525.Az

Qırğızıstan səfirinin Nizami ruhlu Gəncə səfəri


 

Qırğızıstan səfirinin Nizami ruhlu Gəncə səfəri<b style="color:red"></b>

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev Gəncəyə qeyri-rəsmi səfər edib. O, AMEA Gəncə Bölməsində də olub və xüsusən bu elm ocağının nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qırğız Respublikakının səfiri ilə görüş zamanı AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şair və mütəfəkkirin irsinin öyrənilməsi və təbliği üzrə fəaliyyət göstərən bu elmi qurumun tədqiat istiqamətləri haqda danışıb. Ə. Muxtarov nizamişünaslığımızın patriarxlarından olan mərhum professor Xəlil Yusiflinin Gəncədə bu Mərkəzin yaradılmasında xüsusi rolunu vurğulayıb. O, həmçinin AMEA Gəncə Bölməsinin və onun Nizami Gəncəvi Mərkəzinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də burada çap edlən elmi ədəbiyyat və dövri nəşrlər, o cümlədən “Nizamişünaslıq” jurnalı haqda məlumat verib.

Görüş zamanı səfir K.Osmonaliyev Azərbaycanın və ümumən Türk dünyasının böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması üzrə mərkəzin onun doğma yurdunda fəaliyyət göstərməsinin təqdirəlayiq hal olduğunu dilə gətirib. Qonaq Gəncədə fəaliyyət göstərən alim və tədqiqatçıların qırğız həmkarları ilə əlaqəlaərinin qurulması və inkişaf etdirilməsi məsələlərinə də toxunub. K. Osmonaliyev həmçinin Azərbaycan ilə Qırğızıstanın bir sıra şəhərləri, o sıradan, özünün doğma yurdu olan Oş  ilə Gəncə arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılması məsələsi ətrafında müzakirələr aparıldığını  qeyd edib.

Fikir mübadilələrindən sonra səfirə AMEA Gəncə Bölməsi tərəfindən nizamişünaslıq mövzularında buraxılmış kitablar və Heydər Əliyev Fondunun nəşri olan “Nizami Gəncəvi - Xəmsə miniatürləri” (ingilis dilində) toplusu təqdim edilib. Bu kitablar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ilin oktyabr ayındakı  Qırğızıstana dövlət səfəri zamanı Bişkek şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 103 saylı orta məktəbə çatdırılacaq. 

Kayrat Osmonaliyev də Gəncənin bu elm ocağına  qırğız xalqının təşəkkül tapması və onun mədəniyyəti mövzularından bəhs edən və Türksoy- Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı tərəfindən çap edilmiş  “Qırğızlar” adlı ensiklopedik nəşr və bu xalqın tanınmış yazıçısı Alıkul Osmonovun “Zamandan zamana” kitabını  bağışlayıb.

Zakir MURADOV, Gəncə

 





23.05.2024    çap et  çap et