525.Az

Bakıda “Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə" sərgisi açılıb


 

Bakıda “Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə" sərgisi açılıb<b style="color:red"></b>

Latviyanın ölkəmizdəki səfirliyi Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə Azərbaycanda Latviya mədəni irsinə həsr olunmuş "Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə" adlı multimedia sərgisi açıb.

525.az xəbər verir ki, sərgi Latviya Seyminin sədri Dayqa Mierinanın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub. Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov Latviya ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb: “İki ölkə arasında son dövrlər inkişaf edən mədəni, siyasi, iqtisadi əlaqələr bizi sevindirir. Bu gün bizim muzeyimizin bu önəmli sərgiyə ev sahibliyi etməsinin böyük əhəmiyyəti var. Yuliys Straume özündən sonra böyük irs qoyub. Biz şadıq ki, bu irsdə Qafqazın, Azərbaycanın da izi var".

Latviya Seyminin sədri Dayqa Mierina çıxışında Latviya ilə Azərbaycan arasında mədəni əlaqələrin göründüyündən daha yaxın olduğunu bildirib. Onun sözlərinə görə, Latviyadan sənət adamları Azərbaycana gəlib və burada yaşayıblar. Sərginin keçirilməsi də məhz ölkələrimiz arasındakı mədəni əlaqələrin yaxınlığının göstəricisidir.

“Qarabağ regionuna səfər etdim, bu çox təsirli idi. Tarixinizin incisi olan Şuşanın ən qısa müddətdə yenidən dirçələcəyinə ümidvaram", - Dayqa Mierina vurğulayıb.

Tədqiqatçı Fuad Axundov Yuliys Straumemin zəngin yaradıcılığı barədə danışıb. O, Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur rəssamın özündən sonra böyük bir mədəniyyət körpüsü yaratdığını vurğulayıb. Bildirilib ki, Yuliys Straume Qafqazın dağ kəndlərində apardığı elmi araşdırmalar zamanı toxuculuq sənətinin öyrənilməsinə böyük maraq göstərib.

1907-1923-cü illərdə Y.Straume Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib. Elmi ekspedisiyalar zamanı o, tekstil qrafikasına, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlanmasına diqqət yetirib. Bu gün Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Straumun yaratdığı 500-dən çox əşya var.

Qeyd edək ki, Straume bu muzeyin yaradıcısı və ilk Gürcüstan dizayneri hesab olunur.

Straume 1908-1911-ci illərdə Şuşada “Realnı” məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərib. O, Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri olub və onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.

Sərginin aparıcı təşkilatçısı Latviya səfirliyidir. Sərgi Latviya Milli İncəsənət Muzeyi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Gülbenə Rayon Tarix və İncəsənət Muzeyi, “Druviena Old School” Muzeyi, Latviya Dövlət Arxivi, "Radošä apvienība "Piektā Māja" Yaradıcılıq Birliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun professoru Kübra Əliyeva, tədqiqatçı və məruzəçi Fuad Axundov ilə birgə tərəfdaşlıqla həyata keçirilir.

Multimedia sərgisinin dizaynı və bədii koordinasiyası Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayaya aiddir.

Pərvanə

 





22.05.2024    çap et  çap et