525.Az

Naxçıvanda pedaqoji kadr hazırlığı: son 100 ilin faktları və rəqəmləri


 

Naxçıvanda pedaqoji kadr hazırlığı: son 100 ilin faktları və rəqəmləri<b style="color:red"></b>

Rövşən VƏLİYEV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
(Naxçıvan Müəllimlər İnistitutu)

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan SSR Nazirlər Sovetinin 08 aprel 1965-ci il tarixli 229 nömrəli qərarı ilə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun Naxçıvan filialının müstəqil instituta çevrilməsini nəzərə alan Naxçıvan MSSR Maarif Nazirliyi 3 may 1965-ci il 149 saylı əmri ilə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun Naxçıvan filialının ştat vahidlərini saxlamaqla müstəqil olaraq Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutuna çevrilməsini rəsmiləşdirdi. Yarandığı gündən metodik mərkəz və filial kimi fəalliyyət göstərərək müstəqil instituta çevrilmiş Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda ayrı-ayrı fənn kabinələri təşkil edildi. Təkcə 1970-1971-ci tədris ilində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda 1125 müəllim təkmilləşmə kursu keçmişdi. Müəllimlər öz ixtiaslarının artırılması üçün Bakıya və digər şəhərlərə ixtisasartırma kurslarına göndərilirdilər.

Naxçıvanda məktəb sisteminin inkişafı, məktəblərin və şagird kontingentinin artması ixtisaslı müəllim kadrlarına ehtiyacı daha da artırdı. Naxçıvan ziyalıları, alimləri mütəmadi olaraq mətbuat səhifələrində səlahiyyətli orqanlar qarşısında regionda ali pedaqoji təhsil ocağının açılması məsələsini qaldırırdılar. Nəhayət, 1967-ci ilin iyulunda Naxçıvan şəhərində keçmiş 1 nömrəli məktəbin binasında 3 ştat vahidi olmaqla (direktor, tədris işləri üzrə direktor müavini və metodist) Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı öz fəailiyyətinə başladı. Bu vəzifələrə müvafiq olaraq Əli Əliyev, Yavuz Axundov, Mahmud Mahmudov təyin olundular. Filialın ilk müəllimləri İbrahim Mollayev (pedaqogika-psixologiya), İzzət Maqsudov (ədəbiyyat), Firuz Rəhimov, Allahverdi Hüseynov (ümumi tarix), İbrahim Hüseynov (Sov. İKP tarixi), Əli Həşimov (riyaziyyat) oldular. Sonralar Müzəffər Nəsirli, Qasım Qasımov, Möhsün Möhsünov, İbrahim Bağırov, İsmayıl Zeynalov, Zenfira Əhmədova, Nəriman Orucəliyev filiala saathesabı müəllim kimi dəvət olundular. İlk tədris ilində üç ixtisas - dil-ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə müəllim hazırlığına başlayan filialda sonralar ibtidai təhsil, coğrafiya və digər pedaqoji ixtisaslar üzrə müəllim kadrları hazırlanmağa başlandı.

1971-ci ildə filialın ilk buraxılışı oldu. Ümumiyyətlə isə 1971-1990-cı illərdə bu institutu 8247 nəfər məzun (5529 əyani, 2718 qiyabi təhsil üzrə) bitirmişdi. Filial kimi fəaliyyətə başladığı ilk dövrdə tədris ocağında bir sıra fənləri tədris etmək üçün Bakı şəhərindəki ali məktəblərdən müəllimlər dəvət olunurdu, filialın özündə isə cəmi 3 nəfər elmlər namizədi və 1 nəfər dosent işləyirdi.

1967-ci ildə APİ-nin Naxçıvan filialı kimi fəaliyyətə başlayan bu ali təhsil ocağı Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 12 iyun 1972-ci il tarixli qərarı ilə müstəqil instituta çevrilmişdi.

Müstəqil ali məktəbin yaradılması Naxçıvan Muxtar Respublikasının elmi mədəni inkişafına, burada ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərdi. Pedaqoji İnstitut sonralar, 29 dekabr 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin təşkili üçün böyük baza funksiyasını yerinə yetirdi. İnstitutda təkcə Naxçıvan MR üçün deyil, Azərbaycanın cənub-qərb rayonları, eləcə də Ermənistan SSR-nin azərbaycanlı əhalisi üçün yüksək ixtisaslı pedaqoji kadrlar hazırlanması nəzərdə tutulurdu. Bunun üçün institutda tələbə kontingentinin sayının artırılmasının, professor-müəllim heyətinin gücləndirilməsi (o zaman filialda 40 nəfər müəllim işləyirdi. Onlardan 7 nəfəri elmlər namizədi idi), yeni fakültələrin, kafedraların, ixtisasların, laboratoriya və fənn kabinələrinin təşkili, tədris və inzibati binaların tikilməsi və sair tədbirlərin həyata keçirilməsi təmin edilməli idi. İnstitutun fəaliyyətini təmin etmək məqsədi ilə Naxçıvan şəhərinin şimal-qərb hissəsində yerləşən bir sıra binalar ali məktəbin sərəncamına verildi. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin "Naxçıvan MSSR-də xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında" 8 yanvar 1974-cü il tarixli qərarında Naxçıvan Dövlət Pedaqoji İnstitutu üçün 1976-1978-ci illərdə 5 min kv. metr ümumi sahəsi olan tədris korpusunun tikintisi haqqında xüsusi bənd daxil edildi.

Naxçıvan Dövlət Pedaqoji İnstitutunun yaradılması Muxtar Respublika məktəblərini, bütün mədəni-maarif müəssisələrini yüksək ixtisaslı pedaqoji kadrlarla təminatının daha da yaxşılaşdırmasına, ziyalı təbəqəsinin genişlənməsinə gətirib çıxardı. 1971-1975-ci illərdə institutda 236 nəfər filoloq-müəllim, 197 nəfər tarix, 233 nəfər fizika-riyaziyyat, 142 nəfər coğrafiya müəllimi hazırlanmış, sonrakı illərdə tələbə qələbə xeyli genişlənmişdi. Növbəti beşillikdə instituta 437 nəfər tələbə qəbul olundu və orada 1971 nəfər tələbə oxuyurdusa, 1985-1986-cı tədris ilində buraya 450 nəfər tələbə qəbul olunmuş, tələbələrin ümumi sayı isə 2079 nəfər təşkil etmişdi. 1980-ci il ildə buranı 592 nəfər, 1990-cı ildə isə 440 nəfər məzun bitirdi.

Ulu öndər Heydər Əliyev 1974-cü ilin oktyabrında Muxtar Respublikanın 50 illiyi ilə əlaqədar Naxçıvanda olarkən NDPİ-yə də baş çəkmiş, tələbə və professor-müəllim heyəti ilə görüşmüşdü. Dövlət əhəmiyyətli bu görüş universitetin tarixi salnaməsində mühüm yer tutur. Məhz həmin görüşdən sonra respublikanın rəhbər orqanlarının, Muxtar Respublika rəhbərliyinin diqqəti instituta daha geniş miqyasda yönəldildi. Bunun nəticəsi olaraq ali məktəbin maddi-texniki bazası daha da genişləndi, burada yeni ixtisaslar açıldı. Naxçıvanda mövcud Pedaqoji İnstitutun bazasında müstəqil dövlət universitetini yaratmaq zərurəti haqqında ilk fikirlər də həmin tarixi görüşdə Heydər Əliyev tərəfindən irəli sürülüb. Regionda institut yaratmaq ideyasını Ulu öndər H.Əliyev Naxçıvanın Muxtar Respublika statusu daşıması, diyarın özünəməxsus coğrafi mövqeyi, strateji əhəmiyyəti kimi inkarolunmaz amillərlə əsaslandırmışdı. Bu da Naxçıvanda universitet yaratmaq ideyasının müəllifinin məhz Heydər Əliyev olduğunu göstərir.

Azərbaycanın ali məktəbləri ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşması və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır. Bu ali təhsil ocağı özünün müxtəlif mərhələlərindəki bütün inkişaf və tərəqqisi üçün bilavasitə Heydər Əliyevə borclu və minnətdardır.

Müstəqil Azərbaycanımızın gələcəyi olan uşaqların istər məktəbəqədər tərbiyə müəssisələrində, istərsə də ibtidai, əsas və tam orta məktəblərdə təlim-tərbiyəsinin düzgün istiqamətləndirilməsi hərtərəfli inkişaf etmiş gənc nəslin formalaşdırılmasına xidmət edir. Bu prosesin davamı olaraq onların ali təhsil almaları üçün ölkəmizin müxtəlif bölgələrində institut və universitetlərin son illərdə şəbəkəsi xeyli genişləndirildi. XX əsrin sonlarında Naxçıvanda, "Naxçıvan" universiteti yaradıldı. Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının yaradılması da bu qəbildəndir.

Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il fərmanına əsasən Naxçıvan Politexnik Texnikumunun bazasında təşkil edilən bu təhsil ocağının binası əsaslı surətdə təmir edilərək yenidən qurulmuş və maddi-texniki bazası genişləndirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2003-cü il tarixli qərarı ilə bu təhsil ocağı müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu adını alıb.

2000-2001-ci tədris ilində 21 nəfər tələbə ilə fəaliyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutunda bu gün 1300 nəfərdən artıq tələbə-bakalavr, 100 nəfər magistr təhsil alır. İnstitutda 2 fakültə, 8 kafedra, fənn kabinetləri və laboratoriyalar mövcuddur. Burada 15 ixtisas üzrə müəllim kadrları hazırlanır. Eyni zamanda magistratura şöbəsində 5 ixtisas üzrə kadr hazırlanır. Hazırda intitututda pedaqogika elm sahəsi üzrə dissertasiya şurası fəaliyyət göstərir. İnstitutu bitirən kadrlar MR və Azərbaycanın ümumtəhsil məktəblərində öz fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunan faktlar və rəqəmlər aydın sübut edir ki, qoca Şərqin qapısında böyük əzəmətlə dayanan Naxçıvan Muxtar Respublikasında ötən yüz ildə təhsil sahəsində böyük uğurlar qazanılıb.

 





22.05.2024    çap et  çap et