı ilə bağlı yeni tendensiyaları müşahidə edirik, çünki hər zaman pozitiv mövqedəyik.

O bildirib ki, bu konteksdə cənub qonşumuz İran İslam Respublikası ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir: "Çünki məsələnin təkcə siyasi, iqtisadi yox, eyni zamanda tarixi yönü var. Nəzərə almaq lazımdır ki, Azərbaycan və İran xalqları əsrlərdir ki qarşılıqlı təmasdadırlar, sosial-mədəni mübadilə yüz illərdir ki, özünü göstərir.

Cari ilin 19 may tarixində Azərbaycan və İran prezidentlərinin görüşü baş tutdu və dövlət başçıları Araz çayı üzərində "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı mərasimində iştirak etdilər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, İran bu kimi layihələrdə dünyanın aparıcı dövlətlərindəndir və bu dövlətin təcrübəsindən faydalanmaq Azərbaycanın İranla münasibətlərə və onun mövcud təcrübəsinə olan hörmətin və hörmət amilinə əsaslanan yanaşmanın təzahürüdür.

Azərbaycan dövlət başçısı bildirdi ki, bu layihə Arazın hər iki sahilini birləşdirən rəmzi layihədir. Əslində Araz çayı üzərindəki bu görüşün özü belə mühümdür. Çünki regionda hazırda qlobal siyasi maraqların toqquşması Cənubi Qafqazın ümumi təhlükəsizlik mühiti üçün təhdid amilini ortaya çıxararkən, bu kimi görüşlər iki qonşu dövlətin ortaq fikirliliyini və qarşılıqlı münasibətlərin inkişafına olan xüsusi diqqəti bir daha təsdiq edir. İran prezidentinin "iki ölkə arasında qəlbən və tarixi bağlılığı var" fikri də bu dediklərimizi təsdiq edir".

Deputat deyib ki, Prezident İlham Əliyev Arazın İran tərəfindəki yaşayış obyektlərini işarə edərək, yaxın zamanda Arazın Azərbaycan tərəfində də mülki həyatın, yaşayış obyektlərinin olacağına vurğu etdi: "Bu vurğunu bir dəvət olaraq da qəbul etmək mümkündür ki, yəni Azərbaycan Qarabağı bütövlükdə azad etdi və yaxın zamanda mülki həyatın geri qayıtması, işğaldan azad edilmiş torpaqların bütövlükdə Azərbaycanın digər rayonlarına inteqrasiyası, xüsusilə də sosial inteqrasiyası üçün son dərəcə qərarlıdır və bu, yeni geosiyası reallıqların mühüm parçasıdır. İranda zaman-zaman erməniyönümlü səslərin özünü göstərdiyini nəzərə alsaq, bu İran üçün ona görə dəvət xarakterlidir ki, İran mövcud geosiyasi reallıqlarla barışsın və Azərbaycanla münasibətlərində bu amili nəzərə alsın.

Nəticə olaraq qeyd etmək istərdim ki, bu kimi layihələr təkcə 2 dövlət arasında enerji, kənd təsərrüfatı, içməli su problemi kimi yox, eyni zamanda siyasi, sosial konteksdən dəyərləndirilməlidir. Çünki hər iki dövlət başçısının xüsusilə vurğuladığı kimi, Azərbaycan və İran xalqları qonşu və qardaş xalqlardır və bu münasibətlər uzun tarixi köklərə gedir çıxır. Bu nöqteyi-nəzərdən, atılan addımlar və həyata keçirilən layihələr eyni zamanda iki dövlət arasındakı münasibətlərin inkişafını hədəfləməkdədir"

 

 





22.05.2024    çap et  çap et