525.Az

Ceyhun Məmmədov: “Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin, sabitliyin qorunmasına töhfəsini verəcək”


 

Ceyhun Məmmədov: “Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin, sabitliyin qorunmasına töhfəsini verəcək”<b style="color:red"></b>

“Bu gün Azərbaycan-İran münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu birmənalı şəkildə söyləyə bilərik. Bu, yeni, eyni zamanda, uğurlu bir mərhələdir. İki ölkə liderinin prinsipial, qətiyyətli siyasəti nəticəsində bu gün dövlətlərimiz arasında münasibətlər, əlaqələr sürətli bir formada inkişaf edir. Bildiyiniz kimi, bir müddət bundan əvvəl bir sıra məsələlərlə bağlı fikir ayrılıqları var idi. Artıq bütün fikir ayrılıqlarına son qoyulub”.

Bunu “525”ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin, eyni zamanda mərhum İran Prezidentinin açıqlamaları bir daha onu göstərdi ki, tərəflər əlaqələrin inkişafında, normallaşmasında maraqlıdırlar.

Deputat söyləyib ki, bu gün  Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir: “Mayın 19-da dövlət başçılarının iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışının çox mühüm əhəmiyyəti var. Bu layihələr hələ sovet dövründən gündəmdə idi və onların inşasına başlanıldı. Burada iki məqamı qeyd etmək lazımdır. 1994-cü ildə Ulu öndər Heydər Əliyev İrana səfər edərkən bu işlərin davam etdirilməsi ilə bağlı rəsmi Tehranla danışıqlar apardı və daha sonra bu proses uğurla davam etdirildi. 2016-cı ildə Prezident İlham Əliyevin İrana səfəri zamanı növbəti bir saziş imzalandı. Həmin sazişdə də tərəflərin hədəf və niyyətləri, məqsədləri öz əksini tapdı. Yəni o dövrdə bəziləri bu layihələri tam anlamırdılar, deyilirdi ki, niyə görə Azərbaycan belə bir layihələri icra edir, bu cür addımlar atır. Amma proseslər göstərdi ki, biz haqlı olaraq və uzaqgörən siyasətin nəticəsi olaraq bu addımı atmışıq. Qeyd edilən layihənin icrası dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini hər zaman olduğu kimi verib və verəcək. Bu gün bunun üçün hər iki dövlət çalışır”.

C.Məmmədov vurğulayıb ki, “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi zamanı Prezident İlham Əliyev çox önəmli məsələlərin üzərində dayanıb: “Dövlət başçısı qeyd etdi ki, bölgənin inkişafı, təhlükəsizliyin  təmin olunması ikitərəfli münasibətlərdən birbaşa asılıdır. Yəni ikitərəfli münasibətlərin inkişafı olmadan, bu sahədə ciddi addım atmadan heç nəyə nail olmaq mümkün deyil. Əlbəttə ki, bu gün hər iki dövlət də bu istiqamətdə gərəkən addımları atacaq. Görüş həm də iki dövlət arasında mövcud  ixtilaflara artıq son qoyulduğunu, onların bitdiyini göstərdi. Tərəflərin real istəklərini və məqsədlərini ortaya qoydu, onların nə dərəcədə bu məsələdə qərarlı və qətiyyətli olduğunu bir daha açıq-aydın göstərdi. Bu, birmənalı olaraq əlaqələrimizin növbəti mərhələdə də, növbəti günlərdə də inkişafını açıq aydın bir daha təsdiqlədi. Bu gün tərəflər çalışır, çalışacaq və gələcəkdə də bu istiqamətdə səylərini hər zaman olduğu kimi uğurla davam etdirəcəklər. Bunun üçün əsas olan tərəflərin real addımlar atmalarıdır. Artıq real addımlar atılır və bu, gələcəkdə də davam edəcək. Əlaqələrimiz daha sürətli, daha yüksək formada inkişaf edərək öz yüksək səviyyəsini bir daha təmin edəcək. Qeyd etdiyimiz kimi, bu da bölgədə təhlükəsizliyin, sabitliyin qorunmasına birmənalı öz töhfəsini verəcək, təsirini göstərəcək”.

Pərvanə

 





23.05.2024    çap et  çap et