525.Az

“Yaxşı olardı ki, fransız rəsmiləri kolonial siyasətdən əl çəksinlər”


 

“Yaxşı olardı ki, fransız rəsmiləri kolonial siyasətdən əl çəksinlər”<b style="color:red"></b>

Fransa iyirmi birinci əsrdə də özünün müstəmləkəçilik siyasətindən əl çəkmək niyyətində deyil. Yeni Kaledoniyada son günlər baş verənlər bunu bir daha sübut edir. Paris illərdir azadlıq mübarizəsi aparan, öz haqqını tələb edən kanak xalqının səsini boğur, onların etirazlarını yatırmaq üçün ən amansız üsullardan istifadə edir, bölgəyə qoşun yeridir.

Fransa tarix boyu hegemonluq iddiasında olaraq öz imperialist maraqlarını gerçəkləşdirməyə çalışıb. Bunun üçün qətliamlar, soyqırımlar törətməkdən çəkinməyib. Tarixdən heç nəyi silmək olmur. Parisin də cinayətləri əsrlər keçsə belə, tarixdə qalacaq. Bu ölkə təkcə Əlcəzairdə 1,5 milyondan artıq insanı qətlə yetirib. Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini qarşı tərəfə verməkdən imtina edir.

Ümumiyyətlə, Fransanın Afrikada, Sakit Okean adalarında, Amerika materikində, Yaxın Şərqdə, bir sıra Asiya ölkələrində törətdiyi ağır cinayətlər, qətlimalar bu ölkənin utancverici tarixidir. İndi belə bir dövlət dünyaya demokratiya dərsi keçir, özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edir, Avropa İttifaqının əsas dövləti, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Halbuki törətdiyi əməllərə görə dünya birliyi tərəfindən ən sərt şəkildə qınanmalıdır.

Qeyd edək ki, Yeni Kaledoniyada son etirazlara səbəb Parisin konstitusiya dəyişikliyi ilə bağlıdır. Əslində bu dəyişiklik kanak xalqının iradəsinə ziddir və onların assimilyasiyasına hesablanıb. Fransa hökumətinin məqsədi miqrantlara səs hüququ verməklə ölkə üzərində müstəmləkəçilik siyasətini davam etdirmək üçün referendumda üstünlük qazanmaqdır. Bu, 1998-ci ildə imzalanan Numey razılaşmasının müddəalarının pozulması deməkdir.

Fransadan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyada son on ildə yaşayan fransız vətəndaşlarına regional seçki qanunvericiliyinə dəyişiklik edilməsi yolu ilə seçki hüququnun verilməsi de-yure və de-fakto kanakların azlıqda qalmasına, onların müxtariyyat hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaq.

Qeyd edək ki, Fransanın bütün cəhdlərinə baxmayaraq, müstəqillik istəyi yerli əhali üçün aktual olaraq qalır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan neokolonolist siyasətinə qarşı çıxan dünya dövlətləri sırasında ilk yerdə gedir. Çünki 21-ci əsrdə belə bir siyasətin aparılması yolverilməzdir.

Yeni Kaledoniyaya gəlincə, onlar öz mübarizələrində tam haqlıdırlar. Bir müddət əvvəl Bakıda səfərdə olan Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest yerli mediaya açıqlamasında Fransaya qarşı azadlıq mübarizəsində Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüquqlarının dəstəklənməsini istədiklərini dilə gətirib. O deyib ki, illərdir xalqımızın hüquqları pozulub, ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır: “Rəsmi Paris müasir dönəmdə də neokolonolist siyasətini davam etdirir. Azərbaycan Prezidenti də çıxışında açıq şəkildə Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı. Dövlət başçısı bu ərazilərdə yaşanan ağır vəziyyəti beynəlxalq tribunadan dünya ictimaiyyətinə çatdırdı. Ümidvarıq ki, Azərbaycan dövləti bizim haqlı mövqeyimizi sonadək müdafiə edəcək və beynəlxalq ictimaiyyətdən də bu məsələdə gözləntilərimiz böyükdür”.

Xatırladaq ki, 1998-ci ildə imzalanmış Numea sazişinə görə, Yeni Kaledoniya müstəqilliyinə qovuşmaq üçün 3 referendum keçirməlidir. 2021-ci ilin dekabrın 12-də 3-cü və sonuncu referendumda kanak xalqı müstəqilliyə səs verib.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “525”ə deyib ki, Yeni Kaledoniyada baş verənlər Fransanın neokolonial düşüncəsinin bir nəticəsidir. Çünki xalqların azad yaşamaq, azad düşünmək, müstəqil olmaq və demokratiya prinsipləri əsasında inkişaf etmək istəkləri boğulur, onun qarşısı alınır. Politoloq əlavə edib ki, Fransa ordusu da bölgəyə yeridilib.

“Bütün bunlar onu göstərir ki, Fransa özünü demokratiyanın beşiyi adlandırsa da, əslində zor bahasına, güc hesabına bölgədə öz varlığını, hakimliyini davam etdirmək niyyətindədir. Bu xüsusda Fransa prezidenti Emmanuel Makronun da bölgəyə həssas durumda səfər etməsi xüsusi nəzərə çarpır”, - İ.Hüseynov söyləyib.

O vurğulayıb ki, Fransa mediası bölgədə olan bütün zorakılıqları, vəhşilikləri gizlətsə də, bunu nail ola bilməyib, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi baş verən bütün hadisələri toplantı iştirakçılarının diqqətinə çatdırıb: “Eyni zamanda, bölgədə baş verən hadisələrə görə kənar dövlətlərin, xüsusilə Azərbaycanın günahlandırılması tamamilə yolverilməzdir. Yaxşı olardı ki, fransız rəsmiləri kanakların fikirlərini dinləsin, onların istəklərinə hörmət etsin. Həmçinin kolonial siyasətdən əl çəksinlər. Müasir zamanda çağdaş dövrdə hələ də köhnə üsullarla idarəetmə formasında icra etmək tamamilə yolverilməzduir. Fransa parlameninin hər iki palatasında zorla qəbul etdirilən qanun layihəsi əlbəttə ki, yerli əhalinin ürəyincə deyil və bütün insan hüquqları və azadlıqları burada məhdudiyyətlərə məruz qalır. Eyni zamanda, Fransa çalışır ki, bölgədə hakim mövqeyini daha da möhkəmləndirsin, artıq beynəlxalq nüfuzu hesabına qarşıya qoyulan bütün məqsədlərə nail olmaq Paris üçün əsas hədəfdir. Burada artıq bölgədə əhalini qorxutmaq, kənar miqrantları bölgəyə gətirməklə yerli kanak xalqını assimliyasiya etmək siyasəti uzun müddətdir ki, yürüdülməkdədir”.

Pərvanə

 





23.05.2024    çap et  çap et