525.Az

İslam dinində elmə və təhsilə təşviq


 

İslam dinində elmə və təhsilə təşviq<b style="color:red"></b>

Müasir dünyada bir milyardan çox insanın etiqad etdiyi İslam dinində elmə və təhsilə yüksək qiymət verilir. Müxtəlif mənbələrdən istifadə etməklə hazırladığımız bu yazıda mövzuya əsaslı şəkildə aydınlıq gətirməyə çalışacağıq.

İslam dininin təməl qaynağı olan Qurani-Kərimdə və hədis ədəbiyyatında elm və təhsilin əhəmiyyətini izah edən, insanları elm öyrənməyə, öyrətməyə və təhsil almağa səsləyən yüzlərlə ayə və hədis mövcuddur.

Məsələn, "Taha" surəsində (ayə 114) deyilir: "Ey Rəbbim! Mənim elmimi artır!" "Mücadələ" surəsində (ayə 11) oxuyuruq: "Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın". Çoxsaylı hədislərin birində isə belə deyilir: "Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə onun elminin əmanətdarlarıdır". 

İslamda elm və bilik imanın önəmli qaynaqlarından hesab olunur. "Ali-İmran" surəsində oxuyuruq: "Elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı daha çoxdur". Məhəmməd Peyğəmbərin: "Bütün fəzilətlərin, üstünlüklərin, yaxşılıqların, bütün bəyənilmiş xüsusiyyətlərin hamısının kökü və bünövrəsi elmdir" - söylədiyi bildirilir. Hz.Əli isə buyurub: "Elm maldan xeyirlidir. Çünki malı xərclədikcə azalır, elm isə xərcləndikcə çoxalır".

İslam dinində elm öyrənmək böyük savab sayılır və Uca Yaradanın əmri hesab olunur. Bu mənada Peyğəmbərə ilk nazil olan ayənin "Oxu" əmri olması təsadüfi sayılmamalıdır (Sinonimlər lüğətində "oxu" sözünün qarşılığı "öyrənmək" kimi verilir).

Elm, bilik öyrənmək üçün sərf olunan zəhmət Allah yolunda sərf olunmuş zəhmət hesab olunur. Müqəddəs Kitabda Allah bilənlərlə bilməyənlərin eyni tutulmasının düzgün olmadığını bildirir, elmlə məşğul olanlara, elm öyrənənlərə yüksək qiymət verir, onları xüsusi fərqləndirir. "Zumər" surəsinin 9-cu ayəsində deyilir ki, "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!" "Mücadələ" surəsində o da qeyd olunur ki, Allah elm dalınca gedən insanların dərəcələrini yüksəldəcəkdir.

Quranda elmlə bağlı çoxlu ayələr olmasına baxmayaraq, oradakı detalların (Allahın sirlərinin) izahını və təsvirini indiki elmi əsərlərdə və dərsliklərdə olan kimi axtarmaq absurddur. Quran riyaziyyat, fizika və kimya düsturlarını, biologiyanı, tibbi, bəşəriyyətin tarixini, nüvə fizikasını, psixologiyanı, sosiologiyanı, informasiya texnologiyalarını və sairi öyrətmir, bunu gözləmək də düzgün deyil.

Qurani-Kərim Allahın bizə rəhbər kimi nazil etdiyi kitabdır, o, doğru yolu göstərir, elmi gerçəklərə toxunur və bu yöndə ipucu verir. İnsanları Allahın yaratma sənətindəki detalları və dünyanı necə yaratdığını bilmək üçün öyrənməyə və araşdırmağa təşviq edir. İnsanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, özlərinin doğuluşunun, dillərinin və rənglərinin müxtəlif olmasının, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Başqa sözlə, İslam dini, elmi Allahın yaratma sənətindəki detallara yetişməkdə bir yol kimi qəbul edir. Bu detallara yetişmək üçün isə hər bir insan elm və ürfan  sahibi olmalıdır. 

Allahın yaratdıqlarını düşünməyə, öyrənməyə və araşdırmağa cəhd edənlər haqqında Peyğəmbər hədislərdən birində buyurur: "Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən, Allah elm axtaranları sevir".

İslamda elmdən söhbət gedəndə bəziləri ancaq dini elmləri nəzərdə tuturlar. Bizcə, bu, tamamilə yanlış düşüncədir. Quranda və hədislərdə "dini və dünyəvi elm" deyə bir şey yoxdur. Sadəcə elm anlayışı var ki, bu da faydalı olan hər bir elmi ehtiva edir. Tədqiqatçıların fikrincə, Quranda olan ayələr, ilk cərrahi əməliyyatdan tutmuş, cəbr, həndəsə, coğrafiya, kimya, astronomiya və sair elmlərdə olan kəşflərin, dövrümüzə qədər aktuallığını saxlayan bir sıra elmi nəzəriyyələrin müsəlmanlar tərəfindən irəli sürülməsi və tətbiq edilməsi, klassik elmi biliklərin yunan, Çin, sanskrit, fars dillərindən ərəb dilinə tərcümə olunması, zəngin kitabxanalar və sair, İslam dininin bütün faydalı elmlərin (o cümlədən, dünyəvi elmlərin) öyrənilməsinə xüsusi önəm verdiyini göstərir.

İslam dininin heç vaxt elmlə ixtilafı və ya qarşıdurması olmayıb. Elm də heç vaxt İslam dinini təkzib etməyıb. Faktlar göstərir ki, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox elm adamlarının ən böyük motivasiya mənbəyi olub. Məsələn, J.Kepler Allahın əsərlərindəki ləzzəti duymaq üçün elmlə maraqlandığını, görkəmli elm adamlarından İ.Nyuton elmi araşdırmalar aparmasının səbəbinin Allahı tanımaq istəyi olduğunu söyləyib. Yerin günəşin ətrafında hərəkət etdiyini kəşf edən Əbu-Reyhan Biruni isə deyirdi: "Mənim elmlə məşğul olmağımın başlıca səbəbi "Ali-İmran" surəsinin 191-ci ayəsidir". A.Eynşteyn bu həqiqəti "din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər" şəklində ifadə etmişdi.

Tədqiqatçılar göstərirlər ki, İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar çox sürətli və dəqiq nəticələr verir. Başqa sözlə, dindən - doğru nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda, ən az əmək və enerji sərf edərək aşkara çıxarır. Elm və etiqad vəhdətdə möhtəşəm işlər meydana gətirir.  Görünür, "Elm dindən ayrıdırsa, uçurum, din elmdən ayrıdırsa, xurafatdır" yanaşması əbəs yerə meydana çıxmayıb.

Onu da qeyd etmək lazımdır ki, İslam dini, elm axtarışında yer, zaman, yaş, cins, dil ayrı-seçkiliyi etmir. Təsadüfi deyil ki, hədislərdə deyilir: "Elm Çində də olsa, dalınca gedin", "Beşikdən məzara qədər öyrənin".

Quranda elm adamlarından ciddi məsuliyyət tələb olunur. İslama görə, elm adamları möminlərin məsuliyyətini və cavabdehlik hissini artıran, insani vəzifələrin dərk olunmasına səbəb olan elmlə məşğul olmalıdırlar. Onların elmi fəaliyyəti cəmiyyətdə quruculuğa və inkişafa yol açmalıdır. İslamın qəbul etdiyi elm də məhz bəşəriyyətin ülvi məqsədlərinə xidmət edən və onu kamilliyə doğru istiqamətləndirən elmdir. Həzrət Əlinin dediyi kimi, "Elmin ən yaxşısı fayda verəndir".

Quran ayələrində və hədislərdə elm və bilik sahibi olmağın üstünlükləri də aydın şəkildə göstərilir. Göstərilir ki, elm sahibi olanların imanları artır, Allahın rizasını və sevgisini qazanırlar. Onlar kainatın və təbiətin sirlərinə vaqif olurlar. İslam əxlaqına uyğun yaşayır və bu əxlaqa zidd ideologiya, o cümlədən, fanatizmlə daha fəal mübarizə aparırlar. Quran əxlaqını daha yaxşı təbliğ edirlər. Geniş dünyagörüşünə malik olurlar. Baş verən hadisələri daha doğru qiymətləndirə və problemlərə daha tez və səmərəli həll yolları tapa bilirlər.

İslam dinində elmlərin öyrədilməsinə - təhsilə də böyük əhəmiyyət və dəyər verilir. Quranda təhsilə və təlim-tərbiyəyə aid olan oxuma, yazma, qələm, əxlaq, insanın tərbiyəsi və yetişdirilməsi ilə əlaqədar ayələrin olması bunun sübutu sayıla bilər.

İslam dini biliyin başqaları ilə paylaşılmasını vacib bir dəyər olaraq qəbul edir. Hədislərin birində, biliyi bilməyənlər arasında yaymaq ən böyük sədəqə hesab olunur. 

Məhəmməd Peyğəmbərin fəaliyyətini izləməklə dinimizdə təhsilə yüksək qiymət verilməsinə tam əmin olmaq mümkündür. Peyğəmbər bir hədisdə öz vəzifəsinin mahiyyətini belə açıqlayır: "Allah məni bir müəllim olaraq göndərmişdir". İnsanlar hələ o vaxt bir şeylər öyrənmək üçün onun yanına gələrdilər. O, hələ Məkkə dövründə Darül-Əkramı bir təhsil mərkəzi olaraq istifadə edir, təhsilin yayılması üçün yerlər müəyyənləşdirir, ehtiyac olan yerlərə müəllimlər göndərirdi. Hicrətdən sonra Mədinədə həm də təhsil mərkəzi olan Məscidi Nəbəvi, onun yanında yataqxanalı  "suffa" adlanan məktəbi açılmışdı. Bundan başqa, Peyğəmbər hər məhəllədə bir məscid qurdurmuş, "Darül-Kurra" adlanan axşam məktəbi formasında təhsil yerləri açdırmışdı. İslam dini yayıldıqdan sonra Azərbaycanda da belə təhsil müəssisələri açılıb. Gəncə, Şamaxı və digər böyük şəhərlərdə məscidlərin nəzdində məktəb və mədrəslər yaradılıb. Məsələn, Şamaxının "Məlhəm" mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri olub. Burada dini elmlərlə yanaşı, tibb, anatomiya, əczaçılıq, riyaziyyat, məntiq və sair öyrədilirmiş. Faktlar göstərir ki, XVII əsrdə Azərbaycanda 1200 məktəb və 100-dən çox mədrəsə fəaliyyət göstərirmiş. XVII əsrin məşhur türk səyyahı Övliya Çələbinin məlumatına görə, 1647-ci ildə təkcə Təbrizdə 600-dən çox məktəb, 47-dən çox böyük mədrəsə mövcud olub. Bu təhsil mərkəzləri insanların savadlanmasında böyük rol oynayıb.

İslam dini müəllimlik peşəsinə çox yüksək qiymət verir, vurğulanır ki, başqalarına elm öyrətmək məqsədilə elm öyrənən kəs Allah yolundadır. İslamda müəllimlik o qədər yüksək və müqəddəs tutulur ki, uca Yaradan belə, özünü müəllim adlandırır. Məsələn, "Bəqərə" surəsinin 31-ci ayəsində oxuyuruq: "Allah Adəmə müəllimlik etdi. Ona elm öyrətdi". "Rəhman" surəsində isə belə deyilir: "Allah insanlara bilmədiklərini öyrətdi" (ayə 5).

İslam dinində müəllimliklə məşğul olanların - təhsilverənlərin qarşısında çox ciddi tələblər qoyulur. Belə ki, onlar hər şeydən əvvəl yüksək əxlaqi-mənəvi keyfiyyətlərə sahib olmalıdırlar. Müəllim daim öz üzərində çalışmalı, oxuyub öyrənməli, biliyini və peşə səviyyəsini durmadan artırmalı, elmini tələbələrdən əsirgəməməli, şagird və tələbələri ilə ədalətli davranmalıdır. Təhsildə asanlaşdırıcı metodlara üstünlük verməli, səbirli və dözümlü olmalı, hirsə və şiddətə yol verməməlidir. Peyğəmbər özü də bilik öyrədən və bilik öyrənənlər arasında xoş münasibəti vacib hesab etmiş, hirsə və şiddətə qarşı olmuş, müəllimlərə səbirli və dözümlü olmağı məsləhət görmüşdü. 

İslam dininin mənəvi sərvətləri, o cümlədən, insanları elm öyrənməyə və öyrətməyə, təhsil almağa təşviq etməsi bütün zamanlarda olduğu kimi, bu gün də aktualdır.

 





23.05.2024    çap et  çap et