525.Az

"Ən böyük arzum işğaldan azad olunmuş ərazilərdə tamaşa oynamaqdır"


 

VETERAN AKTRİSA GÜLDƏRƏN AZAYEVA: "HEÇ VAXT ÖVLADIMIN BU SAHƏDƏ OLMASINI İSTƏMƏMİŞƏM"

"Ən böyük arzum işğaldan azad olunmuş ərazilərdə tamaşa oynamaqdır"<b style="color:red"></b>

Bölgə teatrlarında fəaliyyət göstərən bəzi istedadlı aktrisalar var ki, göz önündə olmasalar belə, yaradıcılıqlarına nəzər yetirdikdə heç də populyar simalardan geri qalmadıqlarının şahidi oluruq. Bugünkü müsahibimiz Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına Xalq Teatrının aktrisası, əmək veteranı Güldərən Azayevadır. O, 50 ildən çoxdur ki, səhnədədir. Bu müddət ərzində regiondakı fəaliyyəti imkan verir ki, onu əsl sənət fədaisi adlandıraq. Güldərən xanımla söhbətimizi oxuculara təqdim edirik.

 

 - Güldərən xanım, uzun müddət mədəniyyət sahəsində çalışmısınız, kifayət qədər təcrübəyə maliksiniz. Hazırda bu sahədəki vəziyyət sizi qane edirmi?

- Əvvəlki illərə baxanda çox böyük irəliləyişlər var. Arzu edirəm ki, inkişaf bu templə də davam etsin. Əvvəllər valideynləri teatr, film sahəsinə gəlmək istəyən istedadlı gənclərə etiraz edirdilər. Yəni bacarıqlı olduqları halda, ailələri tərəfindən sənətə gəlməklərinə böyük əngəllər törədilirdi. Amma indi görürəm ki, valideynlər özləri gənclər üçün yol açmağa çalışırlar, əllərindən gələn qədər şərait yaradırlar. Bundan əlavə, həm də o dövrdə mədəniyyət sahəsində çatışmayan cəhətlər çox idi.

- Bildiyim qədərilə, həmin zamanlarda gənc aktrisalara münasibət də birmənalı olmayıb...

- Əlbəttə, həmin situasiyaları ürək ağrısı ilə xatırlayıram. Bu münasibət aktrisalarda müəyyən komplekslər yaradırdı. Xüsusilə, bölgələrdə vəziyyət yaxşı deyildi. Tamaşa oynayanda binaya arxa qapıdan girib-çıxırdıq ki, bizi görməsinlər və tanımasınlar. Bəziləri bizi küçədə-bacada görəndə səhnədə oynadığımız rolları yamsılayırdılar, bu da bizi utandırırdı. Ona görə istəmirdik ki, kim olduğumuzu bilsinlər... Onları qınamırdım, çünki bu sahə üzrə  anlayışları yox idi. Lakin zaman  keçdikcə xeyli dəyişikliklər oldu.  O günləri geri qaytarmaq olsaydı, həmin obrazları utanmadan və çəkinmədən bir də oynayardım.

- Nə vaxtsa sənətinizə layiqli qiymət verilmədiyi barədə düşünmüsünüz?

- Aktyorun mükafatı tamaşaçının alqışı və sevgisidir. Mən onları qazanmışam. Çünki səhnədəki  rollarımı hiss edərək oynamışam, obrazı bütün varlığımla yaşamışam. Buna görə də tamaşaçıların qarşısında özümü gümrah hiss edirəm. Oynadığım obrazların əksəriyyəti mükafatlara layiq görülürdü. Sabirabadda o dövrün çətinliklərinə səbir edərək fəaliyyətimi davam etdirdim. Elə hiss edirdim ki, dövlətimiz nə vaxtsa mənə fəxri ad verəcək. Düzdür, əmək veteranıyam. Mədəniyyət Nazirliyindən dəfələrlə fəxri fərman almışam. Bu sahəyə ömrünü həsr edən bir aktrisa kimi istəyərdim ki, dövlət tərəfindən fəxri adla təltif olunum.

- Oynamaq istədiyiniz, lakin oynaya bilmədiyiniz bir obraz var?

- Bir dəfə "Təhminə və Zaur" tamaşasını hazırlamaq istəyirdik. Hazırlıqlar görüldü, lakin rejissorumuz Zaur rolunu oynayacaq aktyor tapmadı. Zaur tapılmadı deyə tamaşa arzumuz havada qaldı. İstəyərdim ki, gənc olum və o tamaşada Təhminə rolunu oynayım. Bir də türk yazıçısı Orxan Kamalın "Yad qızı" tamaşasında Nazan obrazı mənə çox doğma gəlir. Teatrda mənə həmişə deyirdilər ki, sənin səsində titrəyiş var, klassik tamaşalarda daha uğurlu rollar oynaya bilərsən.

- Övladınızın bu peşənin davamçısı olmasını arzulamısız?

- Xeyr, heç vaxt övladımın bu sahədə olmasını istəməmişəm. Çünki qatlaşdığım əziyyətlərə istəmərəm qızım da düçar olsun. Nəinki qızıma, heç bir qadına rəva görməzdim ki, mənim keçdiyim yollardan keçsin.

- Gənc yaşlarınızda Bakıdan sizə dəvətlər olsa da, getməmisiniz. Buna görə peşman olmusunuz?

- Əlbəttə, peşmanlıq keçirirəm. O vaxtlar paytaxta gəlsəydim, bəlkə də, şöhrət baxımından hazırkı Əməkdar və Xalq artistləri ilə bir sıradaydım. Bölgədə işləmək olduqca çətindir. Əvvəllər bu sahədə kollec və ya universitet bitirən adamlar elə də çox deyildi. Amma indiki gənclərin hamısı İncəsənət Universitetində təhsil alırlar, bu sahəyə daha dərindən yiyələnirlər.

 - Özünüzü hansı obrazda tapmısınız?

- Mənə ən yaxın olan Rafael Hüseynovun "1109 nömrəli məhbus" tamaşasıdır. Sanki o səhnə əsəri mənim həyatımdan bəhs edir. Orada Dilbər obrazını oynayırdım, onun simasında öz gəncliyimi gördüm. Eyni zamanda, Səməd Vurğunun "Vaqif" pyesindəki Xuraman obrazında özümü tapmışdım.

- Hansısa filmə dəvət almısınız?

- Filmə çəkilməyə marağım olub,  amma təəssüf ki, dəvət almamışam. Teatr sahəsi daha  çətindir. Aktyorun söz bazası varsa, səninlə oynayan tərəf müqabili səni başa düşürsə, düşdüyün çətin vəziyyətdən çıxmağı bacarırsan. Kifayət qədər təcrübə olmadıqda səhnədə çətin vəziyyətdə qalırsan. Filmdə isə hansısa bir epizodu bir neçə dəfəyə çəkmək, asanlıqla montaj etmək mümkündür.

- Səhnədə qeyd etdiyiniz kimi, çətin anlarla üzləşmisiz?

- Dəfələrlə olub, lakin vəziyyəti idarə edə bilmişəm, tamaşaçı bunu hiss etməyib.

- Siz Birinci Qarabağ müharibəsində əsgər və zabitlərin qarşısında tamaşalarla çıxış etmisiniz. O günləri necə xatırlayırsınız?

 - O günləri xatırlamamaq olarmı? İstəyərdim, onlardan sağ qalanlarla görüşə bilim. Ən böyük arzum işğaldan azad olunmuş ərazilərdə tamaşa oynamaqdır. İşğaldan azad olunmuş bütün bölgələr mənim üçün əzizdir, lakin zabitlərlə görüşdüyümüz məkana gedib o günləri bir daha xatırlatmaq istəyirəm... Bir dəfə müharibə getdiyi ərazilərdə yolu azıb düşmən tərəfə keçmişdik. Ölümdən yox, əsir düşməkdən qorxurdum. Erməni terrorçularının qadınlarımıza, qocalarımıza, gənc qızlarımıza, uşaqlarımıza göstərdikləri vəhşiliyi fikirləşirdim. Yoldaşlarımdan xahiş etmişdim ki, düşmən bizi əsir götürsə, məni onların əlinə vermədən öldürün. Orada səhnə yoldaşlarımızın arasında yeganə qadın mən idim və başıma gətirilə biləcək hadisələr gözümün önündə canlanırdı. Hər gün Allaha şükür edirəm ki, o günlər geridə qaldı.

- Bildiyimə görə, həm də 20 Yanvar faciəsinin canlı şahidi olmusunuz...

- Bəli... Həmin gün Bakıda kurs keçməyə gəlmişdim. O dəhşətli gecə heç vaxt yadımdan çıxa bilməz. Axşam "Karvansaray" deyilən yerə gəldik. Orda bir körpü var idi, respublikanın bayraqları dəmirdən asılmışdı. Həmin körpünün üstündən keçən tanklardan millətə güllələr yağdırırdılar. Həmin hadisədən sonra uzun müddət yataq xəstəsi oldum.

Havar ŞƏFİYEVA

 





23.05.2024    çap et  çap et