525.Az

Azərbaycan-Tacikistan: Yeni hədəflərə doğru


 

Azərbaycan-Tacikistan: <b style="color:red"> Yeni hədəflərə doğru</b>

Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni bir dinamika özünü göstərir. Burda əlbəttə ki, xalqlarımız arasında tarixi, mədəni bağlar da mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələr hər zaman prioritet olub. Bu regionla münasibətlərin genişləndirilməsi və möhkəmlənməsində yüksək səviyyəli səfərlər xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən, regionun türkdilli ölkələrinə ardıcıl səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrin dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.

Dövlət başçısı Mərkəzi Asiya ölkələri ilə münasibətlərdən danışarkən deyib ki, bu gün ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var: "Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımaların illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq".

Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir: "Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. ...Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir".

Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən, Tacikistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir. İki ölkə arasında münasibətlərin xronikasına, səfərlərin statistikasına nəzər saldıqda da bunu bir daha görmək mümkündür.

Tacikistanla Azərbaycan arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə qurulub. 2007-ci ilin avqust ayında Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Bir məqama da diqqət çəkmək lazımdır ki, 1996-1999-cu illərdə "BMT ilə ATƏT arasında əməkdaşlıq haqqında" qətnamə layihəsində Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən, mühüm əhəmiyyət kəsb edən düzəliş Tacikistan tərəfindən dəstəklənib.

Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün 10 dekabr 1997-ci ildə  Tehranda səfərdə olarkən Tacikistan Prezidenti Emoməli Rəhmanovla görüşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib.

Görüş zamanı Prezident Heydər Əliyev bildirib: "Hər iki gənc müstəqil respublikanın nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etməsinin böyük əhəmiyyət daşıdığını nəzərə çarpdıraraq əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü həm Azərbaycanın, həm də Tacikistanın qarşılaşdığı problemlərin tezliklə aradan qaldırılmasına kömək edən sənədlər qəbul edəcək".

Azərbaycanın hazırkı lideri İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri burada mühüm rol oynayır. Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib. Azərbaycan Prezidenti 2023-cü ildə dost ölkədə iki dəfə səfərdə olub. Dövlətimizin başçısı 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri edib. Prezident İlham Əliyev ötən il sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Prezident Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana hazırkı dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi iki ölkənin yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Azərbaycan və Tacikistanın prezidentləri Bakıda təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək 7 sənəd imzalanıb.

İki ölkənin əməkdaşlığının gücləndirilməsi üçün böyük potensial mövcuddur. Burada iqtisadi sahəni xüsusilə vurğulamaq lazımdır. Düzdür, hazırkı iqtisadi göstəricilər ölkələrimizin potensialını tam əks etdirmir. Belə ki, illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır ki, bu da çox azdır. Amma bu istiqamətdə yüksək nəticələrə nail olmaq üçün hər iki tərəf maraqlıdır və qarşıdakı illərdə artıq irəliləyişi görmək mümkün olacaq. Yada salaq ki, bu ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb. Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir. Prezident İlham Əliyev Emoməli Rəhmonla geniş tərkibdə görüşdə deyib ki, müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır: "Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır".

Onu da vurğulayaq ki, Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində - mayın 20-də Bakıda Azərbaycan-Tacikistan İnvestisiya Forumu keçirilib. Forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb.

Qeyd edək ki, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın altı iclası keçirilib. Sonuncu iclas ötən il iyulun 7-də Bakıda baş tutub.

Tacikistanla iqtisadi əlaqələrdən danışarkən bir mühüm məqamı mütləq xatırlamaq lazımdır. Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Ümumi gücü 2.700 MVt olan "Nurek" Su Elektrik Stansiyası paytaxt Düşənbə də daxil olmaqla Tacikistanın əksər ərazilərini işıqla təmin edir. Xatırladaq ki, hazırda stansiyanın modernləşdirilməsi istiqamətində kompleks işlər aparılır və bunun nəticəsində stansiyanın layihə gücü 3200 MVt-a çatdırılacaqdır.

Prezident Rəhmon 2009-cu ildə Tacikistanda keçirilən Beynəlxalq simpoziumda deyib ki, tacik xalqı dahi şəxsiyyətin yaxşılığını unutmayacaq.

Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir.

İki ölkəni həm də dərin tarixi mədəni əlaqələr birləşdirir. Qarşılıqlı olaraq mədəniyyət günləri, kino həftəsi keçirilir.

Bu il mayın 20-də Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyət Günlərinin açılışı olub. Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

Göründüyü kimi, Azərbaycan və Tacikistanı həm tarixi bağlar, həm müstəqillik illərində formalaşan yüksək səviyyəli münasibətlər, eləcə də Prezident Rəhmonun sözləri ilə desək, zamanın sınağından çıxmış münasibətlər birləşdirir.

Eyni zamanda, hər iki dövlətin liderlərinin əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması üçün ortaya qoyduqları qətiyyətli mövqe var. Bu mənada Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri münasibətlərin daha da irəliyə aparılmasında və qarşıya qoyulmuş hədəflərə nail olunmasında öz töhfəsini verəcək.

 

 





24.05.2024    çap et  çap et