Adicə sudan da qorxan kağız insan ömründən daha davamlı ola bilərmiş. İnsanı bir su içim saatda məhv edə bilirlər, kağızlarsa qalır və keçmiş günlərin içərisindəki insanı o günlərin axarındakı həyəcanları, narahatlıqları, ümidləri ilə yaşadır.
Bu şeir bir əsgər haqqındadır və dünyanın od-alov içərisində olduğu, İkinci Dünya müharibəsinin şiddətli döyüşlərinin getdiyi çağlarda - 1942-ci ilin yanvarında yazılıb. Bu şeiri yazanın o vaxt 26 yaşı vardı və həmin çağlarda hər gün qapıları onun neçə-neçə yaşıdının məşum "qara kağız"ı döyürdü.
Kim dəydi, qırıldı qəlbinin simi?
Kimsəyə yetmədi fəryadın səsi.
Tufana uğramış bir qərib kimi
Dondu gözlərində arzun, həvəsin.
Qırırkən əzmini çaqıllı yollar
Çəkdinmi yarının intizarını?
İplə kəsildimi o incə qollar,
Özünmü qazıdın öz məzarını?
Sanki bu şeirini elə özü üçün vida ağısı kimi yazıbmış. Şair Əlirza Abdullayevi NKVD - Daxili İşlər Xalq Komissarlığı 1942-ci il aprelin 2-də götürür. Ancaq onun adına cinayət qovluğu artıq martın sonlarında açılmışdı. Əl altından iş gedirmiş, tədarüklər artıq martın ortalarından başlanıbmış və təzə qovluqdakı sənədlər bir-bir artırmış. Martın 30-da Bakı şəhərindəki İkinci Popereçnaya küçəsi 3 nömrəli evdə yaşayan, "Vətən uğrunda" jurnalında məsul katib vəzifəsində işləyən Əlirza Cəfər oğlu Abdullayev haqqında həbs qərarı çıxarılır və səbəb kimi də bu göstərilir ki, mart ayının 16-da o, işlədiyi redaksiyada "antiinqilabi və təslimçi" məzmunlu anonim bir məktub almış, lakin müəllifinin müəyyənləşdirilməsi üçün həmin məktubu müvafiq orqanlara təqdim etmək əvəzinə özündə saxlamış, üstəlik, əksinqilabi məzmunlu bu məktubda yazılanları redaksiya işçiləri arasında yaymışdır.
Sən demə, NKVD artıq o anonim məktubu yazanı tutubmuş da və həmin şəxs - Azərnəşrin keçmiş işçisi Zülfiqar Abdullayev martın 29-dakı dindirməsində niyə məktubu məhz Əlirzaya göndərməsinin səbəbini də boynuna alıbmış. Onu antisovet əhvali-ruhiyyəli birisi kimi tanıdığını, şəxsi söhbətlərində Əlirza Abdullayevin faşist ordusunu təriflədiyini, SSRİ-də əhalinin maddi vəziyyətinin ağır olmasından şikayətləndiyini təsdiqləyibmiş. NKVD-nin əldə etdiyi bu məlumatları əsas götürərək dövlət təhlükəsizliyi kiçik leytenantı İşxanyanın hazırladığı təqdimat əsasında son olaraq idarə rəisi mayor Qriqoryan elə martın 29-da qərar layihəsi hazırlamış, onlardan olan bir başqa daha yüksək vəzifəli də aprelin 2-də Əlirza Abdullayevin həbs edilməsi, mənzilində və iş yerində axtarış aparılmasını sanksiyalaşdırmışdı.
Ancaq ona birinci dəfə elə məktubu aldığı günün ertəsi yaxınlaşıblarmış. Martın 17-də Əlirzaya aldığı məktubla bağlı suallar verilib. O da deyib ki, ayın 16-da saat 10:20 dəqiqədə Azərbaycan Yazıçılar İttifaqının işlər müdiri Sarkisova mənə bir zərf təqdim etdi. Zərfin üstündə "Bakı, 9 yanvar küçəsi 25", yəni Yazıçılar İttifaqının ünvanı yazılmış, məktubun mənə - "Vətən uğrunda" jurnalının məsul katibinə çatmalı olduğu göstərilmişdi. Açdım, məktub Azərbaycan dilində idi. Oxuyunca məktubun antisovet məzmunlu olduğunu gördüm, ona görə də yazıçı Məmməd Səid Ordubadinin yanına gedib nə etmək lazım olduğu barədə məsləhətləşdim, o da bunu NKVD-yə çatdırmağımı tövsiyə etdi. Ancaq məktubu aparıb orada kimə verəcəyimi bilmədiyimi deyəndə Ordubadi qayıtdı ki, onda bir az gözlə, Səməd Vurğun gəlsin, o, bir yol göstərər. Axşam saat beşin yarısınadək Səməd Vurğunu gözləyəndən sonra məktub barədə şair Məmməd Rahimə söylədim. O da Səməd Vurğunu gözləməyin doğru olduğunu deyərək hələlik məktubu gizlətməyimi məsləhət gördü. Mən də onun sözündən sonra məktubu aparıb masamın gözünə qoydum, özüm də xidməti işlərlə bağlı Xalq Maarif Komissarlığına yollandım. Təqribən saat 17-də oradan qayıdanda gördüm ki, məni Yazıçılar İttifaqında NKVD-nin əməkdaşı gözləyir. O, məndən belə bir məktubu alıb-almadığımı və almışamsa həmin məktubu hara qoyduğumu soruşdu, mən də məktubu çıxarıb ona təhvil verdim.
Ancaq NKVD artıq Əlirzanın dediyindən daha çoxunu bilirdi və odur ki, təhlükəsizlik əməkdaşı ondan bu məktubu stolun gözünə qoyanadək kimlərə oxuduğunu xəbər alır. Əlirza artıq bir dəfə türməyə girib-çıxmışdısa da, hələ ki təcrübəsiz cavan oğlandı, NKVD məkrlərindən bixəbərdi və təsəvvür eləmirdi ki, dilinə gətirdiyi hər adla istənilən vətəndaşda hazır "xalq düşməni" damğası vurmağa həris bu qarayaxalara istər-istəməz növbəti qurbanı nişan vermiş olur.
Deyir ki, mən məktubu oxuyanda jurnalımızın katibi Əkbər Ağayev oradaydı, bəzi parçaları da Ordubadi ilə Rahimə oxumuşam. Başqa heç kimin bu məktubdan xəbəri yoxdur.
Gələn adam soruşur ki, bəs məktubu kimin yazdığını bilirsinizmi? Cavab verir ki, zərfin üstündə olmasa da, məktubun altında imza belə göstərilmişdi: "Qızıl Ordunun əsgəri Həmid Vəlizadə, Bakı, 354-cü hospital, 9 fevral, 1942".
Çağırılmamaış qonaq dübarə soruşmuşdu ki, yaxşı, sizcə, bu, kim ola bilər? Cavab vermişdi ki, kim olduğunu bilmirəm, amma məktubun məzmunundan hiss olunur ki, yazan kimdirsə, çox savadlı adamdır. Növbəti sualsa NKVD-nin dairəni bacardıqca genişləndirmək imkanı verən zahirən adi, amma mahiyyətcə çox bəlalar vəd edən sorğu idi. 1937-1938-ci illərin cinayət işlərində bunun allı-güllü örnəkləri var. "Xalq düşməni", antisovet təşkilatın rəhbəri ləkəsi vurmaq istədikləri bir adamdan ədəbi-mədəni, ya elmi mühitdə yaxşı tanıdıqlarının adlarını sadalamağı tələb edirdilər. Dindirilən də bu sualın arxasında hansı rəzil niyyətlərin dayandığını ağlına gətirmədən gündəlik rastlaşdığı, təmasda olduğu iş yoldaşlarının, həmkarlarının adlarını sadalayırdı. Az sonra isə NKVD həmin adları çəkilənlərin hər birini istintaqa cəlb edə bilirdi ki, filankəs antisovet, terrorçu, əksinqilabi, dünyanın filan, filan, filan kəşfiyyatları ilə əlaqədə olan təşkilat yaratmasını artıq etiraf edib, yaxınları sırasında sizin də adınızı çəkib, bax, bu da onun ifadəsi, indi siz də boynunuza alın ki, həmin təşkilatda hansı təxribatlar törətmiziniz, hansı başqa planlarınız vardı, siz deyin görək, alimlərdən, yazıçılardan, şairlərdən, mədəniyyət xadimlərindən kimləri tanıyırsınız. O da tanıdıqlarını təbii olaraq bir-bir sayırdı. Sonra o zavallılar da bir ucdan genişlənən tutulmalılar siyahısına əlavə edilirdilər. Tutduqlarının da boynuna işəncələr verə-verə istədikləri ən ağır suçu qoymaq NKVD cəlladlarının başlıca peşə vərdişi idi.
Hələ Əlirza məhbus deyildi, artıq o məktubu kimin yazmış olduğunu da NKVD dəqiq bilirdi, bu da yəqin idi ki, bir neçə gün sonra indi ifadə aldıqları bu şəxs də həbsxanada olacaq. Sabahkı istintaq üçün bəri başdan tədarük görürdülər, gələcək dustağın ayağının altını daha boş etməkçün indidən lağım atırdılar. İstəyirdilər ki, Əlirza Abdullayev onu tanıyan və xüsusən də jurnalın ədəbi işçisi olaraq onun kimliyini bilən bütün şəxslərin adını çəksin. Bu cavan şair ədəbi aləmdə yeni parlayan, kifayət qədər ünsiyyətcil, üstəlik də, o dövrdə sayı onsuz da az olan jurnallar arasında aparıcılardan sayılan "Vətən uğrunda"da çalışırdı, aydın məsələdir ki, tanıdıqları lap çox olası idi.
Əvvəl ümumi cavab vermişdi ki, mən Azərbaycanın bütün yazıçılarını, "Qlavlit"in (oçağkı senzuranın - Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarənin), "Azərnəşr"in, Azərbaycan Radio Komitəsinin, "Kommunist" qəzeti redaksiyasının, Xalq Maarif Komissarlığının şöbələrinin əməkdaşlarını tanıyıram". Əlavə soruşurdular ki, bəs sabiq yazıçılardan kimləri tanıyırsınız. "Sabiq" deyəndə, ehtimal ki, "ifşa edilmiş" "xalq düşmənləri"ni, bir də təzəlikcə Yazıçılar İttifaqından kənarlaşdırılmışları nəzərdə tuturdular. Əlirza özünü o yerə qoymurdu, lap köhnələrin adını çəkmirdi, bu da təbii görünürdü, çünki onların əksəri ilə aralarında böyük yaş fərqi vardı, amma dostluq etmiş olduğu Müşfiq də vardı axı - bunun üstünü vurmadan keçirdi. Bircə az əvvəl birlikdə həbs olunduqları Abdulla Əfəndiyevin - Faruqun adını çəkirdi, onun da indi rayonda, "deyəsən, Göyçayda yaşadığını" deyirdi və rayonlardan heç kiminlə əlaqəsi olmadığını bildirirdi.
Dairəni genişləndirmək cəhdləri davam edirdi. Soruşurdular ki, təhsil müəssisələrindən, institutlardan siz kimləri tanıyırsınız, sizi kimlər tanıyır? Birinci Azərbaycan Dövlət Universitetinin 2-ci kurs tələbəsi Nəbi Babayevi deyirdi. Ardınca da adlar sıralanırdı: universitetin 3-cü kurs tələbələri Həbib Zeynalov və Tofiq Məlikov, 4-cü kursda oxuyan Hacı Tahirov, 5-ci kurs tələbəsi Sona Məmmədzadə, məktəb müəllimi Qiyas Cavadov, farmakologiya müəllimi Cəfər Mövsümzadə və digərləri.
Bu adları da ona görə cinayət işindən yazıma köçürürəm ki, Əlirzanın dostları dairəsinin bu tərəfi də görünsün. Onlardan hansılarınısa sonra bütün Azərbaycan tanıdı. Biri elə o vaxtın Nəbi Babayevi - sabahın görkəmli şairi Nəbi Xəzri. Hansılarınısa elə həmin təlatümlü illər uddu, hansılarısa davaya gedib qayıtmadılar, hansılarısa heç yerli-dibli olmayıbmış kimi unuduldular. Özü də unudulmuşlardan olan Əlirzanın vasitəsilə qoy onların hamısının xatirəsi bircə cümlənin içərisində keçən adlarıyla olursa belə yenidən dirilsin, anılsın. Bu da gənclik dostlarına Əlirzanın qardaş yaxşılığı!
Aprelin 2-də isə artıq Əlirza kameradadır və daha bu, əvvəlki kimi sadəcə ifadə deyil, NKVD Dövlət Təhlükəsizliyi Bölməsi müstəntiqinin ağır maddələrlə məsuliyyətə cəlb edilmiş müttəhimlə apardığı dindirmədir. Bu qəbil cinayət işlərinin mahiyyətcə nə qədər qurama olsalar belə, tarixdə qalan şəxsiyyətlərlə bağlı verə biləcəyi daha bir fayda onların bir sıra tərcümeyi-hal cizgilərini dəqiqləşdirməyə kömək etmələridir. ...Dövrün rəngini göstərən bariz əlamət - 1939-cu ildə, 23 yaşındaykən Bakı Şəhər Milis İdarəsi ona 5 il müddətinə pasport verib və evində axtarış aparılarkən götürülüb. Həbs olunmusansa, demək, bu o anlama gəlir ki, artıq vətəndaş deyilsən. Atası Cəfər kişi haqqında yazılır ki, 1919-cu ilədək kənd təsərrüfatı ilə məşğul olub, ondan sonrasa yükdaşıyan. Yəni əsl, el sözüylə desək, hambal!
Ay gorbagor Şura hökuməti, ay çürük quruluş, bir hambal oğlu gəlib şairlik mərtəbəsinə yetişib, ədəbiyyat aləmində tanınıb, sabahına ümidlər var, axı niyə uçmağa başlamamış qanadını qırırsan?! Axı sabah sən də öyünə bilərdin ki, o hambal oğlunu adam edib adamlar cərgəsinə qoşan mən oldum. Çox sirlərə çox cavablar tapılacaq. Amma sovet dövlətinin və 70 ildən artıq müddətdə nəhəng bir ərazidə yüzlərlə xalqı müti, tabeliyində saxlamış sovetin adi insan məntiqləri ilə heç vəchlə tən gəlməyən qəddarlıqlarının ağlabatan izahını vermək mümkün olmayacaq.
...Əlirza işləməyə elə məktəbdə oxuduğu çağlarda - 1929-cu ildə, 13 yaşındaykən başlamışdı. Əvvəl Azərittifaqda fəhlə şəyirdi olmuşdu, 1930-1935-ci illərdə tramvay maşinisti işləmişdi, ali təhsili natamam idi -1937-ci ildə Qırmızı Bayraqlı Azərbaycan Sənaye İnstitutuna daxil olaraq 3-cü kursadək oxumuşdu, 1938-1940-cı illərdə komsomolun üzvü idi, ancaq xuliqanlığa görə həbs ediləndə onu Yazıçılar İttifaqı ilə bərabər, komsomoldan da xaric etmişdilər.
Ancaq bu cinayət işi o sualı da aydınlaşdırır ki, necə olub, həbsinə baxmayaraq, sonra onun şeirlərinə mətbuat səhifələrində əvvəlki sürəklilikdə olmasa da, hər halda təzədən yer verilib. Axı o cəza ki onunçün müəyyənləşdirilmişdi, o maddə ilə ki türməyə göndərilmişdi, ictimai adamın qarşısında çox barılar, xəndəklər doğura bilirdi. Adının üstündə "xuliqan" kəlməsi olanın qəzet-jurnalda imzasıyla görünmək, radioda səslənmək imkanlarını da əldən alırdı. Sən demə, Əlirzaya 4 ay həbsdə saxlandıqdan sonra məhkəmənin qərarı ilə bəraət verilibmiş.
Əlirzanın yaşına baxan istənilən kəsdə sual oyanar ki, 1941-ci ildə o cür dəhşətli müharibə başlananda nə əcəb 25 yaşlı bu gənci cəbhəyə göndərməyiblər? Cinayət qovluğu bu bilgini də verir ki, gənc şair hərbi uçotdan düçar olduğu vərəm xəstəliyinə görə çıxarılıbmış.
...Elə yerdə idi və sualları da elə qoyurdular ki, nə şəkildəsə sağa-sola sapmaq mümkün deyildi. Həmin anonim məktubun müəllifi NKVD-yə məlum idi və artıq çöldəkindən fərqli olaraq, sual "o məktubu kimin yazdığını güman edirsiniz?" sayaq saya şəkildə qoymurdular; xəbər alırdılar ki, Zülfiqar Abdullayevi haradan tanıyırsınız?
Deyə bilməzdi tanımıram. Çünki vaxtilə "Azərnəşr"də çalışmışdı, iş yoldaşlarından və dostluq etdiklərindən biri də həmin Zülfiqar olmuşdu. Sonra "Vətən uğrunda"ya keçsə də, mütəmadi olaraq jurnalın yazılarını Qlavlitdən keçirmək üçün apardığından həmin idarənin də yerləşdiyi "Azərnəşr" binasına tez-tez baş çəkməli olur, o əsnada köhnə tanışlarla, o sıradan Zülfiqarla da salamlaşırdı. İstintaq qovluğundakı dindirmə protokollarından birindəki öz sözləridir: "Bu görüşlər vaxtı, xüsusən də müharibə başlayandan sonra biz həm xarici, həm daxili siyasət, güzəranın müşküllüyü barədə çox danışardıq. Mən dustaqlıq keçirmiş olduğumdan və seyrək nəşr olunduğumdan, etiraf etməliyəm ki, son dövrlərdə pessimist olmuşdum. Yəqin, elə bu da səbəb olmuşdu ki, mən və Zülfiqar açıq danışmağa başlamışdıq. Zülfiqar deyirdi ki, onun Radiokomitetdə tanışı var və ona müharibənin gedişi ilə bağlı elə məlumatları ötürür ki, bunlar qəzetlərdə dərc edilmir, radioda səsləndirilmir. Bu məlumatlar da ondan ibarət idi ki, itkilərimiz nə qədərdir, cəbhə xətti indi haradadır, almanlar hansı əraziləri tutublar. Bu haqda da çox danışırdıq ki, xalqın vəziyyəti çox sıxıntılıdır, maaşlar aşağıdır, əsgərlərin vəziyyəti qənaətbəxş deyil. Axırıncı dəfəki - hərbi komissarlıqda, Zülfiqarı əsgərliyə yola salarkən olan söhbətimiz xatirimə gəlir. Təxminən martın 16-sı idi, onunla Bazar (Hüsü Hacıyev) küçəsində (indiki - Azərbaycan prospekti - R.H.) rastlaşdım, mən də onunla Kommunist küçəsi tərəfə (indiki İstiqlaliyyət - R.H.) gedə-gedə aldığım antisovet məzmunlu məktubdan danışmağa başladım. Məktub yanımda olmadığı üçün onu Zülfiqarçün oxuya bilmədim. Sonra başladıq Zülfiqarın əsgərliyə getməsindən danışmağa. Zülfiqar dedi ki, Quba, ya Xaçmaz rayonunda səfərbərliyə çağırılanların ağır vəziyyətinə şahid olub. Belə ki, uşaqlar kavansarada yorğan-döşəksiz yatır, donurlar. Mən də o deyəni təsdiqlədim. Zülfiqar əlavə etdi ki, müharibə tezliklə başa çatacaq, heyif, ona vur-tut bu 2 aydan ötrü bir belə əziyyətə qatlaşmaq qismət olur. Bu söhbətlərdən sonra biz ayrıldıq. Yeri gəlmişkən, biz dekabr-yanvar aylarınadək almanların qələbə çalacağına inanırdıq, daim də xəritəni izləyirdik, Zülfiqar mənə dedi ki, qəzetlərdə Qızıl Ordunun həmlələri haqda yazılanlardan anlaşılan budur ki, onlar qalib gələ bilməyəcəklər. Sovet Ordusunun geri çəkildiyi yerlərin heç də hamısını açıb-ağartmırlar".
Ardınca Əlirza başlayır iş yoldaşı, "Vətən uğrunda" jurnalında buraxıcı işləyən Həbib Axundovla söhbətlərinə və deyir ki, təqribən hər gün onunla bu mövzularda fikir bölüşərdik, o da daim narazılıq edirdi. Həbib guya almanların işğal etdiyi ərazilərdən qurtarıb gəlmiş bir nəfərin dilindən eşidib ki, faşistlər işğal etdikləri ərazilərdə kommunist və komsomolçu olmayan əhaliyə toxunmurlar. Əlirza bunu da yada salır ki, bir gün Həbib redaksiyada mənim stoluma yaxınlaşıb dedi ki, almanlar artıq bu həndəvərdədir, başına çarə qıl.
Yəqin, Həbib bu sözləri ilə Əlirzanın "Stalin"ə poema həsr etməsi, hərbçilərə silsilə şeirlər qoşmasına şuxluqla işarə vururmuş. Əlirza da söz altda qalmayıbmış, dərhal qayıdıbmış ki, nigaran qalma, almanlar bizim ikimizi də bir yerdə güllələyəcəklər. Həbib zarafatı zarafatla da davam etdiribmiş: "Mənə nə var, nə kommunistəm, nə komsomolçu, barmağımı qaldırıb səs də verməmişəm".
Bütün bunlar hamısı istintaqı aparanın xətti ilə Əlirzanın öz sözləri kimi yazılıb, o da razılaşaraq hər səhifənin altında imza atıb. Daha əvvəllərdə yüzlərlə bu qəbil cinayət işləri ilə qarşılaşdığımdan niyə belə alınmasının fəndləri də mənə aydındır. Müstəntiq öncə sualı qoyurdu və müttəhim də müqavimət göstərir, əvvəlcə irəli sürülən iddianı boynundan atırdı. Lakin sonra müstəntiq çıxarıb onun qarşısına qoyurdu tutalım elə həmin Zülfiqar Abdullayevlə, həmin Həbib Axundovla aparılmış dindirmələrin protokollarını ki, əbəs yerə müqavimət göstərməyin, dostlarınız artıq sizin onlara, onların sizə hansı gün, hansı şəraitdə hansı sözlər dediyinizi təsdiq ediblər.
Və bu dindirmədə bir başqa - yetərincə tanınan, amma haqqında bilgi az olan qələm sahibinin də adı anılır. Əlirza vurğulayır - Cahanbaxış gileylənirdi ki, bir yazıçı kimi maaşı babat olsa da, ehtiyacsız yaşaya bilmir, indi isə vəziyyətin dəyişəcəyinə, bütün bunlara son qoyulacağına ümid bəsləyir.
Əlirza dostlar yanında bu fikri də söylədiyini təsdiqləyirdi ki, bəli, demişəm almanlar yaponlarla əlaqəyə girsələr, Sovet İttifaqına da, digər dünya ölkələrinə də çətin olacaq.
1942-ci il aprelin 10-da axşam saat 21:15-də Əlirzanı növbəti dindirməyə çağıraraq komsomoldan niyə çıxarılması səbəbini soruşanda o, birinci həbsinin nəyin üstündə baş verdiyini yerli-yataqlı təsvir edir, bilmədiyimiz təfərrüatların üstünə gəlir.
Və bu ayrıntılar da "İnturist" mehmanxanasında baş vermiş həmin süpürüşmənin məhz quraşdırma, Faruqla Əlirzanı ilişdirmək üçün cızılmış bir hiylə ssenarisi olduğunu açıqca göstərir.
Əlirza 1940-cı ilin bir sentyabr günündə artıq yeyib-içmiş, kefli olduqları vaxt məclisə Ağamalıyevin qatıldığını, az sonra tanış bir qız haqqında söhbət gedərkən guya qısqanclıq ucbatından Ağamalıyevin onun sifətinə bir şillə vurmasını xatırlayaraq əlavə edir ki, mən də dərhal həmin şapalağın əvəzini qaytardım, Faruq da mənim müdafiəmə qalxdı, bu dava restoranı qarışdırdı, milis gəldi, hər üçümüzü içəri atdılar, ancaq Faruqla mənə hərəmizə 1 il iş kəssələr də, Ağamalıyevə bəraət qazandırdılar...
Deyir ki, Müdafiə Fonduna vəsaitlər keçirdiyimiz vaxt mən necəsə “Azərnəşrə” getmişdim, orada Zülfiqarla rastlaşdım, o məndən fonda nə qədər yazdırdığımı soruşanda 200 manat keçirdiyimi söylədim. O isə gülərək dedi ki, bu nə məbləğdir keçirmisən, camaat 20 min keçirir, odur e, Səməd Vurğun fonda 2 min ayırıb. Qayıtdım ki, əgər mən də 50 min alsaydım, 20 min yox, 30 min keçirərdim. 200 manat keçirmişəm, halbuki maaşım 500 manatdır.
Baxırsan ki, antisovetizm, dövlət əleyhinə çıxmaq kimi qavranılan danışıqların əksəri elə adi Allah-bəndə söhbətləriymiş. Tutalım elə Əlirzanın yada saldığı bu məqam - "Bir dəfə redaksiyamızın əməkdaşı Həbib Axundov işə çox dilxor gəlmişdi. Mən səbəbini xəbər alanda dedi ki, uşağım xəstədir, cibimdə pulum ola-ola heç nə tapa bilmirəm".
...Martın 17-dir, Əlirza gündəlik həyatını yaşayır, həbs, sürgün söhbətləri hələ gələcəkdədir. Dindirmə protokolunda milliyyəti "tatarka" kumu verilmiş, Yazıçılar İttifaqı nəşriyyatının baş mühasibi işləyən, 1900-cü il təvəllüdlü Sarra Qədirovna Məlik-Yeqanova dindirilir. Onu şahid qismində çağırıblar. Bu xanımın şahid ifadəsindən duyulan budur ki, o, İttifaqa hər gəlib-gedənə elə xəfiyyə ciddiyyəti ilə baxır, ən xırda detalları da tuta bilirmiş və bunu da görməyə macal tapıbmış ki, Əlirzaya gələn anonim məktub ərəb əlifbası ilə yazılıbmış, 4 vərəqmiş. Buna da fikir veribmiş ki, Əlirza məktubdan parçaları ucadan oxuduğu anda Yazıçılar İttifaqının katibi Sarkisova gəlib çıxır, amma axıradək dinləmədən dərhal da çıxıb gedir.
...Qayıdırıq Əlirza Abdullayevin həbsindən əvvəlki hadisələrə.
1942-ci il aprelin 1-dir. Axşam saat 10-dur. Zülfiqar Abdullayev dindirilir. O kimmiş? 1898-ci ildə Şuşada doğulmuş Zülfiqar həbs edildiyi vaxt "Azərnəşr"də tərcüməçi işləyirmiş. Atası Həsən əslən İrandanmış, bu taya hələ 3 yaşlı uşaqkən valideynləri ilə köçübmüş. Zülfiqar 1920-1921-ci illərdə Ümumittifaq Kommunist (bolşevik) Partiyası sıralarında da olubmuş. Ancaq dindirmə vaxtı özünün deməsincə, 1921-ci ildə günlərin bir günü onu Şuşa Qəza Partiya Komitəsinə çağıraraq səbəbini izah etmədən partiyadan çıxarıldığını elan edirlər.
1942-ci ildə baş verən həbsi də onun ilk dustaqlığı deyilmiş. İlk dəfə 1930-cu ildə saxlanılıbmış. Onu o vaxt QPU - KQB-nin sələfi olan Baş Siyasi İdarə tutub 3 ay sonra buraxır. Ovaxtkı tutulmağının səbəbi çadranın atılması əleyhinə çıxışı olubmuş. Zülfiqar Abdullayevdən soruşurlar ki, o vaxt sizinlə başqa kimlər həbs edilibmiş. Adları çəkir, mən də həmin ad və soyadlara sadə adlar kimi baxmayaraq burada gətirirəm. Hacı Zalov - müəllim, Həsən Bağırov - baqqal, Salman Ələskərov - tacirmiş. Daha iki nəfərdən birinin - Mirzəmməd Axundovun hansı peşənin sahibi olmasını, Nürimi Məmmədinsə soyadını Zülfiqar unudubmuş. Bu adları səbəbsiz üzə çıxarmıram. Büsbütün unudulmuş insanlardır. Ancaq onlar fikirlərinə görə, düzgün hesab etmədikləri siyasətlə barışmayaraq səslərini qaldırdıqları üçün cəzalanıblarmış. Etiraz etməyə qadir belə insanlar bir-bir dənləndikcə asta-asta xalqdakı mübarizlik ruhunu da sındırmağı bacarıblar. Sovet dövləti durmadan, bəlli siyasət olaraq milli ruhu belə sındırmasaydı, yəqin, 70 nədir, heç 20-30 il də ömür sürə bilməzdi. Həmin əzab görmüş rəhmətliklərin yan-yörəsində o vaxt onlar kimi düşünənlər bəlkə də az olmayıb. Ancaq səslərini içərilərinə qısıb dinməyiblər, ona görə də nə hər hansı cəza alıblar, nə həbsə atılıblar, nə sürgünə göndəriliblər. Ancaq bu kişilər əzaba düçar olsalar da, sözlərini deyiblər, sifətlərini qorumağı bacarıblar. Onların təzə hökumətin gətirdiyi hansısa siyasətə qarşı çıxması mühüm deyil - nə fərqi ki, bu etirazçılıq çadra ilə bağlı olsun, ya söz azadlığı ilə, ya torpaq məsələsi ilə. Əsas odur ki, el-oba naminə lazımi anda qeyrət və təpərlə bu cür kişiyana söz deməyi bacaranlar ola!
Zülfiqar Abdullayevin nəslində bir neçə repressiya olunmuş da varmış. Bir tərəfdən Zülfiqarın bu quruluşdan narazılıq dərəcəsini, digər tərəfdən də onun özü kimi hansı cığal siyasi düşüncəli şəxslərlə əhatələndiyini dəqiqləşdirməkdən ötrü ondan repressiya olunmuş bütün dostlarını yada salmasını da istəmişdilər. Bir neçəsinin adını deyib istintaqa gərək olanın adını çəkməyəndə özləri həmin adamı yada salmışdılar - Kamil Məhərrəm. Bəlli olur ki, bu adam əslən Anadoludanmış, Azərbaycana çoxdan gələnlərdənmiş, Zülfiqarla Azərnəşrdə 1922-1930-cu illər arası birlikdə işləyiblərmiş. Sərbəst düşüncəsi ilə seçilənlərdən, oturub-durub sovet siyasətinin bəyənmədiyi tərəflərini tənqid edənlərdənmiş və 1941-ci ildə həbs olunubmuş.
Zülfiqardan 1942-ci ilin martında, hərbi xidmətə çağırılmazdan əvvəl "Vətən uğrunda" jurnalına Əlirza Abdullayevin adına dərc olunmaqçün göndərdiyi məktub barədə də soruşmuşdular. Belə cavab vermişdi ki, 1942-ci il martın ilk günlərində Dövlət Opera Teatrında keçirilən Bakı ziyalıları yığıncağında Yazıçılar İttifaqının sədri Səməd Vurğun kəskin antifaşist nitqlə çıxış etdi. Onun çıxışı mənim mövqeyimlə düz gəlmədiyindən qət etdim ki, belə bir məktub yazım və Səməd Vurğunu almanlar əleyhinə düz olmayan fikrindən çəkindirim.
Soruşmuşdular ki, yaxşı, belə düşünürdünüzsə niyə məktubu elə birbaşa Səməd Vurğunun adına yazmamısınız, Əlirzaya göndərmisiniz? Cavab vermişdi ki, bilirdim bu məzmunda, özü də anonim məktubu görüncə Əlirza onu ilk növbədə Səməd Vurğuna çatdırmağa tələsəcək.
Məktubu ilə bağlı başqa sualları da vardı - "Orada yazırsınız bu mətni jurnal dərc eləsin, edə bilmirsə, saxlasınılar, çünki 2 ay sonra bu məktub redaksiyanı xilas edəcək". Məhbusdan yalnız hökmlə deyil, həm də təəccübqarışıq bir maraqla soruşurdular ki, o sözləri deyəndə nəyi nəzərdə tutduğunu da izah etsin. Demişdi ki, məndə almanların artıq 1942-ci ilin yayında Bakını götürəcəkləri inamı vardı. Ona görə də redaktora tövsiyə edirdim ki, bu məktubu çap etməsələr də, saxlasınlar ki, almanlar buraları tutanda həmin məktubu onlara sədaqətlərinin rəmzi kimi təqdim edib canlarını mümkün təhlükələrdən qorusunlar. Demişdi ki, mən bu məktubda Sovet Məlumat Bürosunun (Sovinformbüro) almanların zəbt etdikləri yerlərdə əhali ilə vəhşi davranması haqqında xəbərlərin həqiqətə uyğun olmadığını yazmışdım və təsdiq edirdim ki, əksinə, həmin rayonlarda almanlar artıq yaxşı həyat qurmuşlar, camaata da təhqiramiz yox, hörmətlə yanaşırlar. Demişdi ki, mən məktubda alman texnikasını, onun gücünü tərifləmişdim, sovetinkini pisləmişdim, sovetin arxa cəbhəsinin davamsız olduğunu, xalqın və sovet ordu hissələrinin aclıq çəkdiklərini, boş yerə qurban getdiklərini bildirmişdim.
Soruşmuşdular ki, sən məktubunun məhz göndərdiyin şəxsə çatdığını yoxladınmı?
Cavab vermişdi ki, yoxlamağına yoxlamadım, amma təsadüfən Hüsü Hacıyev küçəsində Əlirza ilə rastlaşanda o özü mənə belə bir məktub aldığını söylədi, mən üstünü vurmadım və o da bilmədi ki, məktubun müəllifi mənəm. Ancaq bunu da istintaqdan gizlətməmişdi ki, ən azı 3 nəfər - Əlirza Abdullayev, İskəndər Nəfisi, bir də Məmməd Əhmədov (o, 1938-ci ilədək "Azərnəşr"in kənd təsərrüfatı şöbəsində tərcüməçi-redaktor olmuşdu, daha sonra isə Bakı şəhər 2-ci poliklinikasında baş həkim işləmişdi, Zülfiqarın da qənaətincə, ətrafındakı digər sovetsevməzlər arasında mövqeyinin qətiliyi və kəskinliyi ilə xüsusən seçilirdi) bir az diqqətlə oxusalar, həmin məktubu məhz mənim yazdığımıı müəyyənləşdirə bilərdilər. Çünki ayrı-ayrı vaxtlarda həmin məktubdakı bəzi epizodlar barədə onlara şəxsən danışmışdım.
Məktubu başqa antisovet həmfikirləri olsa da, məhz niyə Əlirzaya göndərməsini də istintaqa açıb. Deyib ki, müharibənin başlanmasından düz 1 ay sonra - deməli, iyulun axırlarına doğru - Azərnəşrin təlim və müəllim şöbəsində, təxminən gündüz 12-də Əlirza ilə görüşəndə ona söylədim ki, almanlar güclü şəkildə irəliləyirlər, belə görünür ki, Sovet Ordusu müharibəyə yaxşı hazır deyil. Əlirza mənimlə razılaşdı və dedi ki, yaxşı olardı almanlar tezliklə Bakını tutaydılar, biz də sovet hakimiyyətindən xilas olaydıq.
Həbs olunanlardan biri də 1918-ci il təvəllüdlü Məmməd Məmmədov idi. 1942-ci il iyulun 29-da aparılan dindirməsində o xəbəri verirdi ki, Əlirza ona yazdığı antisovet məzmunlu vərəqələr veribmiş, həmin vərəqələri yaymaqda da məqsəd Azərbaycanda xalqı sovetə qarşı üsyana qaldırmaq idi. Vərəqə bu məzmunda imiş: "Vətəndaşlar!!! Bu əzablara dözməyə daha səbir qalmayıb. Hökumətdən vəziyyətinizin yaxşılaşdırılmasını tələb edin. Alman ordusu sizi xilas etməyə gəlir. Bütün vasitələrlə ona kömək etmək lazımdır. Oğullarınızın və qardaşlarınızın Qızıl Ordu sıralarından geri qayıtmasına nail olmağa səy göstərin. Yaxşı təhsilimiz, yaxşı savadımız və imkanlarımız olsa da, biz pis yaşayırıq. İmkan verməyin ki, sizin övladlarınızı Qızıl Orduya götürsünlər. Çünki onlar geri qayıtmayacaqlar".
Soruşurdular ki, necə olub Əlirzanın sizə 7-8 ay qabaq - 1941-ci ilin dekabrında verdiyi vərəqənin mətnini üstündən bu qədər keçəndən sonra da belə dəqiqliklə yadda saxlamısınız? Cavab verir ki, mən o vərəqədə yazılanları ayrıca bir kağıza köçürmüşdüm və elə o vaxtdan da hafizəmdə qalıb.
Dindirilmişlər arasında bir azərbaycanlı qadın da var - 1913-cü il təvəllüdlü Sona Ələsgər qızı Sadıxova. O, Yazıçılar İttifaqında makinaçı işləyirmiş (Sona xanım özü ayrılıqda bir hekayətdir. Ərəb əlifbasında yazmağa alışmış Azərbaycan yazıçılarının xətlərini özlərindən də yaxşı oxuya bilən bu qadın köhnə nəsil yazıçılarımızın dayağı imiş və sadəcə də makinaçılıq etmir, çap etdiyi mətnlərin qüsurlu yerlərinə ehtiyac olanda əl də gəzdirirmiş). Onu 1942-ci il oktyabrın 14-də danışdırırlar. Redaksiyaya göndərilən, Əlirza Abdullayevin adına yazılmış anonim məktubdan xəbəri olub-olmadığını soruşurlar. Deyir, tək mənim yox, həmin məktub gələndən 15-20 dəqiqə sonra bu haqda Yazıçılar İttifaqında olanların hamısının məlumatı vardı. Ancaq məzmunundan xəbərsizəm.
...1942-ci il iyulun 2-də Zülfiqarla Əlirzanı üzləşdirirlər. Zülfiqar deyir ki, Əlirza almanların işğalı altındakı rayonlardakı vəziyyətin sovetin nəzarəti altında qalan yerlərdən qat-qat yaxşı olduğunu söyləyirdi; almanlar Kerçi alanda "Qlavlit"ə gəlmiş Əlirza cəld mənim masama yaxınlaşaraq xəbər vedi ki, o, bir tanışından məktub alıb, həmin məktubun axırında "TİXORETSK" yazılıb və bu söz dalğalı xətlə işarələnib. Bu isə o deməkdir ki, almanlar Kerç boğazını keçib Krasnodar vilayətinin ərazisini tutublar və Cənuba doğru, Bakıya sarı hərəkət edirlər.
Üzləşmədə Əlirza Zülfiqarın dediklərinin hamısının yalan və böhtan olduğunu söyləyərək rədd edir. Zülfiqar niyə bunları deyirdi? İşgəncələrdən sonra etmədiklərini də etdim deməyə məcbur qalmışdı, ya həqiqətən bütün bu müzakirələr olmuşdu, amma indi həmin söyləyişlərin ona veriləcək cəzanın daha da ağırlaşa biləcəyindən ehtiyatlanaraq Əlirza bunları danırdı?
...1942-ci il avqustun 15-də Əlirza ilə Məmməd Məmmədovu üzləşdirirlər. Hər ikisi antisovet söhbətlər apardıqlarını inkar edir. Əlirza deyir ki, mən Məmmədin qardaşı Əlihüseyn Məmmədzadə ilə dostluq edirdim, Məmmədi 1936-cı ildən 1942-nin fevralınadək tanımışam, onların evinə tez-tez gedib-gəlmişəm.
Nəhayət, 1942-ci il aprelin 16-da qərar layihəsi tərtib edilir: "Əlirza Cəfər oğlu Abdullayev 1941-ci il boyu və 1942-ci ilin ilk aylarında özü kimi antisovet ovqatlı şəxslərlə birlikdə və onların əksinqilabi fikirlərini, təslimçi baxışlarını bölüşərək həm də öz növbəsində antisovet söhbətlər etmişdir. Bundan əlavə, "Vətən uğrunda" jurnalının məsul katibi olaraq 16 mart 1942-ci ildə əksinqilabi məzmunlu anonim məktub almış, ancaq müəllifini bilsə də, bunu sovet hakimiyyəti orqanlarından gizlətmişdir". Cinayət Məcəlləsinin 72-ci maddəsinin II hissəsi - antisovet təbliğat günahı ilə ittiham edilir və 10 il iş kəsilir.
Onu Sibirə aparan yollar gedərgəlməz idi...
Biz ayrılan zaman balaca quşlar
İlk bahar eşqilə nəğmə qoşurdu.
Biz ayrılan zaman diklər, yoxuşlar
Bir gizli sevdayla coşur, coşurdu.
Sənə də, sənə də qıydılarmı, ah?
Görüm ki, qırılsın naşı biləklər!
Hansı daşürəkli qaldırdı silah
O nazlı varlığa, ey lal fələklər?
Sirlərlə dolu idarənin qapalı arxivindəki vərəqləri saralıb-süzülmüş 5682 saylı, 1942-ci ilin aprelində açılıb oktyabrında bağlanmış köhnə bir qovluq. Bu bir şairin tale qovluğudur və orada bircə dənə də, bircə misra da şeir yoxdur. Bu qovluqda şeirlə döyünən bir qırıq ürəyin öldürülməsinin tarixçəsi yatır.
O coşqun ürəyi 26 yaşında susdurmasaydılar, bu qovluğun yerinə onlarla bu cür şeir dolu qovluqlar yarana bilərdi. Onu ömründən, bizi o qovluqlardan və həmin qovluqlardakı şeirlərdən məhrum etdilər. Şair Əlirza bəraətini 12 sentyabr 1966-cı ildə alıb. O bəraətin ona nə isti-soyuğu, bizə nə təsəllisi?! Gedənlər gedib və daha qayıtmayacaq.
19 may 2024