525.Az

"Gedəndə də qalır Adam..."


 

O QALANLARDAN BİRİNİ - XALQ YAZIÇISI MÖVLUD SÜLEYMANLINI ANARKƏN...

"Gedəndə də qalır Adam..."<b style="color:red"></b>

...Ədəbi yaradıcılığa şeirlə başlamışdı. 1969-cu ildə "Gənclik" nəşriyyatında Mövlud Balakişiyev imzası ilə işıq üzü görən "Bir ünvan" adlı yarpaq boyda ilk kitabı da elə şeirlər toplusu idi.

Sonralar bir-birindən sanballı, siqlətli nəsr əsərləri - hekayələr, povestlər, ssenarilər, romanlar, pyeslər yazdı-yaratdı. Demə, uzun müddət üzə çıxartmasa da, qələmə sarılan vaxtdan bəri qəlbinin sözə çevrilmək istəyi ilə çırpınan narahat, nigaran döyüntülərini misralara da çevirirmiş.

"Üzü Sənə" ikicildliyindəki kitablarının hər birində müəllif Ön söz kimi oxuculara şeirlərini təqdim edib.

İkinci cildin ilk səhifələrində çap olunan şeirdə belə misralar var:

- O yumşaq, o sərt,

O mübarək torpağına

Bükülüb yataram...

Sonra da:

- Bilin ki, gedənlər də elə-belə getmir...

Və bir də sidq-ürəklə inandığı, elə özünün haqq etdiyi bir həqiqət: "Gedəndə də qalır Adam..."

Elə özü də "gedəndə də qalan" Adamlardan oldu...

lll

Mövlud Süleymanlıya minnətdarlıq borcum sonsuzdur, saya-hesaba gəlməz... Və bəlkə də elə bu da bir günahımdır ki, bunları indi dilə gətirirəm, üzbəüz söhbətlərimizdə özünə deməmişdim. "Ulduz", sonra da "Azərbaycan" jurnallarında nəsr şöbəsinə rəhbərlik edərkən onun xeyir-duası ilə neçə-neçə hekayəm, povestlərim işıq üzü görmüşdü. Hələ 1988-ci ildə yazıb çap etdirdiyi "Gənc yazıçılar haqqında söz" adlı bir məqaləsində haqqında xoş sözlər dediyi, "Həmişə izlədiyi, yaxşı, ümidli yazılarını" gözlədiyi, həmyaşıdım olan gənc yazıçılar arasında mənim də adımı çəkmişdi.

lll

Mövlud Süleymanlı təkcə ədəbi yaradıcılığımda yox, şəxsi həyatımda da xeyirxahlıqlarını, qədirbilənliyini həmişə minnətdarlıqla, bəzən də kövrələ-kövrələ xatırladığım dostlarımdan biri idi.

lll

...Bəzən cəmi bir neçə gün, uzaqbaşı bir həftə-on gün qabaq telefon açıb danışdığın, səhhətini soruşub hal-əhval tutduğun əziz bir dostunun ölümündən qəfil xəbər tutanda haldan-hala düşə-düşə ilk əvvəl yaxın, ortaq dostlara, xəbərin yanlışlığını ağlına gətirib, dəli bir ümidlə zəng vurursan. Həssas dostlar da qısaca salam-kəlamdan sonra, axır ki, nə soruşacağından xəbərdar kimi hüznlə: - Eşitdiyin xəbər doğrudur, - deyə köks ötürürlər: - Hə, bəs...

Heç onlara da inanmırsan.

Telefonun yaddaşındakı tanış nömrəni yığırsan:

- Dud-dud-dud...

Sonra da avtomatik cavab: "Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da..."

Bir az sonra yenə həmin nömrəni yığırsan. Bir möcüzə gözləyirsən. Azmı olub eşitdiyin bir xəbərin yanlış olub möcüzəyə çevrilməsi?..

Ancaq... Nə yazıqlar ki, eyni cavab...

Və nəhayət, sonra da bir gün əllərin titrəyə-titrəyə toranlı gözlərinlə telefonun yaddaşındakı o nömrəni ağır da olsa, çətin də olsa, silməyə məhkumsan...

...Ha ağla, ha kövrəl, ha alış, ha yan...

Mövlud müəllimin "köç" xəbərini mən belə qarşıladım.

Nə yaxşı ki, xatirələri, ötənləri  yaddaşda saxlamağa elə yaddaşın özü vəfalı, etibarlıymış... Telefonun yaddaşındakı nömrələrinə zəng çatmayan dostlarla bağlı xatirələri ürəkdə dipdiri yaşatmağa gücü çatan yaddaşın...

lll

...1994-cü il idi. İşsiz idim: övladlarım məktəbli, özüm də ailənin yeganə çörək qazananı... Çətin, ağır vaxtlar, doğmaların-yaxınların az qala bir-birlərindən illərlə xəbər tutmadığı bir dövran.

Mövlud müəllimin Azteleradio Dövlət Şirkətində sədr müavini olduğunu bilirdim. Xidməti telefonunu öyrənmişdim. Zəng vurdum. Hal-əhvaldan sonra, işsiz olduğumu bildirdim.

Bir anlıq susdu, sonra da: - Bir şey fikirləşərik, - dedi. - İki-üç gündən sonra bir əlaqə saxlayarsan...

Əlbəəl hansı işlərim düzəlib ki? Bir günə həll olunası məsələm bəzən aylarca müşkülə düşüb... Ona görə də aradan 10 gün keçsə də, zəng edib Mövlud müəllimi narahat etmək istəmədim, gözləməyi qərara aldım.

Mobil telefonların hələ bizlərdə olmayan vaxtları idi. Və bir gün ev telefonum zəng çaldı. Mövlud müəllim idi. Həmişəki mehriban, həlim səsi ilə hal-əhval tutandan sonra birdən səsinin tonu dəyişdi, bir qədər əsəbi-əsəbi:

- Aydın, - dedi, - neçə gündür, arayıb-axtarıb, səni tanıyanlardan ev telefonunu axır ki, bu gün öyrənmişəm. Niyə bu neçə gündə bir zəng vurub iş məsələsi ilə bağlı bir xəbər tutmursan? Sonra da ərklə: - Elə bilirsən, işə düzəlmək belə asandır? - Sözünə ara verib: - Dediyim sənədləri hazırla, təcili yanıma gəl!..

Beləcə Şirkətin əvvəlcə radio, sonra isə televiziya üzrə, yaşadığım şimal bölgəsində xüsusi müxbiri işlədim bir ara...

lll

Mövlud Süleymanlı ilə hər bir görüşümüz, ədəbi söhbətimiz bəzən ötəri olsa da, mənim üçün ustad dərsləri timsalında idi.

...Onda ötən əsrin 70-ci illəri idi. İmzası mənə doğma, yaxın müəlliflərin arasında olsa da, şəxsi tanışlığımız bir söz, musiqi, bir sənət məclisində baş tutmuşdu. Onda 1974-cü ilin əsl yaz havalı aprelinin əvvəlləri idi. Ali məktəbin son kurs tələbəsi idim. Yataqxanada qalırdım. Oturub-durduğum unudulmaz şairimiz İsa İsmayılzadə bir gün: -Aydın, yəqin ki, yataqxanada tələbə dostların arasında saz çala bilənlər də var, - deyib, sözünə uzaqdan başladı. - Saza qulaq asmaq yaman könlümə düşüb...

Dərhal münasib vaxtı soruşdum...

...Və aradan iki-üç gün keçmiş, ondakı "Bakı Soveti" metrosunun qarşısında deyilən vaxtda görüşməyi vədələşdik .Görüş yerinə İsa müəllim tək gəlməmişdi.Yanında elə özü boy-buxunda, özüylə həmyaş qarayanız birisidə var idi. İsa müəllim bizi tanış etdi. Bir-birimizə əl uzatdıq:

- Mövlud Süleymanlı!

lll

Həyət evlərinin birində kirayinişin qalan bir tələbə dostumuzun evində əvvəlcədən hazırlıq görüb xudmani məclis qurmuşduq. Bizim - tələbə babaların yığışıb "təşkil etdiyimiz" süfrə qonaqlarımızı bir balaca çaşdırsa da, məclisə dəvət etdiyimiz saz ifaçısının kimliyi onları əməlli-başlı heyrətləndirdi.

Qarşılarındakı çiynində saz, uca boylu, qaraşın bir cavan - ustad sənətkar Mikayıl Azaflının oğlu, bizimsə Məzahir adlı tələbə dostumuz dayanmışdı. Lakin nə yazıqlar ki, həmin tələbə dostumuz Məzahir haqq etdiyi şan-şöhrəti qazanmamış, adını tanıda bilməmiş, cavanca yaşında, çarəsiz xəstəlikdən bu dünyanıtərk etdi. Ruhu şad olsun!

Məclisimiz səhərəcən uzandı.

Mövlud Süleymanlı ilə ilk görüşümüzün tarixçəsi, beləcə, sazla-sözlə başladı.

Və bu ilk tanışlıqdan sonralar oturub dura-dura bizi yaxınlaşdıran, doğmalaşdıran da elə Söz oldu.

lll

Əyalətdə doğulub-böyüyüb, əmək fəaliyyətinə müəllim kimi kənddə başlasam da, etiraf edim ki, ötən əsrin o yetmişinci illərində qələmə aldıqlarım, ilk qələm təcrübələrim - hekayələrimin mövzulardakı hadisələrin cərəyan etdikləri yerlər şəhər havalı məkanlar idi.

Rayonumuzun ucqar kəndlərindən birində müəllim idim - 25 yaşlı, cavanca bir müəllim. Gözlərim qarşısında koloritli kənddə baş verən bir əhvalatı özlüyümdə yaradıcılıq süzgəcindən keçirib qələmə aldım. "Buğa əhvalatı" adlı hekayəni əlyazma halında o vaxt artıq "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri işləyən Mövlud müəllimə təqdim etdim. Mövlud müəllim əlyazmanı elə yanımdaca oxuyub makinaçı qıza uzatdı: - Təcili yaz, çıxart, - dedi. -Sonra da üzünü məmmunluqla mənə tutdu: - Aydın, bundan qabaq da bir-neçə hekayənlə tanış idim, - dedi. Bax, sənin nəsr yolun budur! Mövzu axtarıb özünü yorma. Qələmə almaq istədiklərin elə gözünün qabağındadır.

"Buğa əhvalatı" adlı o hekayəmi ağız dolusu tərifləyə-tərifləyə dərhal jurnalın növbəti saylarının birində dərc etməklə Mövlud müəllim elə bil məni kəndə qaytardı, kəndi mənə doğmalaşdırdı. Necə deyərlər, mövzu ardınca gözümü şəhərdən yığdı... Gözüm yaşadığım, hər gün oturub durduğum adamlarda, bir sözlə, kənddə qaldı.

lll

...Son illər görüşə bilmədiyimizə görə vaxtaşırı zəng edib hal-əhval tuta bilirdim. Axır vaxtlar səhhətindən şikayətlənirdi. Sanki xəstəliyindən yayındırmaq üçün yaradıcılığı ilə bağlı onu sorğu-suala tutardım. Dərhal səsi bir balaca durulsa da, sonra yenə qəmli-kədərli, yorğun, üzgün gəlirdi.

- Aydın, yazmaq istədiklərim çoxdur. Gözlərim çox zəifləyib. Şəkər məni əldən salıb. Əlimə qələm alıb ürəyimdəki sözləri varaqlara köçürməyə gücüm-heyim çatmır.

Guya onu toxtatmaq üçün:- Mövlud müəllim, neçə-neçə qələm adamları əsərlərini diktə edib yazdırıblar. Bəlkə siz də... - deyə hətta guya yadına salıb xatırladırdım.

Belə söhbətlərimiz zamanı bir ara susardı. Sonra onun qətiyyətli səsini eşidərdim. "Söz də canlıdır. Ürəyimdən gələn o sözləri başqasının əli ilə kağıza köçürtməyə qıymıram... Öz əlimlə varaqlara köçürdüklərim dil açıb mənimlə danışıblar. İnanmıram ki, ürəyimdən gələnləri diktəmlə bir başqası yazıya alsa, sonra onlar dil açıb mənimlə danışa bilsinlər... Mənsə öz əlimlə yazdıqlarımın səsini eşitmək istəyirəm". Sonra da bir ah, köks ötürmə: "Görək də, ya qismət..."

lll

Müəyyən səbəblərə görə Teleradio Şirkətindən öz ərizəmlə işdən çıxandan sonra da xeyirxah, canıyanan dostum mənə dayaq durdu. Müxtəlif verilişlər sifariş edib yüksək qonorar yazdırdı. "Respublika" qəzetinə bölgə müxbiri düzəlməyimə vasitəçi oldu, bir daha dostluğa, kəsilən duz-çörəyə etibarını, sədaqətini nümayiş etdirdi.

Vaxtaşırı zəng edib hal-əhval tutsam da, üzbəüz son görüşümüz 2020-ci ilin fevral ayının sonlarında oldu.

lll

Mövlud Süleymanlının çapdan çıxan kitablarının, demək olar ki, əksəri məndə var. Həm sərvətim, həm də kitab rəfimin bəzəyidirlər. Böyük yazıçının səmimi, xoş arzu-istəklərini, həm də bir növ ustad öyüd-nəsihətlərini ifadə edən avtoqraflarla bağışladığı kitablar:

 

"Həmişə yadımdadır ki, dünyanın harasındasa bir güclü oğlan yaşayır.  Sənin gücünə həmişə inanmışam, Aydın bəy!" Müəllifdən.

15.2.80

"Ayın aydınlığında". Gənclik, Bakı-1979

 

"Çox istedadlı, yaxşı oğlan, gözəl dostum, azacıq tənbəl, gələcəkdə daha gözəl əsərlərinə ümid elədiyim Aydına dərin hörmətlə. M.Süleymanlı"

15.08.85

"Şəhər toylarının səsi".  Gənclik, Bakı-1985

lll

"Xəzər Universitetinin nəşriyyatı tərəfindən 2018-ci ildə çapdan çıxan ikicildlik "Üzü Sənə" adlı kitabına "Mənim yazdıqlarım. 2003-2018" birinci kitabına mənim haqqımda 2012-ci ildə yazdığı bir essesini də daxil etmişdi.

Eləcə də ikicildliyin "Mənə yazılanlar" adlı növbəti cildində onun haqqındakı qısaca ürək sözlərimi də çap etdirməklə məni qürurlandırmış, fərəhləndirib göylərə qaldırmışdı.

Mövlud Süleymanlı ilə yaradıcılıq söhbətlərimiz zamanı dediyi sözlər, söylədiyi ədəbi fikirlər ustad dərsləri kimi indi də yadımdadır...

...Ruhun rahat olsun, ustad Mövlud Süleymanlı!

 





22.05.2024    çap et  çap et