525.Az

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib


 

Tələbələr arasında beş fənn üzrə respublika olimpiadasının final turu keçirilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) ali təhsil müəssisələrinin tələbələri arasında fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya fənləri üzrə respublika olimpiadasının final turu keçirilib. Bilik yarışı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və BDU-nun 105 illik yubileyinə həsr olunub.

Universitetdən 525.az-a bildirilib ki, olimpiadanın məqsədi Azərbaycanda fizika, riyaziyyat, kimya, biologiya və coğrafiya elmləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini daha da yüksəltmək, istedadlı tələbələri aşkarlamaq və dəstəkləmək, onları elmi-tədqiqat fəaliyyətinə cəlb etmək, habelə tələbələr arasında elmi bilikləri təbliğ etməkdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı keçirilən olimpiadada BDU ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Lənkəran Dövlət Universiteti və Bakı Mühəndislik Universitetindən fizika fənni üzrə 70, riyaziyyat fənni üzrə 66, kimya fənni üzrə 70, biologiya fənni üzrə 170, coğrafiya fənni üzrə 38 tələbə iştirak edib.

İştirakçılara verilən suallar peşəkar müəllimlər tərəfindən hazırlanıb və çətinlik səviyyəsinə görə olimpiadaların tələblərinə uyğun olub. Sualları cavablandırmaq üçün iştirakçılara 3 saat vaxt verilib. Proses başa çatdıqdan sonra cavablar müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrindən ibarət Münsiflər Heyətinə təqdim edilib.

Olimpiadanın qalibləri və mükafatçıları mayın 24-də elan olunacaq.

Sevinc Qarayeva 

 





23.05.2024    çap et  çap et