525.Az

Ça­pa­raq not­lar - Firuz Mustafa yazır


 

Ça­pa­raq not­lar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

"Amma" və "isə"... birlikdə ola bilməz

 

Bəlkə də dilçi olmayanları başa düşmək olar. Amma sırf dil mütəxəssislərinin yazılarında qarşılaşdığımız bəzi səhvlər təəccüb və təəssüf doğurur. Uzun-uzadı danışıb vaxt almaq istəmirəm. Konkret olaraq mətləbə keçmək istəyirəm: "amma" bağlayıcısı və  "isə" sözü eyni bir cümlədə işlənə bilməz. Məsələn, yazılarda bu tipli cümlələrə tez-tez rast gəlirik: "Mən onu eşitməmişəm, amma o isə məni çağırırmış".

Cümlə ya belə olmalıdır: "Mən onu eşitməmişəm, o isə məni çağırırmış". Və yaxud cümlə bu cür olmalıdır: "Mən onu eşitməmişəm, amma o, məni çağırırmış".

Sözün qısası, "amma" ilə "isə" bir cümlədə eyni vaxtda işlənə bilməz. Ya "isə" olmalıdır, ya da "amma" (ancaq, lakin, fəqət).

Vəssalam.

P.S.  Yeri gəlmişkən, "isə" sözü dilçilik ədəbiyyatında müxtəlif vaxtlarda müxtəlif cür, məsələn,  "bağlama", "köməkçi söz", "köməkçi feil", "hissəcik", "ədat", "qarşılaşdırma bağlayıcı" və s. adlarla ifadə olunmuşdur.

 

Janrlar haqqında

 

Ədəbi janrlar haqda çoxdan yazdığım qeydlərdən:

"Hesab edirəm ki, nəsr (proza) ədəbiyyatın ən aparıcı janrıdır. Ciddi yazıçıların əsərləri getdikcə konkret, ölçülü-biçili paradiqmalara əsaslanır və bu mənada nəsr elmə yaxınlaşmaqdadır. Dünyada hələ nəsrə bir maraq yaşanmaqdadır. Tərcüməçilər reklamı olan romanları çevirmək üçün növbəyə durublar.

Dramaturgiya isə zaman keçdikcə kino ilə qovuşmağa üstünlük verməkdədir. Elə bu səbəbdən də müasir tamaşalarda kino elementləri fasiləsiz olaraq artmaqdadır. Pyesin oxucusu həmişə məhdud sayda olub.

Poeziya bir janr kimi musiqi ilə daha çox çulğaşmaqdadır. Poema isə artıq bir poetik janr kimi aradan çıxmaqdadır. Əsasən bu gün musiqi bəstələnən mətnlər öz mövcudluğunu qoruyub saxlamaqdadır. Poeziya daha çox milli hadisədir. Elə bu səbəbdəndir ki, bütün dünyada tərcüməçilər bu sahəyə az diqqət yetirirlər.

Ədəbi tənqid... Bu, sırf rus "hadisəsidir". Dünyada belə bir janr yoxdur. Əvəzində ədəbiyyatşünaslıq, esseçilik var..."

Əlbəttə, bütün bunlar ədəbiyyat müstəvisinə ümumi, qısa bir baxış hesab oluna bilər.

Axı ədəbiyyat haqda yalnız fikir söyləmək olar, hökm verməksə, olmaz...

 

Hamı kimi olmaq faciəsi...

 

Az qala, hamı hər yerdə (kimin əlinə hansı kürsü keçirsə, orada) danışır.

Az qala, hamı kimisə ittiham edir.

Az qala, hamı hamını günahkar bilir...

Maraqlıdır, nəyə görə "təqsir onda yox, məndədir" - deyən adama təsadüf olunmur və ya çox az təsadüf olunur? Niyə bu "hamının" içində özünü günahkar bilən şəxs(iyyət)lər yox kimidir?

Yəqin bu, ondandır ki, bizdə fərdlər, individlər, təklər azdır.

Yəqin bu, onunla bağlıdır ki, bizdə az qala hamı elə "hamı" kimidir...

Sanki hamı bir konveyrdən, bir surətçıxarma aparatından çıxıb.

Sanki hamı tirajlanıb.

Sanki hamı hamının "dublikatıdır".

Hamı kimi olmaq faciədir.

Hamılaşmaq bir ağır mərəzdir.

Çalışın, özünüz olun, "hamı" kimi olmayın.

Bəlkə düz mülahizə deyil?

 

Şərq və Qərb

(dixotomiya)

 

Cozef Redyard Kiplinq (1865-1936) deyirdi ki, Şərq Şərqdir, Qərbsə Qərbdir.

Stop.

Əslində Şərqlə Qərb arasında Çin səddi yoxdur. Amma, ancaq, lakin və fəqət... Arada bəzi fərqli məqamlar var.

Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.

Qərbdə rasionallığa, Şərqdə isə nağılçılığa meyl güclüdür.

Qərb ağla söykənir, Şərq qəlbə.

Qərb beşiyə təzim edir, Şərqsə qəbrə.

Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.

Qərb rasionaldır, Şərqsə irrasional.

Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.

Qərb sıçrayışlarla irəliləyir, Şərq isə  inersiya ilə.

Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.

Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı isə daha çox təbiətlə təması sevir.

Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.

Qərb çoxdandır ki, daha çox  fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.

Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.

Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.

Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.

Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.

Qərb analizə, Şərq sintezə üstünlük verir.

Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara isnad edir.

Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.

Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzlərin təmin edilməsinə.

Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.

Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.

Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.

Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.

Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.

Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.

Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq Qərbdən pulla geri alır.

Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.

Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər Çin səddi qədər enli yox, olsa-olsa Çin kağızı qədər nazikdir.

Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.

Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.

02.05.2002

 

Genlər haqqında

Gen məsələsinə münasibət

 

Öz fikrimi elmi mülahizələr və şəxsi müşahidələr kontekstində qısa şəkildə formulə edə bilərəm; zatən bu məsələyə münasibətdə fikir və rəy yekdilliyi olmasa belə...

Bir çoxları geni "hər şey", bəziləri isə "boş şey" kimi təsəvvür edir. Bəribaşdan deyim ki, hər iki baxış natamamdır. Əgər gen "boş şey" olsaydı, nə biologiya, nə seleksiya, nə də genetika elminə ehtiyac olardı. Yox, əgər gen "hər şey" olsaydı, o zaman bu dünyada heç bir elmə ehtiyac olmazdı; zira hər şey adamların "başında" əvvəlcədən "hazır vəziyyətdə" olacaqdı..

Bəli, cəmiyyətin, insanların həyatında genin rolu var. Bu, inkarolunmaz faktdır. Əgər belə olmasaydı, bəşər həyatında bu və ya digər sahələrdə uzun əsrlər boyu davam edən dominantlıq sıfıra bərabər olardı. Fikrimi sadə şəkildə izah etməyə çalışım: bir neçə nəslə mənsub olan sənət, elm, peşə sahibləri mövcuddur. Yəni elə nəsillər var ki, ulu baba da, baba da, ata da, övlad da... məsələn bəstəkar (və yaxud riyaziyyatçı, kimyaçı, rəssam, saatsaz və s.) olub. Bilirəm, bu fikrə etiraz edib müxtəlif əsaslı arqumentlər söyləyənlər də tapıla bilər. Belələri də haqlıdır və mən ona görə də sözümün lap əvvəlində qeyd etdim ki, əgər gen "hər şey" olsaydı, bu dünyada heç bir elmə olmazdı. Axı hər bir şəxsiyyətin yetişməsində təkcə genlər yox, təlim, təhsil, tərbiyə, mühit mühüm rol oynayır.

Beləliklə, genin rolu nə qədər önəmli olsa da, bu məsələdə sosial mühit daha əsaslı rol oynaya bilər. Bu, məsələnin birinci (qismən elmi) tərəfi.

Keçək ikinci "tərəfə". Məsələ burasındadır ki, "gen məsələsi" həm də siyasi xarakterli bir nəsnədir. Belə ki, uzun illər geni hegemon hesab edən nəzəriyyə olduğu kimi, onu inkar edən baxış da mövcud olmuşdur.

Birinci "nəzəriyyəyə" daha çox istinad edən siyasətçi Hitler olub. O, Nitsşenin ali irq (maviqanlılar) haqda mülahizələrini əsas tutaraq öz siyasi baxışlarını rasizm (irqçilik) baxışları ilə "zənginləşdirmişdir".

İkinci  nəzəriyyənin ən alovlu tərəfdarı isə Stalin idi. Stalin genetika və seleksiya elmini qətiyyən qəbul etmirdi, irsiyyət haqdakı elmi mülahizələri inkar edirdi. Bu mənada sovet siyasətinin "başbilənləri" uzun illər irsiyyəti inkar edən Lısenko təliminə isnad ediblər (Yeri gəlmişkən, akademik Trofim Lısenko bir müddət Azərbaycanda, Gəncədə çalışıb). Lısenko öz apardığı "təcrübələrə" istinad edərək belə bir qənaətə gəlmişdi ki, təbiətdə genlərin, irsiyyətin rolu sıfıra bərabərdir. SSRİ-nin "baş bağbanı Miçurin" də bu nəzəriyyənin tərəfdarı olmuşdur.

Lısenkovşina uzun müddət sovet elmində hegemon olmuşdur. Amma maraqlı burasıdır ki, genetikaya qarşı müharibə edilən dövrdə də bu sahədə tədqiqatlar davam etmişdir.

Dediyim odur ki, bu məsələnin (irsiyyətin, genlərin) rolu konkret elmi tədqiqatlar kontekstində araşdırılmalıdır.

Hansısa bir elm sahəsinin siyasiləşməsi isə həm elmin, həm də siyasətin ziyanına işləyir. Bunu tarix dəfələrlə sübut edib.

 

VAQİF küçəsi...

 

Bir məsələ məni münasibət bildirməyə vadar etdi...

 

Mən yer və küçə adlarının tez-tez dəyişdirilməsinin əleyhinəyəm.

Amma, ancaq və lakin...

İki görkəmli yazıçımız bir neçə əsəri müştərək yazıb. Onların birgə yazdığı povest və ssenari - "Uzaq sahillərdə" isə daha məşhurdur. Söhbətin yəqin ki, kimdən getdiyini bildiniz. Bəli, səhv etmirsiz, İmran Qasımov və Həsən Seyidbəyli bizim sevilən ədiblərimizdir. Amma indiki halda söhbət bu iki istedadlı qələm adamının yaradıcılığından getmir...

Bu günlərdə yolum "Nəsimi bazarı" (heç şairin də bazarı olar?) deyilən yerə düşmüşdü. Vaxtilə özüm də həmin ərazidə yaşamışam. Baxdım gördüm ki, geniş, yaraşıqlı küçələrdən biri yazıçı İmran Qasımovun adını daşıyir. Bir az aşağıda isə paralel bir küçə... Vaqif küçəsi. Öz-özümə düşündüm: olmaz ki, bir neçə əsərin həmmüəllifi olan bu iki yazıçının adını daşıyan küçələr də paralel olsun?

Məsələ təkcə bunda da deyil. Məsələ həm də burasındadır ki, vaxtilə Vaqifin adını daşıyan küçə "Baksovetdən" bir az yuxarıda, Az.Tv-dən bir az aşağıda idi və həmin məşhur küçədə "yazıçıların evi" deyilən bina yerləşirdi - səhv etmirəmsə, ünvan Vaqif-30 idi. Sonralar sovetin çökməyə başladığı dövrdə Vaqifin adı oradan götürüldü və həmin küçə mərhum yazıçının Baksovetdə işləyən oğlunun təşəbbüsü ilə oldu Həsən Seyidbəyli küçəsi.

Bu, yaxşı ənənə deyil.

Bizcə, Vaqifin adını yenə "yerinə qaytarmaq" lazımdır.

Olmaz ki, bir neçə əsərin həmmüəllifi olan iki gözəl yazıçının - İmran Qasımovla Həsən Seyidbəyli adını daşıyan küçələr paralel olsun?

P.S. Həsən Seyidbəylinin nəvəsi də gənc yazıçıdır və babasının ad-soyadını daşıyır. Çox sevindirici haldır.

19.02.12

 

Kimə necə müraciət etməli?

 

"Əttökən" xitablar...

Qocamanlara da, ağsaqqallara da hörmətim, sayğım böyükdür. Amma düzünü deyim ki, adamlara müraciətən deyilən "ay ağsaqqal" (və ya "kişi", "ay qoca", "dayday") müraciətlərindən şəxsən mənim fərdi qaydada heç xoşum gəlmir.

Yəqin ki, qadınlar da "ay arvad", "xala", "nənə", "ağız", "bibi" müraciətini yaxşı qarşılamırlar.

P.S. Nədənsə bizdə vahid müraciət formasının zəruriliyi ortaya gələndə hər ağızdan bir avaz gəlir. Halbuki az qala bütün millətlərdə, xalqlarda vahid müraciət qaydası var. Ki yəni hər cinsə və hər yaşa malik olan adamlara konkret şəkildə müraciət etmək formaları mövcuddur.

 





23.05.2024    çap et  çap et