525.Az

Öz işlərini atıb COP29-u boykot edən Paris Şəhər Şurası - Fransa ən böhranlı illərini yaşayır


 

Öz işlərini atıb COP29-u boykot edən Paris Şəhər Şurası - Fransa ən böhranlı illərini yaşayır<b style="color:red"></b>

Ötən gün Paris Şəhər Şurası Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar qəbul edib.

Azərbaycanın torpaqlarını öz gücünə azad etməsindən, ərazi suverenliyini təmin etməsindən sonra Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi göz önündədir.

Bəs görəsən bunun arxasında nələr dayanır? Paris Şəhər Şurası, dolayısıyla Fransa bu qərəzli mövqeyi ilə nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı 1news-ın suallarını cavablayan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, belə gülünc bir qərar qəbul etməklə Paris şəhər Şurası boyundan çox böyük məsələlərə qarışır.

“COP29 kimi qlobal tədbirlərin Paris Şəhər Şurasının səlahiyyətlərinə və gündəliyinə heç bir aidiyyatı yoxdur. Paris şəhər şurası Paris küçələrindəki zibilləri toplamaqla, paytaxt binalarını bürümüş kəsəyənləri ovlamaqla məşğul olan yerli özünüidarəetmə qurumudur. O şuranın üzvlərinin elə Parisdə görməli olduqları çox işləri var, COP29 tədbirlərinə qatılmaqdansa öz işləri ilə məşğul olsalar onlar üçün daha yaxşı olar.

Müəllif: Alain Jocard/AFB
 

ikincisi, onları kim Azərbaycana dəvət edir ki, hələ boykot da etsinlər. nəinki Paris Şəhər Şurasının, hətta Fransa prezidentinin özünün də COP29-a dəvət alacağı heç inandırıcı görünmür. Haçan dəvət olunsalar o zaman bu tədbirdə iştirak edib-etməmək haqqında qərar verərlər. Amma hələlik onlar Azərbaycanın dəvətini haqq etməyiblər”.

Deputat əlavə edib ki, Paris Şəhər Şurasının nə Qlobal İqlim Forumu ilə, nə də beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur.

“Bu Paris vergi ödəyiciləri hesabına mövcud olan yerli özünüidarəetmə qurumudur” .

Foto: GETTY IMAGE


“Emanuel Makronun hakimiyyətdə olduğu illər Fransa vətəndaşları üçün iqtisadi- sosial vəziyyətin ən ağır olduğu dönəmdir” - deyə C.Feyziyev əlavə edib:

“Makron hökümətinin həyata keçirmək istədiyi bütün islahatlar iflasla nəticələnib. Demokratiya və insan haqları ilə bağlı vəziyyət 2-ci Dünya Müharibəsindən sonrakı bütün dövr ərzində ən aşağı səviyyəyə enib. Hələ də müstəmləkə əsarəti altında saxladığı dənizaşırı ərazilərdə isə azadlıq tələb edən yerli xalqlara qarşı aparılan repressiya siyasəti həddindən artıq qəddar bir forma alıb. Baş verənləri nə Paris Şəhər Şurası, nə də prezident Makron özü gizlədə bilər. V Respublika özünün siyasi həyatının ən böhranlı illərini yaşayır. Fransa iqtidarının ölkəmizlə bağlı qeyri-adekvat bəyanatları da bu böhrandan doğan çaşqınlığın təzahürüdür. Azərbaycanın guya Fransanın daxili işlərinə qarışması kimi sərsəm iddialar isə BMT TŞ üzvü olan bir dövlətə hörmət yox, utanc gətirməlidir” .

 





25.05.2024    çap et  çap et