525.Az

Ukrayna Krımı azad etməyə hazırlaşır - Xa­qa­ni Cəfərli yazır


 

Ukrayna Krımı azad etməyə hazırlaşır - <b style="color:red"> Xa­qa­ni Cəfərli yazır</b>

Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindən 150 mil, təxminən 240 km cənubda, Rusiyanın nəzarətində olan Krımın Sevastopol limanına bir gecədə endirdiyi zərbə nəticəsində "Kovrovets" minaaxtaran gəmisini məhv etməsi rəsmi Kiyevin yarımada ilə bağlı hansısa niyyətlərinin olduğu qəaətini yaradır. Çünki bu hadisədən tam iki həftə əvvəl, mayın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəyəri 60 milyon dollardan artıq olan "Sergey Kotov" gəmisini zərərsizləşdirməyə nail olmuşdu. Rusiya Müdafiə Nazirliyi belə xəbərləri təkzib etdiyi kimi, "Kovrovets" minaaxtaran gəmisinin də məhv edildiyini təkzib etməyə çalışdı. Ukrayna Müdafiə Nazirliyi isə X sosial şəbəkəsi hesabından "Kovrovets"in vurulduğunu təsdiqləyən fotoşəkilləri yayıb. Bu proses informasiya müharibəsinin tərkib hissəsi olsa da, müşahidəçilər Ukraynanın Krımla bağlı hansısa planlarının dövriyyədə olduğunu düşünməyə başlayıblar. Çünki Ukrayna Rusiyanın "İvanovets" raket gəmisi və "Sezar Kunikov" hərbi desant gəmisi kimi gəmilərini zərərsizləşdirəndə bunu özünümüdafiə strategiyasının tərkibi kimi dəyərləndirmək mümkün idi. Son zamanlar Ukrayna Silahlı Qüvvələri Rusiyanın minaaxtaran gəmilərini və sürətli qayıqlarını məhv etməyə başlayıb. Bu isə o deməkdir ki, Ukrayna artıq müdafiədən hücuma keçmək ərəfəsindədir. Bu qənaəti yaradan başqa bir məqam Ukraynanın Krımdakı hava hücumundan müdafiə sistemlərinə və hərbi hava limanlarına hücumunu artırmasıdır.

May ayı ərzində Ukraynanın əsas hədəfinin Krımdakı hava hücumundan müdafiə sistemlərinin və hərbi hava limanlarının olduğu yayılan məlumatlardan aydın görünür. Mayın 13-də səhər saatlarında Krıma raket hücumu nəticəsində Rusiya Silahlı Qüvvələrinin 3-cü Radiotexnika Alayının Ay-Petri dağında yerləşən hava hücumundan müdafiə hərbi bazası zədələnib. Ukrayna tərəfi açılamasa da, hücumda Britaniya istehsalı olan "Storm Shadow" raketlərindən istifadə edildiyi güman edilir. Ay-Petri dağında hələ sovet dönəmindən Uzaq Məsafəli Kəşfiyyat və Hava Hücumundan Müdafiə üçün Radiotexnika Mərkəzi mövcud idi. Krımın ilhaqından əvvəl burada Ukraynanın radiotezlik batalyonu yerləşdirilmişdi. Krım ilhaq edildikdən sonra Rusiya ərazidə hərbi şəhərcik tikib.

Mayın 15-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Krımdakı Belbek hərbi hava limanına hücum edib. Bu hava limanı Sevastopol yaxınlığındadır və orada 4-cü Qvardiya Hava Hücumundan Müdafiə Ordusunun 38-ci Qırıcı Aviasiya Alayı yerləşir. Ehtimal edilir ki, Ukrayna tərəfi bu hücumda Amerikanın ATACMS raketlərindən istifadə edib. Rusiya Müdafiə Nazirliyi Krım üzərində beş ATACMS-nin məhv edildiyini bildirib. Sevastopolun Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvozjayev də hücumun dəf olunduğunu, mülki infrastrukturun zədələnmədiyini qeyd edib.

Krım türklərinin qurduğu "Atəş" partizan hərəkatı isə məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələri Su-27, Su-30 və MiQ-31 təyyarələri üçün raketlərin saxlandığı Belbekin əsas artilleriya anbarını vurub. Bundan əlavə, partlama nəticəsində hava limanın infrastrukturunun xeyli dərəcədə zədələndiyi də partizanların yaydığı məlumatlar arasındadır. İnternetdə yayılan görüntülər də hava limanı və hərbi bazada yanğınların olduğunu təsdiqləyir. Rusiyanın hərbi müxbirlərinin bir çoxu da Ukrayna Silahlı Qüvvələrinin hava limanına və onun ətrafına ATACMS raketləri ilə zərbələr endirdiyini təsdiqləyiblər.

"New York Times"ın araşdırmaçı jurnalisti Kristian Triebert tərəfindən yayımlanan son peyk şəkillərində hərbi təyyarələrin park edildiyi ərazidə yanğının izləri var. Kristian Triebertin məlumatına görə, iki MiQ-31 və bir Su-27 təyyarəsi tamamilə məhv edilib, bir MiQ-29 təyyarəsi isə zədələnib.

Çox maraqlıdır ki, rusiyalı hərbi müxbirlər təkrar hücumdan bəhs edirlər ki, bu da bir gün ərzidə Ukraynanın ATACMS-dən istifadə edərək iki dəfə hücum etdiyini təsdiqləyir. Mayın 15-də günün sonunda edilən ikinci hücum nəticəsidə uçuş-enmə zolağı və təyyarələrin dayanacağı ərazisində üç yanğın baş verib. Yanğın peyk görüntülərində qeydə alınıb. Peyk görüntülərindən aydın olur ki, ATACMS raketləri ərazidəki S-400 hava hücumundan müdafiə sistemini, iki MiQ-31 təyyarəsini və yanacaq-sürtkü materialları anbarını vurub. İki nəfər rus hərbçisi həlak olub, daha 13 nəfər isə yaralanıb.

May ayı ərzində Ukrayna Silahlı Qüvvələrinin Krıma dəniz dronları və pilotsuz uçuş aparatları vasitəsilə hücumları da kəskin artıb. Dron hücumu nəticəsində Sevastopolda yarımstansiya zədələnib və elektrik enerjisi kəsilib. Qubernator Mixail Razvozjaev bütün məktəblərdə, orta ixtisas təhsili müəssisələrində və uşaq bağçalarında dərslərin ləğvi barədə göstəriş verib.

Aydın görünür ki, Ukrayna Silahlı Qüvvələri də Krıma hücum etmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərindən istifadə edir. Bu bahalı silahlardan istifadə təsadüfi ola bilməz. Belə qənaət yaranır ki, Ukrayna Silahlı Qüvvələri Krımdakı hava limanları və hava hücumundan müdafiə sistemlərini dağıtmaqla hansısa planını həyata keçirməyə çalışır. Bu isə Krımın azad edilməsinə hazırlıq əməliyyatı ola bilər. Qara dənizdə minaaxtaran gəmilərin və sürətli qayıqların, Krım ərazsindəki hava limanları və hava hücumundan müdafiə sistemlərinin məhv edilməsidən sonra Krım körpüsünün də dağıdılması ilə Rusiyanın yarımadadakı hərbi əməliyyatlara dəstək vermək imkanı qalmayacaq. Ukrayna isə yaxın zamanlarda Qərbdən alacağı dördüncü nəsil F-16 qırıcı təyyarələri ilə hava üstünlüyü saxlamaqla yarımadanın azad olunması ilə bağlı uğurlu əməliyyat keçirmək imkanı qazanacaq. Kiyevdə hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı müdaxiləsi Krımda başlayıb, Krımda da qurtarmalıdır. Əgər Ukrayna Krımın azad edilməsi və yaxud da Rusiyanın nəzarətidən çıxarılmasına nail olsa, bu, hərbi təsirdən daha çox siyasi nəticə doğuracaq. Ukraynanın əsas diqqəti Donetsk və Luqanska deyil, Krıma yönəltməsi belə qənaət yaradır ki, Kiyev Rusiyanı ən zəif yerindən vurmağa hazırlaşır.

 





23.05.2024    çap et  çap et