525.Az

Gənc bəstəkarların əsərlərinə həsr olunmuş plenum


 

Gənc bəstəkarların əsərlərinə həsr olunmuş plenum<b style="color:red"></b>

Azərbaycan Bəstəkarlar İttifaqında 16-20 may tarixlərində gənc bəstəkarların əsərlərinə həsr olunmuş plenum tədbirlər keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən indiyə qədər gənc bəstəkarların yaradıcılığına həsr olunmuş doqquz plenumun keçirildiyini bildirib, bundan əlavə, gənc bəstəkarların yaradıcılığına həsr olunan bir sıra tədbirlərin, onların bəstələrindən ibarət konsertlərin təşkil edildiyini diqqətə çatdırıb.

Sonra plenumda iştrak edən gənc bəstəkarların əsərlərinə yer verilib. Qeyd edək ki, tədbirdə gənc bəstəkarlardan İlahə Qismət-Abdullanın "Rəngli lövhələr" (fortepiano məcmuəsindən pyeslər), Sevinc Əliyeva-Qəmbərovanın "Payız gecəsində düşüncələr" romansı, 3 hissəli sonata, Vəfa Bağırzadənin "Mərhəba" romansı, "Bir ümid işığı" violin və piano üçün pyesi, Fərid Fətullayevin "Ay üzlü nigarım" romansı, Tural Məmmədlinin "Ay işığında" piano üçün pyesi, Elvin Quliyevin skertso-vals (tar, kamança və piano üçün) kimi kamera-instrumental əsərləri səsləndirilib. Tədbir iştirakçıları gənc bəstəkarların əsərlərini müzakirə ediblər.

Gənc bəstəkar Aysel Kərim həmkarlarının vətənpərvərlik mövzusunda yazdığı əsərlərdən söz açıb: "Vətənpərvərlik mövzusunda yazılan əsərlər insan ruhunun daha dərin qatlarına qədər enir, vətənə məhəbbət hissini daha da artırır. Cəmiyyətdə vətənpərvərlik hissinin formalaşmasında təbliğatın çox böyük rolu var. Hər zaman ölkənin həyatında yaxından iştirak edən, üzvü olduğum Azərbaycan Bəstəkarlar İttifaqı bu əsərlərin geniş auditoriyaya təqdim olunmasında bacardığı hər dəstəyi göstərir. Şadıq ki, yazıb-yaratmaq eşqi ilə yaşayan, yaradıcılığında vətən mövzusuna biganə qalmayan, fəallıq göstərən gənc bəstəkarlarımız var. Bu müqəddəs mövzu Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri - Vüqar Məmmədzadə, Tural Məmmədli, Elvin Quliyevin yaradıcılığından da yan keçməyib. Onlar vətənpərvər əsərləri ilə qəlblərində coşub-çağlayan hissləri nota köçürüb, bunu ən gözəl şəkildə tərənnüm etməyə çalışıblar".

Plenum tədbirlərində iştrak edən gənc bəstəkar Vəfa Bağırzadə Azərbaycan Bəstəkarlar İttifaqının ölkəmizdə bəstəkarlıq ənənələrini qoruyub saxlamaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi: "Əsası Üzeyir bəy Hacıbəyli tərəfindən qoyulmuş professional Azərbaycan bəstəkarlıq məktəbinin estafetini müasir dövrdə davam etdirən gənc bəstəkarlara qayğı və diqqətin təzahürü plenumun işində öz əksini tapıb. Bu biz gənclərə stimul verməklə bərabər, sənət qarşısında böyük məsuliyyət hissi yaradır. Artıq 4-cü ildir ki, əsərlərim ilə plenumda çıxış edirəm. May ayının 15-i plenumun açılışında - kamera konsertində "Mərhəba" romansım (söz: Nəsimi) və "Bir ümid işığı" adlı əsərlərim uğurla səsləndi. Bu, əlbəttə ki, qürurverici və sevindiricidir. Bu şəraiti bizə yaratdığına görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadəyə təşəkkürümüzü bildiririk". 

Mayın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətində bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə simfonik konsert keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü ilə bu möhtəşəm konsertə gənc bəstəkarların vətənpərvərlik mövzusunda irihəcmli əsərləri daxil edilib. Konsertdə Tural Məmmədlinin "Şuşa fəthi", Vüqar Məmmədzadənin "İnsan", Elvin Quliyevin "Qayıdış", Eldar Babayevin "Gələcəyi düşünərkən" simfonik poemaları, İlahə Qismət-Abdullanın "Zəfər yolu", Fərid Fətullayevin "Dəstgah" simfonik orkestr üçün əsərləri səslənib.

Plenum tədbirlərdə fəal iştrak edən bəstəkar Sevinc Əliyeva-Qəmbərova qəzetimizə açıqlamasında belə tədbirlərdə mütəmadi iştirak etdiyini və bunun sənətinin inkşafında böyük rol oynadığını bildirib: "Tələbəlik illərində bir çox festival və konkurslarda iştirak etmişəm, müəyyən diplomlara layiq görülmüşəm. 2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının plenumlarında iştirak etməyə başlamışam. Bu plenumda fortepiano üçün yazdığım 3 hissəli sonata və Nüsrət Kəsəmənlinin sözlərinə yazdığım "Payız gecəsində düşüncələrim" romansım ifa olundu".

Qeyd edək ki, mayın 20-də isə plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında müzakirələr keçirilib.

Havar ŞƏFİYEVA

 





23.05.2024    çap et  çap et