525.Az

Sözündə yaşayacaqsan...


 

ƏZİZ DOSTUM ŞAİR İNQİLAB İSAQIN VAXTSIZ ÖLÜMÜNƏ

Sözündə yaşayacaqsan...<b style="color:red"></b>

Tanışlığımızın yaşı uzun illərlə ölçülsə də, dostluğumuzun yaşı 3-4 ilə söykənirdi. Səmimiyyəti, sadəliyi, halallığı, ən başlıcası, doğruluğu məni ona bağlamışdı. İnqilab İsaq söz adamı, amal adamı idi. Amalları və əməlləri qatar relsləri kimi paralel gedirdi.

O, işıqlı insan idi. Nurunu, ziyasını qədirbilən insanlardan əsirgəməzdi. O, əzəmətli çinar idi. Sərinliyini, mehini etibarlı, dostcanlı insanlara təmənnasız bəxş edirdi. Kimlərsə qeybətləri, dedi-qoduları ilə tanınmaq istəyəndə o, başını aşağı salıb sakit tərzdə öz yaradıcılığı ilə məşğul olurdu. Adı İnqilab olmasına baxmayaraq əslində sülh, barış adamı idi. Təşnə ürəklərə su səpir, viran könülləri bir xoş sözlə abad edirdi. Mən belə tanıdım, belə gördüm, bir dost kimi belə sevdim İnqilab İsağı. O, mənə də bu cür olmağı hər zaman tövsiyə edirdi.

Adına ölüm, kədər yaraşdırmadığım bu nurlu insan hər zaman nikbin, yüksək əhval-ruhiyyədə olurdu. Bəlkə də, yuxusuz gecələrinin bətnindən doğulan şeirləri onunçün toy-bayram, şənlik gətirirdi. Dəfələrlə Gəncə şəhərində yanaşı addımlayaraq çay süfrəsində əyləşmişdik. Ağzı mənlə danışsa da, fikri söz, şeir ovunda idi. Mənim üçün, bəlkə də, adi görünən hansısa hadisə, əşya onun düşüncəsində, duyğularında gözəl, mənalı, fəlsəfi şeirə çevrilirdi. İnqilab İsaq xoşbəxt insan idi. Ona görə ki, öz ömrünü söz ömrünə çevirməyi sənətkarcasına bacarırdı. Bəzi adamlar tənhalığı, özünə dərd etdiyi halda o, bu hissləri də poeziyaya, şeiriyyətə novatorcasına gətirirdi. İnqilab İsağın şeirlərində, demək olar ki, çiy sözə, boyat mənaya, bayağı fikirə rast gəlmək olmur. Çünki o hər sözü, hər kəlməni ürək kürəsində qızdırıb qələm-"çəkic"i ilə döyərək istədiyi şəkilə salmağı bacaran şair idi.

Öldü deməyə dilim varmayan, dostum. Sən yeni bir ömür qazandın, yeni bir həyata başladın. Bu, Söz ömrü, Söz həyatıdır. Sən Sözündə yaşayacaqsan.

İlham İNAM

18.05.2024

 





23.05.2024    çap et  çap et