525.Az

İmtina etməyin dilemması: ancaq sevən bunu edir


 

İmtina etməyin dilemması: <b style="color:red">ancaq sevən bunu edir</b>

Çox istəmək, sevmək, dəyər vermək bahalı işdir. Elə asan görünməsin. Yəni bəzən insana, doğrudan, baha başa gəlir. Sözün həqiqi mənasında. 

Sevginlə, verdiyin dəyərlə bəzən qarşındakını çox yüksəyə qaldırırsan. Özün öz gözündə onu əlçatmaz bir zirvəyə, bəlkə də, Tanrı qatına yüksəkdirsən. Sonra həmin zirvəyə çatmaq üçün mübarizə aparır, vurnuxursan. Lap əli şkafın başındakı ən sevimli oyuncağına çatmayan uşaq kimi. Yəqin ki, bu epizod çoxumuza tanışdır. Həmin uşaq oyuncağını əldə etmək üçün hər şey edir. Gah ayağının altına nə isə qoymaq istəyir, gah ağlayır, gah nazlanır. Hətta özünə ziyan verməkdən, əl- qolunu əzməkdən də çəkinmir. Elə hey çırpınır. Ona çatanda dünyanın ən xoşbəxti olur...

...Bu günlərdə bir insandan eşitdim: "Nə əcəb belə tez imtina etdin?". Elə bil, başımdan aşağı qaynar su tökdülər. Bundan daha ağır sözü, bəlkə də, deyə bilməzdi. Nə yalan deyim, təsir etdi. Həm də ona görə ki, bunu deyən adam hiss və emosiyalarıma, etdiklərimə və edə biləcəklərimə ən çox bələd olan adamdır. İnsan bunu bilə- bilə elə ağır söz deyərmi? Elə bil, bıçağı çıxarıb qarşındakının düz ürəyinə sancırsan.

Xeyli düşündüm bu barədə. Niyə elə dediyini də anladım. Əminliklə deyirəm, bir çox hallarda sevdiklərimizi o qədər yüksəksəyə qaldırırıq ki, sonra ona çatmağı bacarmırıq. Hərçənd məsələ əslində heç də bu qədər qəliz deyil. Bəlkə də, verdiyimiz dəyəri bu qədər çox hiss etdirməsək, hisslərimizi gizlətsək hər şey daha rahat olar. Hərçənd bu da o qədər asan deyil. Fani dünyada  emosiyalarını bildirmədən yaşamaq nə qədər mənalı, məntiqlidir? Axı deyirlər ki, ölümün olduğu yerdə hər şey boşdur. 

Bax, belə bir dilemma var, yəni. Filosofların, psixoloqların, sosioloqların barəsində mübahisə etdikləri məsələnin içindən biz necə çıxaq? Hələ bir də gərək nəzərə alaq ki, sevən insan bəzən soyuqqanlı düşünə bilmir. 

İmtina etmək məsələsinə isə gəldikdə, insan dəyər vermədiyini, çox istəmədiyini heç vaxt silmir, unutmur. Ya da bunu hiss etmir. Bu uşağın sevmədiyi, onun olmayan oyuncağı qırıb atması kimi bir şeydir. Adətən uşaqlar onların olmayanı, sevmədiklərini qırıb eləmirlər. Sadəcə uzaqbaşı oynamırlar. 

Amma sevdiklərini çətinliklə də olsa qırıb ata bilirlər. Çünki valideynləri onların istədikləri qədər çox oynamasına icazə vermir, əllərindən alır. Odur ki, uşaqlar "qəti qərar" qəbul etməli olurlar bəzən.

İnsanlararası münasibətlərdə də belə olur. Tərəflərdən biri qarşısındakından imtina etməli olursa, bu, verilən dəyərdən, qiymətdən xəbər verir. Bu, bəzən asan gəlir. Vəfasızlıq kimi qiymətləndirilir. Amma imtina edənin  keçirdiyi hissləri kimsə nəzərə almır. Hətta, ola bilsin, çox insan anlayır bunu.

Məşhur misalda deyilir ki, insana çox qayğı göstərmək gülə çox su vermək kimidir. İkisi də mənfi nəticələnir. Gül quruyur, insan da çıxıb gedir. Çünki dediyim kimi, öz qayğımızla həmin insanı çox yuxarı qaldırırıq. Bunu özü də hiss edir. Və uşaq kimi ərköyünləşir. 

Nə deyim, çətin işdir. Məncə, kimsəyə imtina edilməz olduğunu hiss etdirmək lazım deyil. Çünki axırda bizi ondan imtina etməyə məcbur edirlər.

 





24.05.2024    çap et  çap et