525.Az

Görkəmli alim Ramiz Əskər vəfat edib


 

Görkəmli alim Ramiz Əskər vəfat edib<b style="color:red"></b>

Tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist, filologiya elmləri doktoru Ramiz Əskər vəfat edib. O, iki həftə əvvəl açıq ürək əməliyyatı keçirmişdi.

Ramiz Əskər 1954-cü ilin yanvarın 10-da Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan radiosunda redactor, türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru, kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru, "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri, Xarici Turizm Şurasının idarə rəisi, "XXI əsr" qəzetinin baş redaktoru, "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi olub. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi idi. 2003-ci ildən Bakı Dövlət Universitetinin (BDU) müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri, 2012-ci ildən isə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri olub. Filologiya elmləri doktoru, BDU-nun professoru idi.

Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatı idi. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdü. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalisti idi.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr edib. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib. 

Ramiz Əskərə 2014-cü ilin yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilib. 
2024-cü il yanvarin 15-də dövlət başçısı tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!
 

 





22.05.2024    çap et  çap et