525.Az

Vaşinqtondan Tiflisə kökə və kötək təklifi


 

Vaşinqtondan Tiflisə kökə və kötək təklifi<b style="color:red"></b>

Çin-Rusiya yönümlü siyasət aparmaqda ittiham olunan "Gürcü arzusu" hökumətinin "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul etmək cəhdi Tiflislə Qərb tərəfdaşları arasında münasibətləri qırılma nöqtəsinə gətirib. Vaşinqtonun Tiflisə son təklifi də bunu göstərir. Kökə və kötək təklifi kimi dəyərləndirilən yanaşmaya görə, ABŞ demokratiyanın bərpası müqabilində Gürcüstana "Güzəştli ticarət rejimi", "Amerika bazarlarına çıxışın yaxşılaşdırılması", "vizanın liberallaşdırılması", "Rusiya təcavüzünə qarşı ərazi müdafiəsi üçün ideal olan təhlükəsizlik və müdafiə avadanlığının təminatı daxil olmaqla hərbi dəstək paketi" verməyi təklif edir. Bunun müqabilində Gürcüstan "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməkdən imtina etməli, antiqərb ritorikasından əl çəkməlidir.

Əgər "Gürcü arzusu" hökuməti ABŞ-nin təklifini qəbul etməsə, o zaman Vaşinqton tərəfindən "Gürcü arzusu"ndan olan siyasətçilərə və onların ailələrinə qarşı sərt sanksiyalar tətbiq olunacaq. Bütün bunlar Konqresə təqdim olunan MEGOBARI Aktı adlı qanun layihəsində nəzərdə tutulub.

"Gürcü arzusu" hökumətinin mövqeyini dəyişməsi ehtimalı isə çox aşağıdır. Gürcüstan hökumətinin təmsilçiləri iddia edir ki, son illər Qərb fondları qeyri-hökumət təşkilatları və media vasitəsilə gizli şəkildə Gürcüstanda inqilab hazırlayır. "Xarici təsirin şəffaflığı haqqında" qanun da bu siyasi sui-qəsdi ifşa etmək üçün lazımdır. Baş nazir İrakli Kobaxidze bildirib ki, qanun qüvvəyə mindikdən sonra "Gürcüstanda vəziyyət uzun müddət sakitləşəcək" və qütbləşmə aradan qalxacaq. Çox maraqlıdır ki, İrakli Kobaxidze özü bir zamanlar Corc Sorosun "Açıq cəmiyyət" Fondunda çalışıb. Gürcüstanın hakim partiyasında siyasətdən əvvəl Qərbin fondları ilə yaxından əməkdaşlıq etmiş çoxlu şəxs var. Bir zamanlar Qərbin fondları ilə yaxından əməkdaşlıq edən, onların Gürcüstandakı layihələrini həyata keçirən şəxslər indi "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul edib, qeyri-hökumət təşkilatlarının maliyyələşməsini nəzarətləri altına almaq istəyir. Çox böyük ehtimalla, ABŞ-nin kökə və kötək təklifi "Gürcü arzusu" partiyasında parçalanmaya səbəb olacaq. Çünki "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbuluna səs vermiş 84 deputatın hamısı özünün və ailə üzvlərinin sanksiyaya məruz qalmasını istəməyəcək.

Əgər gələn həftə həmin 84 nəfər prezidentin vetosunu dəf edərək "Xarici təsirin şəffaflığı haqqında" qanunun qüvvəyə minməsinə səs versə, Vaşinqton kötəyini işə salacaq. Bu isə qanunun qəbuluna qarşı olan Gürcüstan cəmiyyətini hökumətə qarşı daha qətiyyətlə çıxış etməyə sövq edəcək. Bütün bunlar isə onu deməyə imkan verir ki, hakim "Gürcü arzusu"nun mövqeləri çox zəifdir və hakimiyyəti itirmək təhlükəsi artıb. Əgər "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvili ciddi siyasi addımlar atıb siyasi böhranın dərinləşməsinin qarşısını almasa, İrakli Kobaxidzenin Baş nazir olduğu hökumət proseslərə nəzarəti itirəcək. Gürcüstanda proseslər o qədər sürətlə hərəkət edir ki, bir həftə sonra nələrin olacağını proqnozlaşdırmaq çox çətindir.

 





22.05.2024    çap et  çap et