525.Az

SEVGİNİN O HƏDDİ - Rafael Hüseynov yazır


 

SEVGİNİN O HƏDDİ - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Pərdə açılır, bir saatmı, saat yarımmı, iki saatmı, bəlkə də daha çox orada bir həyat yaşanmağa başlayır. Pərdə örtülür, oradakı həyat bitir. Oradakı həyatı yaradanlar libaslarını dəyişirlər, başlayırlar gündəlik ömürlərini yaşamağa. Əslində gerçək insan ömrü də belədir. Pərdə açılan, pərdə bağlanan kimi onun da ömrü başlanır, davam edir, günlərin birində tamamlanır. Ancaq onun üçün həyatla səhnənin fərqi yoxdur.

Hüseyn Ərəblinskini həyatda görənlər, onunla təmasda olmuşlar, onunla eyni tamaşalarda səhnəyə çıxmışların hamısı, sanki sözləşiblərmiş kimi, bir ağızdan təsdiqləyirdilər ki, səhnə onun həyatı idi və o, səhnə üçün yaranmışdı.

Nə yaxşı ki, heç olmazsa bizə onu görmüşləri görmək və eşitmək nəsib oldu.

...Qəddar əllərin ömrünə son qoyduğu parlaq Vətən balaları, nə acı ki, uzun və keşməkeşli tariximiz boyu az olmayıb. Ancaq bu söz oxşar talelilər arasında yalnız iki millət yavrusunun adının qarşısında təyin kimi işlənib - XII yüzildə Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191), XX yüzildə Hüseyn Xələf Ərəblinskinin (1881-1919). Sührəvərdiyə "feyləsuf-i məqtul" - "qətlə yetirilmiş, öldürülmüş düşünər" deyiblər və eyni kəlməni Ərəblinskinin adının qarşısına qoyublar.

1926-cı ilin martında Bakıda Türk teatrı və Texnikumu Tələbələri Təşkilatının görkəmli aktyor Hüseyn Ərəblinskinin vəfatının 7-ci ildönümünə həsr etdiyi kitabça "Məqtul sənətkar" haqqında "Bir neçə söz" və Süleyman Rüstəmzadənin həmin ilin 22 aprelində yazdığı "Məqtul Ərəbliyə" sərlövhəli şeiri ilə başlayırdı. Sonralar bu şeir nə Süleyman Rüstəmin kitablarında görünüb, nə də, qəribədir ki, Ərəblinskidən yazanlar ona diqqət yetiriblər. Odur ki, bu unudulmuş şeiri başdan-sona iqtibas edirəm:

Ey sənət aşiqi! Sənət bağında

Sən bir bağban oldun, pək çox çalışdın.

Zavallı! Ömrünün bahar çağında

Cəhalət diviylə hərbə qalxışdın.

 

Sənət pərisinə olaraq məftun,

Sən onun eşqilə xəlqə bağırdın.

Sənət nədir? Xəlqə qandırmaq üçün

Onları sənətdən elmə çağırdın.

 

Ey sənət aşiqi! Sən bir yıldızdın,

Ölgün səhnəmizi nura qərq etdin.

Ey gözəl sənətkar! Bir vicdansızın

Əliylə səhnəni tərk edib getdin.

 

Şimdi ölümündən keçmişdir illər,

Hala yaşayırsansən könüllərdə.

Qəbrində bitmişdir yabanı güllər,

Adın əzbər olmuş fəqət dillərdə.

 

Sağ ikən gördüyün o ölgün səhnə

Can bulmuş, güllərlə donatılmışdır.

Orda yenilik var, qalmamış köhnə,

Səhnə nədir? Xalqa anladılmışdır.

O itkimizlə bu itkimizin arasında 7 əsrlik vaxt aralığı var və heyrətlidir ki, bu iki parlaq insan aşağı-yuxarı eyni yaşda - 37 illik ömür sürərək həyatdan qoparılıblar. Millətimizin daha neçə işıqlı balasının canını alacaq 37 hələ qarşıda idi...

Hüseyn Ərəblinski qısa ömür boyunca Azərbaycan səhnəsində sıra-sıra rollar oynadı. Həmin surətlərin də böyük əksəriyyəti faciə obrazları idi. Faciə surətləri yaradan Hüseyn Ərəblinskinin öz ömür yolu da əvvəlindən-sonuna qədər faciələrlə müşayiət olundu. Sanki qısa ömrü ərzində faciə surətləri yaradan Hüseyn Ərəblinskiyə elə faciəli bir taleyi də yaşamaq əvvəldən alın yazısıymış. Onun sözləridir, deyib ki, səhnə o yerdir, orada oynamazlar, orada yaşayarlar.

Və Hüseyn Ərəblinski də səhnədə daim yaşadı. Həmin səbəbdən səhnədə yaşadığı ömürlərlə gerçək həyatda sürdüyü (o həyata "yaşadı"dan çox elə "sürdü" kəlməsi yaraşır) ömrü üst-üstə gələndə, belə alınır ki, əslində o, heç qısa ömür də yaşamayıb...

...Hüseyn dünyaya gələndə artıq Azərbaycan teatrının səkkiz yaşı vardı. Babasının adı Xələf idi və çoxlarının unutduğu əsl soyadı - Xələfov familiyası da elə oradan gəlir. Xələf kişi kasıb bir adammış. Elə onun üç oğlunun - Məmmədin, Salamın, Ağakərimin da aqibəti həmin təhər olub. Hüseynin atası Məmmədin çörəyi Xəzərdən çıxırdı. Dənizçi idi və elə onu dəniz də alıb apardı. Özü kimi kasıb olan Pəri adlı bir qızla evlənmişdi. Ondan iki uşağı oldu - Hüseyn, bir də Hüseynin bacısı Dürsədəf. Kiçik yaşlarından, dünyanın isti-soyuğunu dərk eləməyə başladığı çağlardan Hüseynin qisməti yetimçilik oldu. Ancaq nə qədər ehtiyac içərisində dolansalar da, Pəri xanım balasının təhsil alması üçün çalışırdı. Aparıb onu mollaxanaya qoymuşdu. Sıxıntılar içərisində, qəpiyi qəpik üstünə qoyaraq dolansa da, hər halda bu qadın gözüaçıqmış. Hiss edirmiş ki, ayrı zaman başlanır və bu dövrəuyğun da təhsil almağa ehtiyac var. Ona görə də mükəmməl mollaxana təhsili almış Hüseyni aparıb qoyur Bakıda yenicə açılmış rus-müsəlman məktəbinə. Həmin məktəbdə Hüseynin sinif yoldaşlarından biri sonralar elə onun kimi Azərbaycan səhnəsinin məşhurlarından olacaq Mirzağa Əliyev idi. Artıq Ərəblinskinin həyatda olmadığı çağlarda Mirzağa Əliyev xatirələr cığırıyla həmin günlərə qayıdıraq yada salırdı ki, biz iki il yarım-üç il həmin məktəbdə oxuyandan sonra ayrıldıq. Mən getdim sənət məktəbində oxumağa. Hüseyn isə yollandı Mixaylovskaya şkolaya. Həmin məktəbdə Hüseynin dərsə necə başlamasınısa o vaxt o məktəbin müdiri olmuş Sultan Məcid Qənizadə xatırlayırdı ki, Hüseyni məktəbə anası ilə bərabər, bir rus qadını gətirmişdi. Yüngülvari imtahan eləyəndən sonra onu məktəbə götürdük. Başqa oxuyan uşaqlardan, sən deyən, fərqlənməsə də, hər halda onun gözlərində, çöhrəsində bir istedad işığı vardı.

Və iş elə gətirir ki, Hüseyn Xələfovun səhnəyə gəlməsinin səbəbkarı da Sultan Məcid Qənizadə olur.

XIX əsrin sonlarında Azərbaycan teatrı artıq ayaq üstə olsa da, hələ ağır-ağır addımlayırdı. Çünki onu irəli aparacaq qüvvələr yox idi. Sultan Məcid Qənizadə həmin dövrü belə təsvir edirdi ki, o çağlar təkcə Bakıda deyil, tamam Qafqazda türk səhnəsi və ya müntəzəm aktyorlar dəstəsi yox idi, ancaq həvəskarlar hərdən-birdən yoxsul tələbələrə ianə toplamaq məqsədilə tamaşalar göstərirdilər. S.M.Qənizadə mətləb üstünə gələrək dəqiqləşdirirdi ki, 1897-ci ildə Novruz bayramı münasibətilə biz bir tamaşa verməyi qət etmişdik və təbii ki, yenə həmin tamaşanı həvəskarlar göstərəcəkdilər, tamaşanın rejissorluğu öhdəmdə olduğundan sınamaq üçün şagirdlərimi həmin tamaşada istifadə etməyi qərara aldım, göstərəcəyimiz "Lənkəran xanının vəziri" pyesində Mehtər Kərimin rolunu Hüseyn Xələfova, onun məktəb yoldaşı Mirmahmud Kazımovskiyə isə eşikağası Ağabəşirin surətini oynamağı tapşırdım və hər ikisi də tamaşadan iki həftə əvvəl öz rollarını əzbərləmişdi.

O axşam Qənizadənin yüngül əliylə Hüseyn birinci dəfə səhnəyə çıxırdı, ancaq elə ilk gəlişindən də onun məxsusi həyəcanı ilə başqalarından fərqlənməsi, elə əvvəlinci rolundanca qəliblərə sığmaması, digər oyunçulardan seçilərək rolunu bir az da təsirli edə bilməkçün improvizəyə meyilliliyi nəzərdən qaçmamışdı.

Müəllimi o günün hər anını eyni ilə yadında saxlamışdı: "Tamaşa gecəsi Xələfov öz rolu barəsində həmişəkindən daha artıq sinirlilik göstərirdi. Səhnə arxasında aktyorla dolaşdığım əsnada hər qədəmdə məni qarşılayıb müzəc (qəribə) suallarla şaşdırırdı.

...Vəzir Mirzə Həbibin fərmanı ilə fərraşlar Ağabəşirin ayaqlarını fələqqəyə salıb dabanlarını çubuqlatdığı əsnada yanda dayanmış Hüseyn öz vəzifəsindən xaric cəza-fəza edərək səhnə dolusu bağırmağa başladı. Mənim nəzərimdə böylə yersiz bağırtı tamaşa üçün böyük nöqsan hesab olunacaqdı".

Hətta bu cızığından çıxmağa görə Sultan Məcid, öz sözüncə, tamaşa bitincə Hüseyni danlamağı da qəsd edibmiş. Ancaq gözlədiyinin əksinə olaraq, tamaşaya baxanlar Hüseynin bədahətən etdiyi, öncədən nəzərdə tutulmamış hərəkətindən məmnun qalırlar, onu alqışlayırlar və bəlkə də Hüseynin bir sənətkarçün ən ali mükafat sayılan alqışa ilk addımındanca layiq görülməsi elə həmin anlardan onun gələcək taleyini həll edibmiş, teatrı onunçün ömrünün mənasına döndəribmiş. Qənizadə yada salırdı ki, pərdə örtüləndən, tamaşa bitəndən sonra Hüseynin sevincindən uçmağa qanadı yoxdu, gah o yoldaşına, gah bu yoldaşına yanaşaraq "Gördünüz camaat məni necə alqışlayırdı" deyirdi, sonra da mənə yaxınlaşıb soruşdu ki, "Mirzə, necə oynadım?" Əlbəttə, şagirdini qanadlandırmaqçün Qənizadə Hüseyni tərifləyir və sonra buda gözündən qaçmır - uğuruna sevinən debütant yenə yüyürür yoldaşlarının yanına ki, gördünüz, Mirzə də mənə deyir, sən hamıdan yaxşı oynadın.

Burada bir yeniyetmənin sadə uşaq sevincindən savayı, bir sənətkarçün çox vacib olan birinciliyə can atmaq şövqü də duyulmaqdadır ki, həmin məziyyət sonacan Ərəblinski ilə qaldı.

O tamaşada Hüseyn Xələfov, Mirmahmud Kazımovski kimi başqa rol alanlar da vardı. Ancaq bu, onların həyatında bir an idi, oldu, keçdi. Hüseynin həyatındasa tamaşanın davam etdiyi saatlar, özünün səhnədə olduğu dəqiqələr əsla adi anlar deyildi. Bu, sonralar Azərbaycanın bütün teatr tarixinin ən böyük aktyoru sayılacaq bir səhnə fədaisinin yarandığı böyük bir sevginin başlandığı gün idi.

Sultan Məcidin xatirələrini bir zamanlar Aleksandr Tuqanovunku olmuş kitabçadan oxuyuram və son səhifədə teatr tariximizdə çox xidmətləri olan bu böyük sənətkar karandaşla, iri hərflərlə "Azərbaycanın birinci tragiki" yazıb. İndi Ərəblinskidən bəhs edərkən yan keçilməsi mümkünsüz olan Qənizadə xatirələrini oxuduqca düşünürəm ki, nə yaxşı, vaxtilə Ərəblinskiyə həsr edilmiş o kitabça buraxılıb, Qənizadə bura vida məqaləsi sayılası ön sözünü qələmə alıb. O vaxt o xatirələrini yazmasaydı, bizi Ərəblinskiyə doğru aparan ən etibarlı yollardan birini qayıdışsız qeyb edəcəkdik. Mənhus 1937-ci ildə Sultan Məcidi də tutacaqlar, növbəti ilin yazında da artıq 71 yaşı olan bu ağsaqqal maarif xadimini "xalq düşməni" damğası vurub güllələyəcəklər. Hətta bu yazı da, onun qələmindən çıxmış başqa əsərlər kimi, aradan yığışdırılacaq, ta bəraətədək illərcə yasaq, oxunulmasına rüsxət olmayan yazılar sırasında qalacaq.

Həmin xatirələrdə başverənlərin bir foto dəqiqliyi və aydınlığı ilə bitdə-bitdə nişan verilməsinin bir səbəbi hələ Ərəblinskidən əbədi ayrılıqdan vur-tut bircə həftə sovuşması, yəni hər şeyin hələ lap yaxında olması idisə, digər daha mühüm səbəb o idi ki, Qənizadə bunları indi - 1926-cı ildə kağıza köçürürdüsə, əslində xəyalən həmin yaddaşlarını öz beynində elə Ərəblinskinin qətlə yetirildiyi gün yazmağa başlamışdı. Ona görə də bunları hafizənin alt qatına çökdürmək bundan belə çətin olar. Həmin kitabçadakı Sultan Məcid Qənizadə xatirələrini sonralar nəşr etmək həvəsinə düşənlər ixtisarlara əl atıblar. Elə verəcəyim bu parça da kəsilib tullanan, amma özündə əhəmiyyətli xəbər daşıyan həmin vaz keçilmiş hissələrdəndir. Halbuki məhz bu cümlələrindən anlaşılır ki, Ərəblinskinin surəti bütün görsənişləriylə Sultan Məcid düşüncəsində sənətkarın öldürülməsi xəbərini qəfil eşitdiyi ilk anlardan həkk olunubmuş: "Axşam çağı küçə ilə getdiyim əsnada aktyor yoldaşlardan birisi təsadüfən mənə rast gəldi. Bət-bənizi ağarmış, əhvalı nəhayətcə pozğun idi; mənə yavuqlaşınca "Ərəblinskini öldürüblər" deyə sürətlə sovuşdu. Bu hüzndən pərişan olaraq kim öldürdüyünü və nə səbəbə öldürdüyünü soruşa bilmədim. Ancaq fikrə qərq olaraq zavallı artistin tərcümeyi-halını xatirimdən keçirməyə başladım".

Tale yolları bu cür yox, başqa təhər davam eləsəydi, Hüseyn Xələfov aktyor yox, hərbçi də ola bilərdi. Hərbçilik elə qamətində, oturuşunda-duruşunda, xasiyyətində də vardı. Ancaq yazı başqaymış. XX əsrin əvvəllərinin Murad Muradov adlı bir aktyoru olub. Həmin hadisələrdən yarım əsr keçəndən sonra, artıq özünün ixtiyar çağlarında olub-keçənləri, xatirələrini qələmə almışdı. Yazırdı ki, Hüseynlə mən ilk dəfə bir təsadüf nəticəsində 1900-cü ildə tanış olmuşdum. Xatırlayırdı ki, o vaxt Bakıda müxtəlif yerlərdə rəqs gecələri təşkil olunurdu. Belə gecələrdən biri Nobel bağındaydı. Mən bir qədər rəqs eləyəndən sonra gəlib skamyada əyləşdim. Çox keçmədi ki, bir qızla bir oğlan da mənə yaxınlaşdı. Həmin skamyada əyləşdi. Elə söz sözü çəkdi, tanış olduq. O gənc Hüseyn idi. Gələcəyin böyük aktyoru. Yanındakı qızsa o gün rəqs eləyən qızların ən gözəli idi. Soyadı da Kazimirskaya. Tanış olduq, qısa zaman arasında isinişdik.

Çox keçmir ki, rəqs gecəsi yekunlaşır və gənclər piyada evə yollanırlar. Hüseyngil əvvəlcə aparıb həmin qızı ötürür, sonra Murad Persidski küçəsindəki, Hüseyn də Serkovnaya küçəsindəki evinə baş alır, ancaq şərtləşirlər ki, ertəsi gün görüşsünlər. Çünki sabah Muradgil Mahmudbəyovun məktəbində "Müsibət-i Fəxrəddin"in məşqini edəcəkmişlər. Fəqət Nəcəf bəy Vəzrirovun verdiyi siyahıdakı həvəskarlardan biri o gün gəlib çıxmır və onun ifa edəcəyi rolu Hüseynə tapşırırlar.

Beləcə, Murad Muradovla Hüseynin yaxınlığı, dostluğu başlanır və 1903-cü ildə bir gün yenə görüşürlər. Hüseynin xahişi ilə Murad onu dəmiryol vağzalından Tiflisə yola salmaqçün gəlibmiş. Hüseyn söyləyibmiş ki, Tiflisdə hərbi məktəbə girmək istəyir, çünki eşitdiyinə görə, oranı bitirdikdən sonra Peterburqa gedib orada sənət təhsili almaq mümkündür. Murad da xəbər alıbmış ki, məgər sənin atan hərbçidir, çünki eşitdiyimə görə, ora yalnız hərbçilərin övladlarını götürürlər. Hüseyn də qayıdıbmış ki, atam hərbçi olmayıb, amma Tiflisdə bir tanış var, söz verib ki, mənə kömək edəcək.

Murad xatırlayırdı ki, ertəsi günü Hüseynlə görüşdük, fayton tutub dəmiryol vağzalına yollandıq, Hüseynin əlində mələfəyə bükülmüş yorğan vardı, yəni hiss olunurdu ki, kadet məktəbinə girəcəyini, Tiflisdə qalacağını artıq özü üçün yəqin eləyib. Ancaq bir neçə gün keçdi. Hüseynlə Bakıda qarşılaşdıq, qayıdıb gəlmişdi. Belə məlum oldu ki, kadet məktəbinə girməsi baş tutmayıb.

Bu xatirəyə calaq edilə bilən başqa xatirə Ərəblinskinin teatr eşqinin dərinliyini göstərməkdədir. Necə olmuşdu ki, Hüseynin ürəyinə Tiflisə gedib kadet məktəbinə daxil olmaq həvəsi qonmuşdu? Mirmahmud Kazımovskiylə Mixaylovski məktəbində oxuduqları vaxt onlar əslən gürcü olan, onları da yaxşı oxuduqları üçün çox sevən müəllimləri Dmitri Yakovleviçə deyirlər ki, buranı bitirəndən sonra artistlik dərsi oxumaq istəyirlər. Müəllim də şad olaraq deyir ki, bu, lap gözəl iş olardı, çünki siz müsəlmanlarda oxumuş, kurs qurtarmış aktyorlar yoxdur. Vəd də edir ki, mən Peterburqa yazıb onların proqramını alaram, əgər şərtlər ora qəbul olunmanıza müsaid olsa, onda sizi məccani hazırlaşdıraram. Lakin bir neçə gün sonra təəssüflə bildirir ki, oğlanlarım, əfsus, siz bəy balası, ya birinci gildiya tacir uşağı, yaxud da əfsər övladı deyilsiniz. Hərgah olsaydınız, sizi üç-dörd aya oranın imtahanlarına hazırlayardım. Siz bundan sonra bəy balası, ya tacir övladı olan deyilsiniz, tək mümkün yol budur ki, Tiflisdə yunker məktəbində 4 il zabitlik oxuyasınız, ardınca 3 il qulluq edib sonra ərizə yazasınız, oxumaq istədiyinizi bildirəsiniz.

Kazımovski yazırdı ki, bu işin bizə əl verməyəcəyini görərək fikrimizdən əl çəkdik. Amma nahaq ikilərinin də adından danışırmış. Gedib hərbi təhsil alıb, zabit kimi xidmət keçib sonra artistlik təhsili almağın mümkünlüyü barədəki işıq ucu Hüseyni necə çəkmişdisə, hər halda yığışıb Tiflisə də yola düşmüşdü. Görün bu adamda səhnəyə, teatra məhəbbət necə güclü imiş ki, aktyor təhsili almaq imkanı qazanmaqçün hətta 7 il boşuna hərbi təhsil almağa da hazırmış.

Və köhnə aktyor Murad Muradovun ayrı bir xatirəsi bizi onların ikisinin səhnədə qoşa olduğu günlərə aparır. Tamaşalar verməkçün Lənkərana getməyəh azırlaşırmışlar. Gəmi ilə gedəcəklərmiş və dəstədə Əbülfət Vəli, Məhəmməd Məlikov-Əlvəndi, Mehdi bəy Məlikov (Həsən bəy Zərdabinin oğlu), Ağalar bəy Gəraybəyov (Ağasadığın qardaşı), Aleksandra Olenskaya və digərləri, o sıradan Hüseyn də varmış. Gəminin göyərtəsində dayanıb söhbət edirmişlər, aktyorların yaşca daha böyük olanı Məmməd İsmayılov zarafatla qayıdır ki, Hüseyn, əgər yaxşı oynamasan, qayıdanda səni gəmidən dənizə atacam.

Gülüşürlər, ancaq çox ciddi olan, zarafatı sevməyən Hüseyn kəlmə kəsmir. Bir qədər keçir, gəmi fit verib yola düzəlir, birdən vahimə içində bunu görürlər ki, nəsə Hüseyn gözə dəymir. Hamının qanı qaralır, başlayırlar Məmməd İsmayılovu qınamağa ki, niyə elə deyib Hüseyni küsdürdün, o da çıxıb gedib evinə-eşiyinə. İndi bəs Rüstəmi Hüseynin əvəzinə kim oynasın? Rüstəmsiz nə "Müsibət-i Fəxrəddin"! Gəmi sahilə yan alıb sərnişinlər enməyə başlayanda görürlər ki, əlində çamadanı Hüseyn Xələfov hamıdan tez artıq sahildədir. Soruşurlar ki, ay Hüseyn, bəs haradaydın? Bu dəfə Hüseyn Mahmud İsmayılovu cırnadır ki, görək dənizə kim düşəcək?! Əlavə də edir ki, sakitlik olsun deyə gəminin anbarına girib orada rolumu əzbərləyirdim.

Tamaşadan əvvəl xəbərdarlıq edir ki, mənə söz verməyə ehtiyac yoxdur, çünki rolumu mükəmməl şəkildə əzbərləmişəm. Tamaşa başlanır, uğurla da keçir və Hüseyn Ərəblinski hamıdan yaxşı oynayır. Tarixdir, gərək bu fikri yazıldığı kimi, sözbəsöz dəqiqliyi ilə deyim. Murad Muradov canlı şahid idi, özü də aktyor idi. Yazırdı ki, "O gecə Hüseyn rolunu hamıdan yaxşı və bir böyük sənətkar kimi apardı. Tamaşa qurtardıqdan sonra bütün yoldaşlar Hüseynin əlini sıxıb onu təbrik etdilər. Burada yenə Məmməd İsmayılov üzünü Hüseynə tutub dedi: "Hüseyn, indi artıq rolumu pis oynasam, sənin məni dənizə atmağa ixtiyarın var".

Murad Muradov bunu da unutmamışdı ki, tamaşa bitincə müəllim Bayraməlibəyov səhnə arxasında Hüseyni qucaqlayıbmış, gözlərində sevinc yaşı onu təbrik edibmiş.

O vaxt, 1905-ci ildə Lənkəranda bir ay qalırlar. Həmin bir ay boyunca da sərasər tamaşalar verirlər və Murad Muradovun da, həmin səfərdə iştirak etmiş başqa köhnə sənətkarların da təsdiqincə, həmin qastroldan Hüseyn Xələfov artıq püxtə bir aktyor kimi qayıdır.

...1906-cı ilin payızında Hüseyn Xələfov artıq doqquz il idi ki, səhnədə idi. Ancaq hələ Hüseyn Xələfov idi və Ərəblinski olmamışdı. Dərbəndə qastrol səfərinə gəliblərmiş. Afişalar da qalıb, o çağın mətbuatı da xəbər verir ki, 1906-cı il sentyabrın 22-də Dərbənddə "Obshestvennoe Sobraniye"nin binasında tamaşa verirlər, "Müsibəti-Fəxrəddin" oynanır və həmişəki kimi, Hüseyn yenə Rüstəm bəy rolundadır. Tamaşa uğurlu keçir, Hüseyn yenə elə ilk səhnələrdəncə baxanları heyran qoyur, sonrakı günlərdə də dolu zalla, gur alqışlarla müşayiət edilən tamaşalar bir-birini əvəz edir - "Dursunəli və Ballıbadı"nı, "Daldan atılan daş topuğa dəyər"i oynayırlar, "Dağılan tifaq"ı göstərirlər. Növbəti günlərdən birində məşq əsnasında onu görürlər ki, qapı açıldı və tamaşaçılardan biri onlarla görüşə gəlib. Bu, bir azərbaycanlı qadındır, soyadı da Ərəblinskaya. Orada - Dərbənddə qulluqda olan generalın zövcəsi imiş. Onu aktyorların yanına gətirən isə Hüseyn Xələfovun cazibəsi imiş. Deyir, baxdım sizin oyununuza, valeh oldum, mənim də teatra həvəsim böyükdür, mən də istəyərdim ki, teatrda iştirak edim, ancaq bura xəlvəti gəlmişəm, evdən xəbər tutsalar, mənə cəza verərlər.

Özü ilə bir dəstə çiçək də gətiribmiş. O gül dəstəsini bağışlayır Hüseyn Xələfova. Xanım çıxıb gedir. İllər sonra aktyor yoldaşları yada salırdılar ki, Hüseyn xeyli pərişanlaşaraq dedi - o xanımın gəlişi mənə çox təsir etdi, təsəvvür edin, bizə qoşulsaydı, bizimlə bir yerdə səhnəyə çıxsaydı, mənim tərəfdaşım olsaydı, nə qədər ruhlanardım, nə qədər həvəsə gələrdim, indikindən də beşqat artıq yaxşı oynayardım. Sonra baxdı o gül dəstəsinə, dedi: "Heyif, bu gül dəstəsi az sonra solub gedəcək. Ancaq mən istəyirəm ki, o xanımın xatirəsi mənimlə həmişəlik qalsın. Ona görə də onun adı həmişə mənim yanımda olsun deyə soyadını özümə səhnə təxəllüsü götürəcəm. Bu gündən mən Hüseyn Xələfov yox, Hüseyn Ərəblinski oluram"... Həqiqətən də, səhnəmizin bu misilsiz fədaisinin adı 1906-cı ilin son sentyabr günlərinədək afişalarda, proqramlarda, ayrı-ayrı mətbuat səhifələrində Hüseyn Xələfov kimi getsə də, o vaxtdan sonra dönüb olur Hüseyn Ərəblinski...

Ancaq üstündən bir müddət keçəndən sonra Hüseyn Ərəblinski yoldaşlarına bir başqa əhvalatı danışıbmış. Bu da gerçək idimi, ya Hüseynin özü üçün düşüncəsində, təxəyyülündə yaratdığı bir ayrı bioqrafiya idi. Deyirmiş ki, əslində mən Bakının Qobustanındanam, orada vaxtilə yaşamış ərəblərdən törəməyik, yəni Ərəblinski təxəllüsünün əslində o xanımla görüşdən əvvəl də onun bioqrafiyasında olmasına işarə edirdi...

Və 1906-cı ilin sonlarında Hüseyn elə özü kimi cavan olan Üzeyir Hacıbəyli ilə tanış olur. Üzeyir ondan dörd yaş kiçikdi. Ancaq ilk görüşdəncə söhbətləri elə tutur ki, aralarındakı yaş fərqi itib gedir. Bir-birlərinə dayaq, məhrəm olurlar və yaxınlaşmalarında, səmimi dostluqlarının yaranmasında da tarixin diktəsi varmış. Lap az keçəcək - 1907-ci ildə artıq Üzeyir bəy "Leyli və Məcnun"u səhnəyə hazırlamağa başlayacaq və bu gedişatda Hüseyn Ərəblinski onun ən yaxın silahdaşı olacaq. Mədəniyyətimizdə, mənəviyyatımızda, düşüncəmizdə, zövqümüzdə yeni tarix səhifəsi açılırdı. Sanki zamanın cazibəsi özü bu ulduzların hamısını bir yerə cəmləmişdi ki, işıqları qovuşsun, dəfələrcə artsın və açılacaq yeni səhifəni, təzə yoludaha nurlu etməyə qadir olsunlar.

1907-ci il sentyabr ayının 21-də "Tazə həyat" qəzetində "Kefim gələndə" adlı məqalə dərc edilir: yazının altında örtülü imza dururdu - "Birisi". Bu, Haşım bəy Vəzirovun gizli imzalarından biri idi. O, teatrı mütəmadi izləyən ziyalılardandı və məqaləsində şikayətlənirdi ki, tamaşalarda rollar düzgün paylanmır. Hər kəs surətləri kefi necə gəldi elə bölüşdürür, layiq olanlar qalır bir qıraqda, layiq olmayana aparıcı rollar tapşırılır, ad da çəkirdi ki, bu gedişlə günlərin birində Xələfov kimi qabil aktyora başmaq cütləməyi, paltar saxlamağı da tapşıra bilərlər. Həmin məqaləni oxuyub təsirlənən Hüseyn Ərəblinski qəzetə təşəkkür naməsi göndərmişdi. "Tazə həyat"ın 1907-ci il 24 sentyabr sayında "İzhar-itəşəkkür" adlı o razılıq məktubu yer almışdı. Məqaləsinin başlanğıcında sevincini və ümidini ifadə edirdi ki, bundan sonra yəqinimdir, hər yerindən qalxan gəlib teatrda oynayanlar arasında qolugüclülük edib, yaxşı oynayanları bir kənara qoyub səhnədən bir zərrə xəbərdar olmayan şəxslər öz tutduqları əməllərinə peşman olub səhnəyə, haman səhnəyə ki, ona pak olan bir ayna deyərlər, qədəm basmazlar. İzah edirdi ki, irəli getmiş teatrı olan məmləkətlərdə rolları aktyorlara onların ampluasına görə verirlər. "Amplua" əvəzinə "təbiət" sözünü işlədirdi, yəni aktyorların məzacına, ruhuna müvafiq olaraq onlara rollar tapşırılır. Yazırdı ki, təbiətinə görə məhəbbətkeş, müsibətkeş, məzhəkəçi aktyorlar var və onlara öz təbiətlərinə uyğun da rollar tapşırırlar. Ancaq bizdə necədir? Bizdə kimin imkanı var, tanışı var, gücü çoxdur, ona baş rolları verirlər. Əlavə edirdi ki, bu adamlar anlamırlar ki, başqa səhnələrdə aktyorlar var, səhnəyə çıxıb iki-üç cümlə deyirlər, onların heç də bütün tamaşa boyu səhnədə olmasına ehtiyac qalmır, elə dedikləri iki-üç cümlə ilə, səhnədə olduqları iki-üç dəqiqə ilə tamaşaçıları valeh edirlər, adamların yadlarında da qalırlar. Və həmin yazının - guya sadəcə əməklərinə verilən qiymətə görə minnətdarlıqdan ibarət məqalənin tarixi mənası var. Orada Hüseyn Ərəblinski bir aktyor, sənətkar olaraq məramını, həyat qayəsini elan edir. Yazır ki, indi bizim teatrla məşğul olanların bir çoxu ayrı bir yerdə kiminsə yanında işləyir, sonra günün müəyyən hissəsində həmin işdən ayrılaraq teatra gəlir, burada oynayır, yenə də qayıdıb gedirlər əsas işləri ilə məşğul olmağa. Teatra bu münasibəti qəbul edə bilməyən, səhnəyə müqəddəs yer kimi baxan Hüseyn Ərəblinski qayəsini, məramını elan eləyirdi. Soruşurdu ki, qardaşlar, belə artistik olurmu? Bu, cəmaət fikrinə qalmaqmı? Və əsl aktyor, xalis teatr adamı olmağın düsturunu elan edirdi: "Artist gərək cəmi qulluqlarını atıb gəlib ancaq buradan çörəkpulu qazanıb, bu səhnəni qabağa aparsın".

Qəti mövqeyi belə imiş ki, artistlik eləyirsənsə, gərək sənin ayrı bir məşğuliyyətin olmasın, gərək bütün işlərini buraxıb teatrdan yapışasan, çörəyin də yalnız buradan çıxsın.

Başqalarına bunu tövsiyə edirdi və özü də beləliyin ən bariz və dürüst nümunəsi idi.

Hüseyn Ərəblinski ilə təqribən eyni illərdə səhnəyə həvəskar kimi gəlmiş, ancaq sonradan peşəkarlaşaraq Azərbaycan teatrının tarixində qalmış bir sıra aktyorlar oldu ki, onların çörəkpulu çıxan başqa nöqtələri vardı, orada işləyirdilər, dolanışıq sarıdan narahatlıqları yoxdu - gərək olanda da teatra baş çəkirdilər, məşğul olurdular, buradan da üçdən-beşdən nə çıxırdı, o da öz yerində. Ancaq Hüseyn Ərəblinskinin teatra bağlandığı vaxtdan ömrünün axırınacan dolanışıq üçün buradan başqa yeri olmadı. Səhnə, teatr onun üçün sözün əsl mənasında varlıq deməkdi. Çünki o, teatrla vardı, teatr yoxsa, yox idi. Teatr həm də onunçün çörək ağacı idi, ailəsinin dolanışığı da oradan çıxırdı. Və bizim köhnə səhnə xadimləri özlərini də, digər yoldaşlarını da göz önündə sıralayırdılar, o qatarda Hüseyn Ərəblinski də vardı və qiymətlərini verirdilər. Söyləyirdilər ki, Hüseyn Ərəblinskinin umduğu biçimdə canı-qanı ilə teatra, səhnəyə bağlanan vur-tut üç nəfər olub: Hüseyn Ərəblinskinin özü, Əbülfət Vəli, bir də Sidqi Ruhulla.

Onlar, həqiqətən, səhnədən başqa yer tanımırdılar. Nələri var teatr idi, teatrla nəfəs alırdılar. Sözün birbaşa mənasında - dolanışıq anlamında da onları yaşadan elə səhnə idi, teatr idi.

Ərəblinski itkisinin yeddinci ildönümü münasibətilə qurulan xatirə axşamı ərəfəsində nəşr edilmiş əl boyda kitabçaya "Səhnə qurbanı" adlı birpərdəli pyes də daxil edilmişdi. Əbdürrəhim bəy Haqverdiyevin qələmə aldığı və həmin xatirə axşamında da oynanmış o səhnəcikdə də Əbülfət Vəli Hüseynin yanında idi.

Dayısı Hüseyni töhmət edir ki, mən bazardan keçə bilmirəm, hər görən deyir: "Odur, bığıqırxıq Hüseynin dayısı gedir. Adə, a binamus! A biqeyrət! Ayna qabağında duruban bir sifətinə dürüst diqqət elə, bax, gör nəyə oxşayırsan. Adə, kişi də bığlarını qırxdırıb özünü bu sifətə salar?

...A binamus, məgər özünə bir peşə tapmayırsan? Gəl mənimlə otur, xaricilərə verdiyim məvacibi artıqlığı ilə verim sənə, padşah kimi dolan!"

Bunlar yalnız yazıçı qələminin bir surətin dilinə verdiyi sözlər deyildi, bu soyuq və sərt deyişlər həyatın içindən gəlirdi. XX yüzilin əvvəllərində mollaxanaya deyil, üsul-i cədid məktəbinə gedən uşaqlar küçədə onlara söz atan, təhqir edən olmasın deyə xüsusi geyimlərini özləri ilə ayrıca bir çantada götürər, məktəbin tininə çatanda paltarlarını dəyişib içəri keçərmişlər.

Hüseyn Ərəblinski də belə istehzaları, ikrahlı sataşmaları hər gün eşidirdi. Cavan oğlandı, əsəbləri dəmirdən deyildi, qulağına dəyənlər onun da qəlbinə toxunurdu, ruhunu zədələyirdi, ancaq dözə bildiyi qədər dözürdü, eşitdiyi latayır sözləri qulaqardına vura bildiyi qədər səbir edirdi.

Əbdürrəhim bəyin o səhnəciyində Ərəblinski üzünü tutmuşdu Əbülfət Vəliyə: "Vəli, görürsən, küçədə günüm bu, bazarda günüm bu, əmi, dayı, qohum, qardaş hamı məndən üz döndərib. Küçədə uşaqlar məni daşlayırlar, bir gün bu nainsaflar məni öldürəcəklər. Bu, mənim yəqinimdir. Amma qoy öldürsünlər. Nə qədər canım sağdır, məsləkimdə möhkəm durmuşam və duracağam".

Vəli ona ürək-dirək verirdi və Ərəblinski sınmırdısa, sönmürdüsə, əsas səbəb də elə bu idi - məsləkdaşların, duyğudaşların, onunla bütün çətinliklərə rəğmən, eyni yoxuşlu yolla irəliləməkdən çəkinməyənlərin varlığı: "Hara getsən, səninlə varam, istər getdiyin yol ölüm yolu olsun!"

Və o xatirə axşamında artıq Ərəblinski rolunu ifa edən aktyorun dilindən səslənən bu sözlər həqiqətdə həm o, həm də elə bütün əyyamlarda nadanlarla, yaxşını görüb görməzliyə vuran xəbislərlə, işığa düşmən olanlarla qarşı-qarşıya dayananlar əhatəsindəki nur topalarınınsözü idi: "Bizim yolumuz batmaz, bu, günəşə tərəfdir. Qoy kor şəbpərələr öz qaranlıq yuvalarında dünyadan bixəbər yatıb özlərini insan hesab etsinlər. Bir vaxt gələr, kimin insan olduğu məlum olar".

Bütün bunlar olmağına olur - gec, tez. Ancaq o olmalı olanlar olanacan da Allahın sevərək xəlq etdiyi, insanlığa işıq yaymaqçün göndərdiyi nə qədər seçkinlərin, ötkünlərin, parlaqların da ömürlərini sürü-sürü hikkəlilər, riyakarlar, mənhuslar zəhərləyirlər, cılız varlıqlarıyla öz mühitlərini yaradanlar, əlinə girəvə düşən kəmfürsətlər, puç sözləri keçərli olan rəzillər dürüstlərin, safların, gərəklilərin adam kimi yaşamaq macalınıda qamarlayırlar.

...O çağların - Hüseyn Ərəblinski dövrünün bir mətbuat saxlancı da ibrətlidir - əl-əl gəzən dərginin ilk səhifəsindəki şəkil çox mətləblərdən deyir. 1909-cu il mart ayının 1-idir, "Molla Nəsrəddin" jurnalının təzə sayı çıxıb. Üz qabığında səhifə boyu bir rəsm - bu yanda Hüseyn Ərəblinski həmkarı ilə dərdləşir, o yanda qara çuxalı, əbalı bir dəstə qarnıyoğun sevinc içində rəqs edir, atılıb-düşürlər, obiri tərəfdə də iri bina alışıb yanır. Yanan bina Tağıyev teatrıdır. "Teatrlarda o qədər xalqın müsibətini göstərdim ki, axırda öz başıma da gəldi".

Həqiqətən, 1909-cu ildə yaz ərəfəsində Tağıyev teatrında güclü yanğın baş vermişdi və bu, Hüseyn Ərəblinskinin də, digər aktyorların da həyatında elə şəxsi faciələri kimi ağır bir hadisə idi. Adamın evi yananda, xanimanı dağılanda necə olar? Bura da Ərəblinski və məsləkdaşlarının hər gün gecələdikləri mənzillərindən daha artıq evi idi. Teatr, səhnə Hüseyn Ərəblinski kimi vurğunların həyatına, varlığına necə qaynayıb-qarışarmış, teatrın başına gələn hər hansı bir hadisəni həmin adamlar nə təhər öz şəxsi ələmi, öz könülacısı kimi qavrayarmış, bunu mən lap yaxın məsafədən də görmüşəm. 1984-c ildə Opera teatrında güclü yanğın baş verəndə ömrünün onillərini bu məbədə bağışlamış ustad tarzən Bəhram Mansurovun ürəyində o anlarda infarkt şırımlar açmışdı...

23 may 2024

 





27.05.2024    çap et  çap et