Kommunikasiya xətlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında və dəmiryol xəttinin ətrafında olan evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistiyası” tətbiq ediləcək. Bu məqsədlə yeni elektron portal hazırlanır. Sözügedən portal 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə veriləcək. İnsan sağlamlığına və insan fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək. Daşınmaz əmlakın elektronlaşması vətəndaşları bir çox qayğılardan azad edəcək. Artıq onlar kağız sənədlərdən istifadə etməyəcəklər. Vətəndaşın əmlakı Dövlət Reyestrində qeydiyyatda olacaq. Bu da mənzil sahiblərini sənədin itməsi, korlanması və oğurlanması qayğılarından azad edəcək.
Buna qədərsə vətəndaşlar bu və digər hallarla rastlaşanda qəzetdə elan verməli, DİN-ə müraciət etməli olurdular. Bu da əlavə vaxt və pul itkisi deməkdir. Artıq bundan sonra bu sənədlər elektron hökumət portalında hər bir mənzil sahibinin şəxsi kabinetində saxlanılacaq. Bununla da sənədlərin oğurlanması, korlanması, saxtalaşdırılması və digər xoşagəlməz hallar aradan qalxacaq. Yeni layihə sosialyönümlüdür. Bu da o deməkdir ki, heç bir ailə öz evindən çıxarılmayacaq. Ancaq iki dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil. Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu sistem qeydiyyat və kadastr sahəsində məzmunca və mahiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcıdır. Bu günə qədər vətəndaşlar və şirkətlər hansısa dövlət orqanlarından sənədlər alırdılar. Sonra da həmin sənədin kağız versiyasını hansısa qeydiyyat orqanına təqdim edirdilər və öz mülkiyyət hüquqlarının tanınmasını xahiş edirdilər. Bundan sonra isə qanunvericiliklə müəyyən edilmiş müddətdən sonra sənədlərini əldə edirdilər.
Artıq bu proseslər aradan qalxacaq. Bundan sonra bütün dövlət orqanlarının verdiyi sənədlər birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestrinə inteqrasiya ediləcək. Bu da vətəndaşları əlavə qayğılardan azad edəcək. Ən əsası - vətəndaş bundan sonra hansısa qurumun aldanışına tuş gəlməyəcək. Aldığı ev və yaxud mənzil birbaşa Dövlət Reyestrində qeydiyyata alınacaq.
Həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, yeni sistem işə düşəndən sonra bir sıra xoşagəlməz hallar, o cümlədən, bir mənzilin bir neçə adama satılması halları da aradan qalxacaq: “Eləcə də mənzilin ümumi sahəsinin düzgün hesablanmamasına son qoyulacaq. Bundan başqa, Dövlət Reyestrindən çıxarışı olmayan mənzilin özkəninkiləşdirilməsi prosesi də sadələşdiriləcək. Məlum olduğu kimi, hazırda bəzi mənzil-tikinti kooperativləri çıxarış olmadan mənzili bir şəxsin adından digər şəxsin adına keçirərkən onun ilkin sahibindən külli miqdarda pul alırlar. Amma yeni sistem işə düşdükdən sonra bu problem də aradan qalxacaq. Belə ki, tikintisinə icazə alındığı andan çoxmənzilli yaşayış binasının portalda xüsusi imitasiyası yaradılacaq və bütün binalardakı satış və digər əməliyyatlar portal üzərindən reallaşdırılacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ümumilikdə ölkə ərazisində sənədsiz evlərin sayı çoxdur. Təbii ki, bu əmlaklara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəb həmin torpaqların təyinatının fərqli olması, bəzilərində tikinti normativlərinin uyğun aparılmaması, bəzilərində isə həmin tikililərin qadağan olunmuş ərazilərdə yüksəkgərginli elektrik naqillərinin ətrafında tikilməsidir. Bu səbəbdən həmin əmlaklarla çıxarışlar verilə bilmir. Burada itirən tərəf isə vətəndaşdır. Çünki mülkiyyət hüquq tanınmır, həm də dövlət büdcəsi bu sahədən yararlana bilmir. Həmin əmlakların çıxarışı olsaydı, əmlak, torpaq vergisi ödəməli olardı, sığortalana bilərdilər: “Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir”.
Ekspert vurğulayıb ki, həmçinin, vətəndaş internet üzərindən öz əmlakını rahatlıqla idarə edə biləcək. Buradakı digər üstünlük ondan ibarətdir ki, vətəndaş harada yaşamasından, harada pasport qeydiyyatında olmasından asılı olmayaraq, öz əmlakı barədə internet üzərində müvafiq qərar verə biləcək: "Əmlak amnistiyası" tətbiq olunarsa, ölkə iqtisadiyyatında sürətlə müsbətə doğru dönüş ola bilər. Həmin həyət evlərinin alıcıları daha çox ola bilər. Bundan əlavə, həmin əmlakların çıxarışlarının olmaması səbəbindən o əmlaklar bağışlana bilmir, əmlak sahibi rəhmətə gedəndə vərəsələr arasında bölünə bilmir, boşanmalar zamanları məhkəmədə əmlak bölgüsündə ciddi problemlər yaşanır. Çox sayda problem var ki, onun da kökündə çıxarışların olmamasıdır. Qonşu Gürcüstanda artıq "əmlak amnistiyası" tətbiq olundu. Ölkəmizdə də bunu səbirsizliklə gözləyirik. Həm vətəndaşların mülkiyyət hüququnun tanınması, həm də dövlət büdcəsinin bundan yararlana bilməsi üçün "əmlak amnistiyası" yaxın zamanlarda tətbiq oluna bilər".
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil: “Qanunda açıq şəkildə qeyd olunur ki, magistral xətlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi yerlər və bu qəbildən olan ərazilərdə ev tikmək qadağandır. Amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Həmçinin, vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil”.
Ekspert hesab edir ki, qadağan olunan yerlərdə evlər sökülməlidir. Həmin evlər sökülərsə, dövlət tərəfindən kompensasiya veriləcək: “O evlər tikilərkən nəzarət etməli olan qurumlar var idi. Həmin qurumlar bu prosesə nəzarət etməyiblər. Vaxtında nəzarət olunsaydı, yəqin ki, bu istiqamətdə belə bir problem meydana çıxmazdı”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Bakı və böyük şəhərlərdə hazırda qanunsuz tikililərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir: “2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi bu portal üzərindən aparılacaq. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə iki qurum tərəfindən işlər görülür. Çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək".
Ekspertin sözlərinə əsasən, ölkə qanunvericiliyə görə, kənd təsərrüfatı təyinatlı torpaqlarda hər hansı tikinti işlərinin aparılmasına yol verilmir. Bu o deməkdir ki, Azərbaycan ərazisində kənd yerində olan evlərin heç birinin çıxarışı verilə bilməz. Yəni orada indiyə kimi inşa olunan və bundan sonra inşa olunacaq evlərin təyinatı yaşayış məntəqələri deyil, kənd təsərrüfatı təyinatı olduğuna görə bunların hamısına ümumiləşdirilmiş qaydada baxılmalıdır və onların təyinatları dəyişməlidir. Ondan sonra bu istiqamətdə sənədləşmə işi aparıla bilər. Ölkədə bu cür evlərin sayı həddindən artıq çoxdur: “Fikrimcə, bu proses mərhələ şəklində həyata keçirilməlidir və dövlət orqanlarının bu istiqamətdə hazırda apara biləcəkləri iş yalnız bu səviyyədədir. Yəni ilkin sənədləri olan xeyli sayda əmlak var ki, onların çıxarışla təmin olunması, yəni mülkiyyətlərin təmin olunması istiqamətində işlər aparılsın ki, həcmi azalsın. Daha sonrakı dövrlərdə hökumət müəyyən addımlar ata bilər ki, ümumiyyətlə, sənədi olmayan yaşayış fondunun qanuna dəyişiklik edilməklə, onların dövlət tərəfindən amnistiyası mümkün olsun və tanınsın. Hazırkı vəziyyətdə isə heç bir qanuni sənədi olmayan tikililərlə onların dövlət qeydiyyatına alınması və tanınması istiqamətində qanunvericilik olmadığına görə heç bir iş aparıla bilməz. Bu, birmənalı belədir”.
Sevinc QARAYEVA