525.Az

Böyük müharibə təhlükəsi artır - Xaqani Cəfərli yazır


 

Böyük müharibə təhlükəsi artır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Çinin bir neçə gündən sonra - iyunun əvvəllərində Tayvana hücum edəcəyi haqqında “Global Press” nəşrinin “X” sosial şəbəkəsindəki hesabı üzərindən yaydığı xəbərin səhihliyi siyasi mərkəzlərdə şübhə doğursa da, Uzaq Şərqdə müharibə ehtimalı kifayət qədər yüksəkdir. Qeyd edək ki, “Global Press”in məlumatı məhz Çin Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yayması şübhə doğurur. Tanınmamış bir media strukturunun Çin kimi qapalı ölkənin Müdafiə Nazirliyində mənbələrinin olması inandırıcı görünmür. “Global Press”in yaydığı məlumatın diqqət çəkən yeganə tərəfi ondan ibarətdir ki, son zamanlar kəşfiyyat orqanları belə məlumatları məhz çox tanınmamış nəşrlər vasitəsilə gündəmə gətirirlər. Bu mənada “Global Press”in yaydığı məlumat da kəşfiyyat orqanlarının əməliyyatı ola bilər.

Tayvanın yeni prezidenti Lai Qingdenin paytaxt Taypeydə Cənubi Koreya və Yaponiyadan olan deputatların iştirakı ilə keçirilən andiçmə mərasimi və mərasimdə səslənən fikirlər Çindən sərt açıqlamalara və ada yaxınlığında hərbi təlimin başlanmasına səbəb olub. Rəsmi Pekin Lai Qingdenin andiçmə mərasiminə Yaponiyadan 30-dan çox deputatın qatılmasına görə Tokioya sərt etiraz edib və Tayvan məsələsində diqqətli olmağa çağırıb.

Mayın 20-də paytaxt Taypeydə keçirilən andiçmə mərasimdə çıxışı zamanı prezident Lai Qingdenin Çini təhdidləri dayandırmağa və müstəqilliyini qorumaq istəyən Tayvan xalqının seçiminə hörmət etməyə çağırıb: “Tayvanın gələcəyini onun 23 milyon əhalisi həll edəcək. Qərar verdiyimiz gələcək təkcə adamızın deyil, həm də sülhün gələcəyidir”.

Bununla yanaşı, prezident Lai Qingden Çinlə danışığa hazır olduğunu və Pekinlə münasibətləri sülh yolu ilə nizamlanmağa sadiq qalacağını bəyan edib. Yeni prezident hesab edir ki, Tayvan milli müdafiə qüvvələrini gücləndirməli, iqtisadi təhlükəsizliyi təmin etməli və dəyərlərə əsaslanan diplomatiyasını qorumalıdır.

Bütün bu fikirlər isə Pekində separatçılıq kimi dəyərləndirilir və münasibətlərin sülh yolu ilə tənzimlənməsi prosesinin dalana dirənməsinə səbəb olacağı qeyd edilir. Qeyri-rəsmi açıqlamalarda isə çinli məmurlar Tayvana hədə-qorxu gəlirlər. “Frans Press Agentliyi”nə açıqlamasında çinli diplomat deyib ki, Çinlə toqquşduqda Tayvanın müstəqillik tərəfdarlarının başları əziləcək və qanları töküləcək. Çin Xalq Azadlıq Ordusu isə Tayvan adası yaxınlığında hərbi təlimlərə başlayıb. “Birgə Qılınc 2024” (Joint Sword 2024) adlı genişmiqyaslı təlim Çin Müdafiə Nazirliyinin Tayvanın yeni prezidentinin çıxışına cavabı hesab oluunur. Çinin genişmiqyaslı hərbi təliminə cavab olaraq rəsmi Taypey dəniz sahillərində gəmi əleyhinə raketlər yerləşdirib.

Müharibə ehtimalını artıran digər bir məqam isə ondan ibarətdir ki, irimiqyaslı hərbi təlimlərə başlamazdan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ-dan Konqres üzvlərinin Tayvana səfərlərinin qarşısını almağı tələb edib.

Rusiya Çinin Tayvan siyasətini birmənalı dəstəkləyir. Rusiya prezidenti Vladimir Putinin Pekinə səfəri zamanı çinli həmkarı Si Cinpinlə birgə bəyanatında Moskvanın “istənilən formada Tayvanın müstəqilliyinə qarşı olduğu və Çinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də ölkəni birləşdirmək cəhdini dəstəklədiyi” qeyd edilib. Bəyanatda həmçinin qeyd edilir ki, Amerika Birləşmiş Ştatları bölgədə vəziyyəti gərginləşdirir və “adanın separatçı qüvvələrini gücləndirməklə Çinin sülh yolu ilə birləşməsinə mane olur”.

Çinin yaxın zamanlarda Tayvana hücum edəcəyini ehtimal etməyə əsas verən daha bir neçə məqam var. Belə ki, Çin ABŞ-nin keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gəlmək şansından narahatdır. Pekində anlayırlar ki, Tramp qalib gələcəyi halda Vaşinqtonun Çinə yönəlik siyasəti sərtləşəcək və Ağ ev Tayvanın müstəqillik mübarizəsinə daha güclü dəstək verəcək. Buna görə də rəsmi Pekin Tayvan məsələsini Trampın yenidən prezident kürsüsünə əyləşməsindən öncə həll etmək niyyətinə düşə bilər.

Çinin Tayvana qarşı müharibəyə başlaya biləcəyi ehtimalını artıran digər amil isə ondan ibarətdir ki, Rusiya da Ukraynaya qarşı məhz genişmiqyaslı hərbi təlimlərdən sonra hücum etmişdi.

Vəziyyəti gərginləşdirən digər bir məqam isə Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın Çini Rusiyanı Ukraynada istifadə etmək üçün hərbi texnika ilə təmin etməkdə ittiham etməsidir. Nazir Qrant Şapps bildirib ki, Londonun əlində Rusiya və Çinin silah sahəsində əməkdaşlıq etdiyinə dair sübutlar var. Bundan əlavə, Şapps öz çıxışında Rusiya və Çinin, eləcə də İran və Şimali Koreyanın daha çox birgə fəaliyyət göstərdikləri barədə xəbərdarlıq edib və Şimali Atlantika Müqaviləsi Alyansının üzvlərini “ayılmağa” və müdafiə xərclərini artırmağa çağırıb. Nazir Qrant Şapps Ukraynaya qarşı müharibə başlayandan bəri Çin və Rusiya arasında ticarət dövriyyəsinin artmasını iki ölkə arasında “daha dərin əlaqələrin” sübutu olaraq qeyd edib.

Nazir Qrant Şappsın ittihamına cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib ki, Moskva və Kiyevin sülhə nail olmasına Böyük Britaniya və onun müttəfiqləri mane olub. “İki il əvvəl Rusiya və Ukrayna münaqişəyə son qoymaq üçün razılığa gəlməyə yaxın idi. Lakin Böyük Britaniya və digərlərinin maneələri səbəbindən münaqişə bu günə qədər davam edir”. Çinli diplomat həmçinin bildirib ki, Çin qanuni hüquq və maraqlarını müdafiə etməyə davam edəcək.

Göründüyü kimi, istər Tayvan ətrafında, istərsə də Çinlə Qərb dövlətləri arasında gərginlik çox artıb və böyük müharibə ilə nəticələnə bilər. Ukrayna cəbhəsində döyüşlərin miqyasının artması və şiddətlənməsi, Rusiyanın taktiki nüvə silahlarından istifadəni təlim etməsi, eləcə də İranda baş verənlər bəşəriyyətin çox böyük təhlükənin astanasında olduğunu göstərir. Rusiyanın Ukraynaya hücum edəcəyi bir zamanlar ağılasığmaz ehtimal hesab olunurdu. Ancaq tarix göstərdi ki, heç nəyi istisna etmək olmaz. Ən yaxşısı ən pis ehtimalların gerçəkləşməsinə hazır olmaqdır.

 





27.05.2024    çap et  çap et