525.Az

Möhtəşəm yaradıb Yaradan səni


 

Möhtəşəm yaradıb Yaradan səni<b style="color:red"></b>

Hüseyn BAĞIROĞLU

 

 

Aciz deyilsən

 

Möhtəşəm yaradıb Yaradan səni,

Puç etmə ümidin uca göylərin.

Aparmaz tufanlar aradan səni,

Əzəl incisisən qoca göylərin.

 

Sən əgər istəsən, istəsən əgər

Səninlə, ağlayıb - gülər bu dünya;

Durub, ayağına gələr hər səhər,

Hər axşam qapında mələr bu dünya.

 

Yetər ki, imanla aşıb-daşasan,

Sarmaşıqtək sarmaşasan eşq ilə.

Sən ki, qoca kainatla qoşasan,

Zirvələrə dırmaşarsan eşq ilə.

 

Ruhunda gizlənən gücü ara sən,

Heyifsən özündən xəbərsiz olma.

Hər yerdə hər şeyin bətnini görən,

O sirli gözündən xəbərsiz olma.

 

Qoyma sındırsınlar qanadlarını,

Ulduzdan ulduza uçmaq üçünsən.

Qopar beynindən o qandallarını,

Göylərin sirrini açmaq üçünsən.

 

Çəkilib kənardan özünə bir bax,

Sahilsiz ümmansan, dəniz deyilsən.

Di qaldır başını, üzümə bir bax,

Sən aciz deyillsən, aciz deyilsən.

 

And içir

 

Yenə dağ başına qoyub özünü,

O gözəl çəkdiyi dağa and içir.

Qəriblər gözündən düşübdür deyə

Çiçəklər hər səhər şehə and içir.

 

Qəlbi qəm əlində süzülən aşiq,

Ruhu ayaq altda əzilən aşiq,

Əli yerdən-göydən üzülən aşiq,

Köksünə sancılan oxa and içir.

 

Qibləsi olmadı göydən savayı,

Bir həmdən bulmadı Aydan savayı,

Bir kəsi yoxdurmu ahdan savayı,

Bu şair çəkdiyi aha and içir.

 

Sən heç vaxt ağlama...

 

Sən heç vaxt ağlama, sən elə hey gül,

Göz yaşı görməsin yanağın sənin.

Sən ki əbədiyyət gülüsən, ey gül,

Solmaz payızda da yarpağın sənin.

 

Gözlərin nə desə səma dilində,

Mən onu anlaram ana dilində.

Ruhun çiçəklədi eşqin əlində,

Sönməz tufanlarda çırağın sənin.

 

Bu uzun yollarda sevgimiz lələ,

Qoymaz o baxışlar qeybə çəkilə.

Nurun qaralmadı zülmətdə belə,

Hansı diyardandır torpağın sənin?!

 





24.05.2024    çap et  çap et