525.Az

“Heç vaxt təkəbbürlü, eqolu olmadım” - Xalq artisti Gülyanaq Məmmədova ilə müsahibə


 

XALQ ARTİSTİ GÜLYANAQ MƏMMƏDOVA: “BU SƏNƏTƏ GƏLDİNSƏ, GÖZÜN VƏ NƏFSİN TOX OLMALIDIR”

“Heç vaxt təkəbbürlü, eqolu olmadım” - <b style="color:red"> Xalq artisti Gülyanaq Məmmədova ilə müsahibə</b>

Azərbaycanın və Özbəkistanın Xalq artisti, müğənni Gülyanaq Məmmədova ilə söhbət

 

- Gülyanaq xanım, kiçik yaşlarımdan sizi necə görmüşəmsə, indi də eləsiniz - sadə və səmimi. Bunun sirri nədədir?

- 30 ildən çoxdur səhnədəyəm. Kənddə böyümüşəm, təbii ki, hər kəs kimi mənim də arzularım olub və bu arzularla sənətə qədəm atmışam. Çox şükür, arzuma nail oldum. Hardan hara gəldiyini, hansı çətinliklərdən keçdiyini unudan adam gələcəyini görə bilməz.

Uşaqlığım kənddə, zəhmətkeş insanların arasında keçib, həm dərslərimi oxuyur, həm də tədbirlərdə iştirak edirdim, çalışırdım - təsərrüfatı işləri, dərslərim, bir də sənətə sevgim. Məni bu sənətə istək, sevgi gətirib. Kənddən gələndə Allaha əl açdım ki, qəbul olunum, oxuyum, arzuma çatım. Heç vaxt təkəbbürlü, eqolu olmadım. Tələbəlik illərini başa vurdum, Bakıda yaşadım, sənətdə gələndən 5 il sonra Ulu öndər tərəfindən Əməkdar artist adına layiq görüldüm.

- Kənd yerlərində, xüsusilə də o vaxtlar bir çox valideynlər  övladlarının bu sənətə gəlmələrinə qarşı çıxırdılar. Sizdə necə idi vəziyyət?

- Valideynlərim müasir, oxumuş, dünyagörüşlü insanlardır. Atam özü musiqiçi olduğu üçün övladlarının da bu sənətdə olmasına etiraz etmədi. Müsabiqələrdən həmişə qalib kimi gəlirdik, atam çox sevinirdi. Hətta böyük bacımı öz istəyi ilə Bakıya gətirdi və Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olundu. Atam bizə cığır açdı. Lakin kənd yeridir, qızlar böyüyən kimi  elçilər düzülürdü. Atam və anam da bundan ötrü bir az narahatlıq keçirirdi. Atamız daha çox ali təhsil almağımızı düşünürdü. Valideyn kimi adımızın təmiz olmasını istəyirdilər. Bəzən tərəddüd içərisində olurdular ki, qız uşaqları Bakıya gedib təkbaşına nə edəcəklər? Ailə qurub sonra oxumaq dalınca getməyimizi istəyirdilər. Amma o da mümkün deyildi. Mən bu işə gəlib yiyələnmədən ailə qursaydım, hər şey bir kənarda qalacaqdı. Ona görə mən öz inadkarlığımla öz karyeramı qurdum.

- Yəni dediyinizdən belə çıxır ki, karyera ilə ailə hər ikisi eyni anda ola bilməz?

- Hər ikisi gözəldir. Lakin birinci  sənətə yiyələnib, ağıl və istedad ilə yerini tutub sonra ailə sahibi olmaq lazımdır. Bu sənətə gəldinsə, gözün və nəfsin tox olmalıdır. Kasıb günlərim də olub, elə olurdu 3-5 ay kirayə pulunu verə bilmirdim. Bunlar təbii haldır. Amma buna baxmayaraq, heç bir zaman tez parlayım və önə gedim demədim.

- Siz həm də Özbəkistanın Xalq artistisiniz. Ordakı fəaliyyətiniz nə yerdədir? Konsertlərdə, tədbirlərdə tez-tez iştrak edirsiniz?

- Bəli, Özbəkistanın bütün şəhərlərində konsertlərdə olmuşam. Özbəkistanın və Azərbaycanın Xalq artisti adını aldığım üçün özümü çox şanslı hesab edirəm, bununla qürur duyuram. Sənətimə verdikləri bu qiymətə görə hər iki dövlətin başçısına minnətdaram. Çalışıram fəaliyətimi daha da genişləndirim. Eyni gündə neçə yerə qaçıram. İnsanlar bəzən idman edib-etmədiyimi soruşurlar, mən hər gün sənət yolunda qaçaqaçdayam.

- Bu yaxınlarda Türk Dünyası  Beynəlxalq Tələbə Tamaşaları Festivalında iştirak etmisiniz. Sizcə, belə festivallar nə dərəcə əhəmiyyətlidir?

- Düşünürəm ki, türk xalqları üçün belə festivalların təşkili önəmlidir  və alqışa layiqdir. Bir çox türk xalqlarının milli mahnılarını  oxuyuram. O xalqları sevdiyim üçün mədəniyyətlərinə və musiqilərinə böyük dəyər verirəm. Biz hamımız millət olaraq bir- birimizi sevməliyik.

- Övladlarınızdan sizin yolunuzu davam etdirmək istəyən varmı?

- Övladlarımın hamısının səsi və istedadı var. Amma nədənsə səhnədən uzaq qaçırlar. Qızımın gözəl səsi var, lakin özünü bu sənətdə görmür.

- Bəs siz necə, istəyərdinizmi?

- Bəli, istəyərdim.

- Bir çox sənətkarlar istəmir amma.

 - Mən istəyərdim. Oğlumun rejissorluğa həvəsi var. Hətta bir film çəkmişdilər, bizi ağlatmışdı. Üç qardaşının da obrazını gördüm o filmdə. O qədər gözəl işlər görür ki, uşaqlarımın istedadına heyranam. Amma nədənsə rejissorluğun dalınca getmək istəmir. Atası futbolçudur, onun yolunu seçib.

- Son illər həddindən artıq estetik əməliyyatlara üstünlük verən ifaçıları efirlərdə tez-tez görürük. Sənətdən çox xarici görünüşləri ilə gündəmdə olmaq istəyirlər sanki. Sizin münasibətiniz necədir belə ifaçılara?

- Hələlik estetik əməliyyat elətdirməyi düşünmürəm və edənlərə də pis baxmıram. Amma vaxtından tez də etməsinlər gərək. 25-30 yaşında qızlar bunu edirlərsə, bəs 40-50 yaşında necə olacaqlar? Ehtiyac varsa, qədərində etmək olar. Həddindən artıq şişirtməyə ehtiyac görmürəm. Hamısı bir-birinə oxşayır, elə bil eyni ata-ananın övladlarıdır. Hər şeyin azı da zərərdir, çoxu da, qədərində olanda gözəldir. Xanımlara gözəllik yaraşır. Həkimlərimizi də alqışlayıram, belə bacarıqlı həkimlərimiz var. Görürsünüz, hərtərəfli düşünürəm bunları. Amma özümdə hələ buna ehtiyac duymuram. Üzümdə heç bir dolğu yoxdur. Üzümə qulluq etsəm, daha gözəl görünərəm. Sadəcə mən buna vaxt tapa bilmirəm.

Havar ŞƏFİYEVA

 





27.05.2024    çap et  çap et