525.Az

"Onlar bizim bu kiçik dünyamızın böyük insanlarıdır"


 

"ŞƏHİD AİLƏLƏRİNİ TANIDIQCA, QƏHRƏMANLARIMIZIN KEÇDİYİ HƏYAT YOLUNA NƏZƏR SALDIQCA, DÜNYA MƏNƏ ÇOX KİÇİK GÖRÜNDÜ"

"Onlar bizim bu kiçik dünyamızın böyük insanlarıdır"<b style="color:red"></b>

Sosial şəbəkələrin maraqlı tərəflərindən biri də vaxtından, zamanından asılı olmayaraq, müxtəlif səpkili məlumatları istifadəçinin qarşısına çıxarmasıdır. Bir müddət öncə "AzərTac"ın ötən ilin sonunda yaydığı bir yazı ilə qarşılaşdım. Marağıma səbəb olan başlıq yazını oxumağa vadar etdi və məlumatda artıq mənə tanış olan bir ad diqqətimi çəkdi. Çünki iki ay öncə bir həmsöhbət müsahibəsində həmin adı vurğulamışdı. Həmin adın sahibi Azərbaycan əsilli Türkiyə rəssamı, Atatürkün portretini ilk çəkənlərdən biri İbrahim Safi idi. Amma bu dəfə onun haqqında yazılan bir kitabın Stokholmda təqdimatının keçirilməsi, həm müəllifi, həm də onun qəhrəmanını yaxından tanımaq istəyi məni çox maraqlı bir insanla tanış etdi. Və bu tanışlığın arxasında maraqlı olduğu qədər də, zəhmətkeş, Vətənini, xüsusən milli-mənəvi dəyərlərin təbliğinə görə dünyanın istənilən nöqtəsinə getməkdən belə, usanmayan azərbaycanlı bir xanım dayanmışdı. Bunları isə iki saatlıq ünsiyyətimizdən sonra öyrəndim. Onunla əlaqə yaratmaq o qədər də çətin olmadı. Bu gün dəyərli oxucularımızı ictimaiyyətdə kifayət qədər tanınan, 9 kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı alim, yazar, "Milli mədəniyyətin təbliği" İctimai Birliyinin sədri Jalə Cəfərova ilə görüş gözləyir.

- İlk növbədə özüm sizi tanımaq istədim...

- Elə isə özümü yazarlar aləmində tanınan bir imza ilə tanıdım. Mən maraqlı və çətin həyat yolu keçən,  indiki Bakı Dövlət Universitetində ilk açılan Jurnalistika fakültəsinin həvəsinə Naxçıvanda ali təhsilini yarımçıq buraxaraq paytaxta gələn və arzusuna çatan, jurnalist, şair, yazıçı-publisist Cavad Cavadlının qızıyam.

- Deməli, ot kökü üstündə bitib...

- Dediyiniz həmin kökə o qədər minnətdaram ki... O, mənə milli-mənəvi dəyərlərimizi tanıdıb və sevdirib. 5 yaşından əlimdən tutaraq məni teatrla tanış edib. Elə tamaşa yox idi ki, onu görməyim. Böyüdükcə tamaşaların repertuarı da dəyişirdi. Mən Şəfiqə Məmmədova və Mehdi Məmmədovun iştirakı ilə "Xəyyam" tamaşasına o qədər baxmışdım ki, əsəri başdan-ayağa əzbər bilirdim. İki göz otağımız vardı. Ayda bir-iki dəfə qələm əhli bizə toplaşardı. O kiçik evdə mən Məmməd Arazı, Xəlil Rza Ulutürkü, Turan Cavidi görmüşəm. Yaşayıb gördüklərimin hamısı müsbət tərəfdən həyatıma sirayət edib. Və nə yaxşı o, mənim atam olub.

- Onda qələm öz işini kiçik yaşlarınızdan görüb...

- Hələ orta məktəbdən kiçik şeirlər yazırdım, amma heç kimə göstərmirdim. Tələbə vaxtı bir şeir yazdım. Rəfiqəm həmin şeiri götürdü və institutun divar qəzetinə verdilər. Sevgi haqqında şeir idi. Tələbələr arasında yayıldı ki, Jalə şeir yazır. Elə o vaxtdan söz verdim ki, heç kəsə yazdığımı göstərməyəcəyəm. İnstitutun böyük tədbirləri haqqında yazardım və o zaman "Azərbaycan müəllimi" qəzetində çalışan atam həmin yazıları orada dərc etdirərdi. Belə-belə imzam görünməyə başladı. Zamanla bir neçə mətbu orqanında çalışdım. Hazırda yazılarım "Bakı xəbər" qəzetində işıq üzü görür. Amma bir xüsusiyyətimi də deyim, yazdıqlarımı özümdə daha çox saxlayıram. Buna görə atam həmişə məni danlayardı ki, bu nə vərdişdir səndə, yazırsan-yazırsan, lakin özündən başqa kimsənin bundan xəbəri olmur. Atam dünyasını dəyişəndən sonra sanki bir əl məni silkələdi. Necə deyərlər, əlimdə-ovcumda gizlətdiklərimi həm atamın xatirəsinə, həm həyat yoldaşımın yubileyinə hədiyyə olaraq, "Unutmadıqlarım" adlı ilk kitabımı çıxardım. Həmin kitabda Barat Şəkinskaya, Hamlet Xanızadə  haqqında yazılar, Cavad Heyət, Azad Mirzəcanzadə, Elmira Rəhimova ilə müsahibələrimə də yer ayırdım. Bununla sanki bir ata vəsiyyətinə əməl etmiş kimi oldum və həmin kompleksi qıra bildim. Bir həvəskar kimi mahnılarım da var. Onlardan yalnız Elçibəyin xatirəsinə həsr etdiyim mahnını Flora Kərimova ifa edib və bir də şəhidlərimiz ruhuha ehtiramla andığım bir mahnı səslənib. Sonra təbiətimə yad olan bir halla qarşılaşdığımdan bəstələrimi üzə çıxarmağıma qadağa qoydum.

- Amma ilk kitabınız axarlı oldu...

- Bəli, axarlı oldu, lakin ikinci kitab mövzu olaraq həmişə aktual olaraq qalsa da, çox ağır, həssas, kövrək notlara söykənib. "Əbədi yaşayanlar" adlanan bu kitab 8 igid şəhid kəşfiyyatçı haqqındadır. Onlar haqqında doğmalarının, döyüş yoldaşlarının xatirələrini ürəkağrısı ilə toplayıb kitabı ərsəyə gətirmişəm. Bu kitabın türk versiyası "Yeddi şəhid bir şahid" adı altında üçüncü çap məhsulum oldu. Şəhidlər haqqında daha bir kitabım "Kiçik dünyanın böyük insanları" adlanır ki, orada da I Qarabağ savaşından 20 nəfər, Vətən müharibəsindən 9 nəfər şəhid haqqında məlumatlar var. Bütün şəhid ailələrini bir-bir gəzərək, onları tanımağa və tanıtmağa çalışmışam. Bu kitabın adı ilə bağlı mənə tez-tez suallar verirlər. Mən şəhid ailələrini tanıdıqca, onları tanıyanların vasitəsilə bu qəhrəmanlarımızın keçdiyi həyat yoluna nəzər saldıqca, bu dünya mənə çox kiçik görsəndi. Məhz onlar bizim bu kiçik dünyamızın böyük insanlarıdır. Sonrakı üç kitab - "Rəngləri danışdıran adam", "Rəngləri solmayan rəsmlər" və "İşıq adam" kitabları əslən Naxçıvandan olsa da, türk rəssamı kimi tanınan İbrahim Safiyə həsr olunub. "Səni belə xatırladıq" kitabı böyük, fədai, deyərdim ki, şəhid sənətkar Hamlet Xanızadəyə ithaf etmişəm. Yaxınlarının, ailə üzvlərinin, sənət dostlarının onların xatirəsində yaşayan sənətkar haqqındakı söhbətləri, eyni zamanda öz düşüncələrim kitabda toplanıb. "Dünyanı yaxşılar gözəlləşdirir" adlı sonuncu kitab türk dünyasının sufi şairi, mütəfəkkiri Yunis Əmrə haqqındadır.

- Keçək əsas mətləbə, yəni sizi axtarıb tapmağa təkan verən İbrahim Safi adına...

- Ən əvvəl İbrahim Safi  azərbaycanlıdır. Daha sonra onun milli-mənəvi dəyərimiz olub da, bu gün bizə aid edilməməyi, Azərbaycan rəssamı kimi tanınmaması mənə çox ağır gəldi. Dünyasını dəyişənə qədər onun kimlik sənədində: "Qafqazlardan gələn" kəlməsi yazılmışdı. Təkcə azərbaycanlılar idimi Qafqazdan gələn? Bu, gürcü də ola bilər, o üzdəniraqlardan da. Həmin iki kəlmə içimi o qədər tərpəddi ki... İbrahim Safi əslən Naxçıvandandır, türkdür və bunu hamı belə də qəbul etməlidir. Məhz bu fakt məni bir həmyerlimin tədqiqatçısına çevirdi. İbrahim Safi  bu gün adı çəkilən tanınmış Azərbaycan rəssamlarının cərgəsində dayanmağa layiq olanlardan biridir. İbrahim Safi Atatürkün portretini naturadan çəkən sənətkar olub. 2019-cu ilin aprel ayının sonunda ilk dəfə onun haqqında eşitdim və o vaxtdan başlanan tədqiqat və araşdırmalarım bu günə qədər davam edir.

- Və nəticədə İbrahim Safiyə üç kitab həsr etmisiniz...

- "Rəngləri danışdıran adam" adlı ilk kitab ən böyüyüdür və 3 dildə çap olunub. İkinci kitab İbrahim Safinin Avropa həyatından bəhs edir. Fransaya, Almaniyaya, Yunanıstana getdim. Orada araşdırma və tədqiqatlarımı davam etdirdim, çünki üst-üstə 13 il İbrahim Safi bu ölkələrdə yaşayıb. Orada rəssam haqqında yazılan məqalələri topladım, auksionlarda onun əsərlərinin satıldığının şahidi olduğumdan, bütün bunları "Rəngləri solmayan rəsmlər" adlı kitaba daxil etdim. "İşıq adam" kitabında isə rəssamın özü haqqında dünya və eləcə də, bizdə yazılan məqalələr, ilk kitabım haqqında deyilən fikirlər öz əksini tapıb.

- Bildiyimə görə, İbrahim Safi 85 yaşında dünyasını dəyişib. Amma siz onun yaxından tanıyanlarla da görüşüb söhbətləşmisiniz...

- Mən qısa da olsa İbrahim Safi haqqında məlumat vermək istərdim, bəlkə oxucular arasında bu adı ilk dəfə eşidənlər ola bilər.

- Buyurun...

- İbrahim Safi Şərur rayonunun indiki Cəlilkənd kəndində anadan olub. İrəvanda Müəllimlər Seminariyasında, daha sonra Rusiyada təhsilini davam etdirib. 1918-ci ildə daşnakların törətdiyi vəhşiliklərin şahidi olduğundan könüllü olaraq Qafqaz İslam Ordusuna qoşulur və rusların müdaxiləsindən sonra Nuru paşanın dəstəsilə birlikdə Vətənini tərk edir, çünki artıq burada incidiləcəyini bilirdi. Həqiqətən də İbrahim Safinin tək ailəsi deyil, qohumları da ondan sonra çox əziyyətlər çəkdi. O zaman 20 yaşlı gənc olan İbrahim Safi rəssam Naci Terzinin emalatxanasına öyrənci kimi daxil olub, oradan rəssam olaraq çıxıb. Onu da qeyd edim ki, onun əsl adı Rəhman olub. 1923-cü ildə adlarla bağlı Atatürkün məlum qərarından sonra İbrahim adını götürüb.

- Qayıdaq əvvəlki suala...

- Elə ilk görüşdüyüm insan da Naci Terzi oldu. İxtiyar yaşlarında olan bu insan məni məmnuniyyətlə qəbul etdi. Özü bolşevik rejimindən qaçaraq Türkiyəyə gəlmiş və ömrünün böyük hissəsini İzmirdə yaşayıb. Gözəl rəssam, kolleksioner olan Naci Terzi İbrahimin ən yaxın dostlarından biri olub. O, söhbətilə İbrahim Safinin bir portretini yaratdı mənim üçün. Bir türkçü, bir turançını tanıdım. Daha sonra Türkiyə yəhudilərindən olan və İstanbulda yaşayan yazar-jurnalist Moşe Qrosmanla görüşdüm. İlk dəfə İbrahim Safidən müsahibə alan bu jurnalistin, rəssam sonra portretini də çəkib. Nəhayət İbrahim Safinin 60 illik dostu, şair, rəssam, kolleksioner Həbib Geraz sonuncu müsahibim oldu. Həbib Geraz yeganə adam idi ki, son illər İbrahim Safinin əlləri titrədiyindən onun yerinə imza atarmış. Bu insan da ötən il dünyasını dəyişdi.

- Kifayət qədər məhsuldar araşdırmalar aparmısınız...

- Həm mənəvi dəyərlərinə vurğun, həm qarşısına qoyduğu məqsədə nail olmağı bacaran biri kimi düşünürəm ki, işimi uğurla tamamladım, kitab üç dildə çap olundu. İlk təqdimat Bakıda keçirildi. Daha sonra İstanbulda, Almaniyada, Polşada, Fransada, Stokholmda "Rəngləri danışdıran adam" kitabının təqdimatları oldu, eyni zamanda bölgələrimizdə. Onu da vurğulayım ki, bu kitabla yanaşı, eyni adlı 1 saatlıq film də çəkilib və sosial şəbəkədə maraqla qarşılanıb. Ötən ilin yayında rəssamın 125 illiyini rəsmi qurumların, ictimaiyyətin iştirakı ilə İbrahim Safinin doğma məmləkəti Naxçıvanda yüksək səviyyədə qeyd etdik. Bu yolda yanımda olan, qapılarını üzümə açan 15 nəfərə rəhbərlik etdiyim "Milli Mədəniyyətimizin Təbliği" İctimai Birliyinin mükafatını təqdim etmişəm. Mən çox xoşbəxtəm ki, İbrahim Safi adının, yaradıcılığının ilk tədqiqatçısı, onun haqqında yazılan ilk kitabın müəllifiyəm. Tez-tez müxtəlif ölkələrə tədbirlərə dəvətlər alıram və harada oluramsa, Vətənimin mədəni irsini, milli-mənəvi dəyərlərini təbliğ etməkdən usanmıram. Üstəlik də, bütün bu tədbirlərə qalib bir ölkənin vətəndaşı olaraq qatılmaq möhtəşəm bir hissdir. Araşdırmalarım da, tədqiqatlarım da davam edir və gördüyüm işlərdə bir amalım var - Vətənim, Millətim, Xalqım.

Tamilla M-zadə

 





22.05.2024    çap et  çap et