525.Az

"Bir məscid tikək bu səngərlərin yerində..." - Reportaj


 

AĞDAMIN PİRHƏSƏNLİ-KƏNGƏRLİ KƏNDİNDƏ, MƏŞHUR HACI ABBAS OCAĞINDA GÖRÜB-EŞİTDİKLƏRİM

"Bir məscid tikək bu səngərlərin yerində..." - <b style="color:red"> Reportaj</b>

Ömürlərinin son otuz ilini məcburi köçkünlükdə keçirən Rüstəmli qardaşlarının çox mühüm bir arzusunun ardınca Ağdama yola düşdük. Dan yeri sükan arxasındakı Elbrus əminin və yanında əyləşən böyük qardaşı Şahmalı əminin sevinci ilə birlikdə söküldü:

- O gün "Qaçqınkom"dan zəng eləyiblər, - Şahmalı əmi dedi.

- Nə deyirdilər, - Elbrus əmi sükanı, maşını, yolu yaddan çıxarıb maraqla soruşdu.

- Deyirlər, kəndinizdə yaşamağa qayıdacaqsınızmı? Dedim, çantam qapının ağzında qalıb, - Şahmalı əminin sözündən də, gözündən də fərəh yağırdı.

Elbrus əmi kəndlərindən hər danışanda fikri yoldan yayınırdı. Fotoqraf dostum Fazillə mən bundan narahat olur, onu daha az danışdırmağa can atırdıq. O isə Ağdamdan söhbət açılanda danışmaya bilmirdi. Sözünü kəsməsən, elə hey kəndlərini, arzusunu izah etmək üçün dayanmadan dil-dil ötərdi...

Quzanlı qəsəbəsindən keçəndə Şahmalı əmi hər tərəfi dörd gözlə süzdü. Köçkünlük vaxtı burda məskunlaşıbmış. 25 il olar, Bakıya köçüb. Elbrus əmi gülə-gülə: "Tanış gəlirmi bu yollar?" - deyib göz vuranda da Şahmalı əmi heç bir söz demədi, razılıq əlaməti kimi başını yellədi. 

Şahmalı əmi Əhmədağalı kəndində alaq basmış taxıl zəmisini görüb özündən çıxdı:

- O alağı əlimlə bir-bir təmizləyərdim...

Çinarlı kəhrizinin yanından keçəndə maşın dayandı, muzeydəki əşyaları eksponatlara təqdim edən bələdçitək qardaşlar da iki cavan oğlanı bu yerlərlə tanış etmək üçün hər şeydən xırda-xırda bəhs etməyə can atırdılar. Dedilər, bu sudan mütləq içmək lazımdı. Elə bil, söhbətimizin yaxşı alınması üçün Çinarlı kəhrizinin suyu sehrli iksir idi.

Bulağlar çaya qovuşmağa can atan kimi, qardaşlar da öz doğma kəndlərinə - Pirhəsənli-Kəngərliyə tələsirdilər. Yolda ordan-burdan müxtəlif söhbətlər salırdılar ki, zaman tez ötsün, mənzil başına yetək. Şahmalı əmi dedi ki, ay Elbrus, o gün filankəs kişini gördüm, heç dəyişməyib e, elə bil dağdan indicə gəlib.

Qardaşlar da sanki Pirhəsənli-Kəngərlidən dünən çıxmışdılar. İndi köçkünlüyün ağrısından simalarında zərrə nişanə yox idi.

Əfətli postundan keçəndə dayandıq, polis maşına yaxınlaşdı:

- Salam-əleyküm. Qonaqsız?

Şahmalı əmi tez dilləndi:

- Qonaq deyilik, Kəngərlidənik.

- Hansı?

- Pirhəsənli Kəngərlisi, - Elbrus əmi dilləndi.

Sənəd-sünəd işləri, bir az danışıq-filan, nəhayət, polis dedi:

- Məscidin yanında sizi gözləyəcəklər. Tanıyırsız?

Şahmalı əmi bayaqkı intonasiya ilə cavab verdi:

- İstəyirsən, səni gözübağlı aparım...

Ağdamın mərkəzinə yol aldıq. Əfətlidən o tərəfə Sarıcalı kəndidir. Deyirlər, buralar hamısı üzüm bağları olub... Suallarımın ardı-arası kəsilmir, qardaşlar da təmkinini pozmur.

- Bax buralar ermənilərin səngəri olub, - Elbrus əmi dedi.

- Vaxtilə! - Şahmalı əmi yaxşı redaktor ola bilərdi, çünki hər kəlməbaşı məxsusi düzəlişləri olurdu.

- Bax, görürsüz sökülən evləri? - Elbrus əmi əlavə etdi.

- Sökülən yox, dağıdılan, - Şahmalı əmi iti redaktor zehnini korşalmağa qoymurdu.

Ağdam Cümə məscidinin yanında dayandıq. Maşından enib polislərlə görüşdük. Sürətlə gedən quruculuq işləri, əzəmətlə ucaldılan binalar, şəhərin baş planı barədə söhbətləşdik. Ağdamın mərkəzində insanlar qarışqa kimi işləyirdilər. Uzaqdan damları ağaran evlər şəhərin təzliklə insanlara qucaq açacağından, yaşayış məskəninə çevriləcəyindən xəbər verirdi... Cümə məscidinin minarəsindən səslənən Azan səsi dualarımıza "Amin!" dedi...

Maşına minib şəhərin yaxınlığındakı Pirhəsənli-Kəngərli kəndinə yollandıq, özü də Kəngərli adının qarşısına ismi həkk olunmuş Pirhəsən kişinin törəmələri, Hacı Rüstəmin nəticələri, Hacı Abbasın nəvələri, Abbas kişinin övladları Şahmalı və Elbrus Rüstəmlilərlə birgə...

Pirhəsənli Kəngərlisində gördüklərimi və eşitdiklərimi nəql etməmişdən əvvəl kəngərlilər barədə qısa məlumat vermək yerinə düşər. Kəngərlilər Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardandır. Onlar Səfəvi imperiyası dövründə əsas Qızılbaş tayfalarından biri olan ustaclıların bir tirəsini təşkil ediblər. Tayfanın tarixi barədə müxtəlif mənbələrdə fərqli məlumatlar öz əksini tapır. Bütün məlumatların ortaq nöqtəsi odur ki, sözügedən tayfa uzun tarixi yol keçib və Azərbaycan tarixinə böyük şəxsiyyətlər bəxş edib. Səfəvi dövrünün bir çox məşhur sərkərdəsi Kəngərli tayfasına məxsus olub. Nadir şah imperiyasının parçalanmasından sonra Şimali Azərbaycanda əsası qoyulan xanlıqlardan biri də Naxçıvan xanlığıdır. Xanlığın əsasını qoyan Heydərqulu xan Kəngərli tayfasına məxsus idi. Xanlıq sonradan Rusiya imperiyası tərəfindən işğal edilib, xan ailəsinə məxsus olan şəxslər Rusiya imperiyası ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etməyə başlayıblar. Kəngərlilərin ən tanınmış nümayəndəsi Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərlidir. Onun oğlanları Şeyxəli xan Kəngərli və Ehsan xan Kəngərli, onların da oğul və nəvələri Kəlbəlixanovlar və Naxçıvanskilər olublar. Bu ailədən göstərdiyi rəşadətə görə yüksələn, məşhurlaşan şəxsiyyətlər, generallar çıxıblar. Bunların sırasında sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu tam süvari generalı Kəlbəli xan Naxçıvanskini, onun oğlu tam süvari qoşunu generalı, Rus İmperator Ordusunda ilk və yeganə müsəlman general-adyutant Hüseyn xan Naxçıvanskini, qardaşı tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskini, Cəmşid Naxçıvanskini, Ehsan xan Naxçıvanskini və başqalarının xüsusi yeri var.

Kəngərlilər, Naxçıvanla yanaşı, Azərbaycanın digər ərazilərinə də yayılıblar. 1604-cü ilin iyun ayında qızılbaşların Naxçıvanı ələ keçirməsindən qısa müddət sonra Maqsud Soltan Kəngərli I Şah Abbas tərəfindən buranın hakimi təyin olunub və növbəti il böyük Osmanlı hücumu başladığı zaman I Abbas Maqsud Soltana əyalətin əhalisini tez bir zamanda Arazın cənubuna köçürməyi əmr edib. 1921-ci ildə Məhəmmədhəsən bəy Vəliyev-Baharlı yazırdı ki, Göyçay, Cavanşir və Şuşa ətrafında kəngərlilər yaşayırlar. Oberlinq onların I Abbas dövründə Arazın cənubuna keçməyə məcbur edilmiş, lakin II Abbasın dövründə sərhəd bölgələrinin yenidən əhali ilə məskunlaşdırılması siyasətinin izlənilməsindən sonra köhnə yerlərinə qayıtmış kəngərlilərin varisləri hesab edir. Hazırda Azərbaycan Respublikasının ərazisində bir çox yer adları kəngərlilərlə bağlıdır. Bunlara misal olaraq Naxçıvanda Kəngərli rayonunu, Ağdam rayonunun Salahlı-Kəngərli və Qızıl Kəngərli kəndlərini, Tərtər və Ağdam rayonlarındakı Kəngərli kəndlərini, Kürdəmir və Tərtər rayonlarındakı Bala Kəngərli kəndlərini, Kürdəmirdəki Böyük Kəngərlini, Ağsudakı Kəngərli kəndini nümunə göstərmək olar.

Tarixə kiçik ekskursiyanın ardınca Ağdamın Pirhəsənli-Kəngərlisinə gəlişimiz barədə rahat danışmaq olar.

Kəndə girən kimi qardaşların xatirə dəftəri varaqlanmağa başladı; bura İslam əmigilin evidir, bura Arazın... Qara Yusufun evi, Sərxan kişigil...

Kəndin keçmiş xəritəsini çəkə-çəkə gəlib çıxdıq həmin məşhur ocağa - Hacı Abbasın evinə. Qardaşlar babaları Hacı Abbasın həyətində əvvəlcə dinməz-söyləməz gəzişdilər. Sükut uzun çəkdi... Sonra bir vaxt oğlu ilə birlikdə repressiyanın qurbanı olmuş, böyük nəslin davamçısı, Kəngərli tayfasının törəməsi, xeyirxah, dindar, el ağsaqqalı və nəhayət, vaxtilə tikdiyi ev işğal dövründə dağıdılmış, həyətində ermənilərin səngər qazdığı (qardaşların təbirincə, "akop" tikdiyi) Hacı Abbas barədə, bu ocağın qüdsiliyi haqqında söhbət elədik.

Şahmalı əmi köhnə günləri yada saldı: "Əmioğlu Novruzla yaşıd idik. Məktəbə bir gedib-gəlirdik. Dərsdən evə gələn kimi də qoyun-quzu dalınca gedirdik. Dolanışığımız ondan çıxırdı. Bu həyətdəki evi babam Hacı Abbas tikmişdi. Səkkiz otağın birini qardaşı Sadıxa, birini böyük qardaşı Hacı Pirhəsənə, birini Yetim Həsən ləqəbli qardaşına, birini böyük oğlu Şükür əmimə veribmiş... Həmin evin daşı ilə indi mən ev tikdirmək istəsəm, kran zorla qaldırar. Çox böyük daşlar idi. Divarın eni iki metr idi... Hacı Abbasın ilxıları, dəvə qatarları, on-on beş min qoyunu olub. Babam dövlətli adam imiş. Onun sürüləri ilə indiki Aran qəsəbəsi deyilən yerdə bir sovxoz yaranıb".

Hacı Abbasın oğlu, Şahmalı əmigilin atasının da adı Abbas imiş. Oğluna öz adını verməsinin səbəbini maraqlandım.

Elbrus əmi eşitdiklərindən danışdı: "Bəli, atamızın adı Abbas olub: Hacı Abbas oğlu Abbas. Atam Abbas kişi altı aylıq olanda Hacı Abbas atı minib harasa qonaq gedib. Hacı Abbasın birinci arvadı Mələk nənə baxıb görür ki, uşaq nəsə qurdalanır. Keçi südü ilə yumurtanı mayalandırır. O vaxtı da əmzik yox imiş. Qoyunun bağırsağı ilə uşağı əmizdirir. Hacı Abbas evə qayıdanda görür ki, atam Mələyin qucağında dinməzcənə yatıb. Həmin gün Hacı Abbas babam atamın adını Abbas qoyur, deyir ki, uşaq elə mənim adımı daşısın".

Hacı Abbasın İslam dininə bağlılığı, Həcc ziyarəti, ümumiyyətlə bu ocağın dinə münasibəti barədə maraqlandım. Axı o vaxtlar Həcc ziyarətinə getmək müşkül imiş...

Şahmalı əmi babasından fərəhlə bəhs edir: "Hacı Abbas babamız 1916-cı, 1917-ci illərdə iki dəfə altı ay müddətində Məkkəni ziyarət edib, bu uzun yolları atla, dəvə ilə qət edib. O vaxt Həcc ziyarətinə getmək istəyənin vəziyyətini yoxlayırmışlar ki, məsələn, görək bu Abbas Həccə gedib-gələn vaxt ərzində onun ailəsinin, çobanlarının azuqəsi bəs edəcəkmi? Ondan sonra icazə kağızı verirmişlər... Hacı Abbas özü də, balaları da namaz-oruc əhli olub. Sovet hökuməti hakimiyyətə gələndən sonra da İslama sadiqlik bu ocaqda davam edib... Köçəri camaat İmamqulubəyli kəndində məskunlaşıblar. Həmin torpaqlar da babamın yeri olub. Qurban bayramı vaxtı Hacı Abbas babam adam göndərirmiş, qurban kəsməyə imkanı olmayanları siyahıya alırmış. Həmin adamlara erkək heyvan paylatdırırmış... Aşura vaxtı bu ocaqda gündüzlər ehsan verilib, axşamlar mərsiyələr, nohələr oxunub. Gecə yerə ağac basdırır, o ağacın başına da əl formasında bir şey bağlayırdılar, yəni ələm... Bir də Düldül atı var idi. Bilərsən, imam övladının atı olub Düldül. Hə, gecə saat 1-ə qədər sinə döyüb həmin ələm ağacının başına dolanırdılar. Bir dəfə məhərrəmlik vaxtı Hacı Abbasın oğlu İslam əmimin qulan atını Düldül atı elədilər. Adamı yaxınına qoymayan həmin kəhər qulanın, canın üçün, qarnının altından keçib quyruğundan tuturduq. Denən, dəbərirdimi?.. Həmin atı qətl sınan günü bir nəfər oğurladı. Bu söhbətin üstü açıldı, oğurlayan bəlli oldu. Əmim İslam düşdü həmin adamın arxasınca. Hacı Abbasın balalarının bir andı var idi: "Dədəm getdiyi Məkkə haqqı..." Əmim bu andı içib dedi ki, o Düldül atı geri qayıtmasa, yediyim-içdiyim haramım olar. Çox əziyyət bahasına atı tapıb qaytardı".

Elbrus əmi Hacı Abbas ocağının sirli cəhətlərindən söz açır: "Bir dəfə inəyimiz əkiz doğdu. Atam Abbas kişi onun erkək balasını İmam Hüseyn yolunda qurban dedi. Vaxt keçdi, həmin buzov böyüyüb elə həddə yetişdi ki, on adam tutub yıxa bilməzdi. Ehsan üçün onu kəsmək istəyəndə başından bağladılar, ayağını cütlədilər, özü ehmalca yatdı yerə. Mehric kişi xəncəri çəkdi. Heyvan heç çabalamadı da... Bu ocaqda belə möcüzələrin sayı-hesabı olmayıb".

Hacı Abbasın birinci arvadı Mələk xanımdan Şükür, İslam, Məhəmməd adında oğlanları, Sərəncam, Göyçək, Ayna adında qızları dünyaya gəlib. İkinci yoldaşı Ayna nənədən isə Şahmalı əmiglin atası Abbas, Musa, Rüstəm, Müseyib adında oğlanları, Tavad adında qızları doğulub. Bu iki arvad bir yerdə, işğal vaxtı dağıdılmış bax bu ocaqda yaşayıblar. Qardaşlar deyirlər ki, Hacı Abbasdan əlavə, oğlanları Musa və Şükür də sürgün olunub. Bu sürgünlərin səbəbini xəbər aldım.

Şahmalı əmi belə cavab verdi: "O vaxt sovet hökumətinə qarşı döyüşən qaçaqlar var imiş. Musa əmim həmin qaçaqların içində olub. Onu bunun üstündə tutub sürgün ediblər. Şükür əmimin də taleyi keşməkeşli olub. Kəlbəcərin yaylağında Bakıda gələn adamları qaçaqlar atəşə tuturmuşlar. Hay gəlib Hacı Abbas babama çatır. O da Şükür əmimi həmin yerə yollayır. Ora çatanda Şükür əmim beşatılandan göyə iki dəfə atəş açır. Qaçaqlar deyir ki, bu, Şükürün gülləsinin səsidir. Ondan sonra geri çəkilirlər. Hacı Abbas babam Bakıdan gələnləri üç gün evində qonaq saxlayır. Şükür əmim qonaqları İstisudan maşına mindirib Bakıya yola salır. Həmin qonaqlardan biri Mir Cəfər Bağırovun yanına gedir. Deyir, bizi qırırdılar, Şükür qoymadı... Düzü, Hacı Abbas babamın özünün qaçaqlarla əlaqəsi olmasa da, Şükür əmimin də, Musa əmimin də əlaqəsi varmış. Bağırov da çoxbilmiş olub axı, deyib ki, əgər qaçaqlar sizi buraxıblarsa, deməli, Şükürü də, Musanı da yaxşı tanıyırlar, onlara ehtiramları var, onda bu Hacı Abbas təhlükəli adamdır, bəlkə də, elə işin başında o özü dayanır... Babamı şərləyib tuturlar, 1933-cü ildə sürgün olunur, qəriblikdə öldürülür. Babamdan sonra oğlanlarını da sürgün ediblər. Şükür qayıtmayıb. Musa isə sağ-salamat qayıdıb".

Elbrus əmi daha bir məlumatı bölüşdü: "Hacı Abbas babamın bir qolu yox imiş. Bunun da öz tarixçəsi var. Bir gün Hacı Abbas babamla Şükür əmim qış yatağını hərlənəndə görürlər ki, bir kişi yatağı sökür. Şükür əmim atdan düşür, bu kişiyə bir şillə çəkib tüfəngini də əlindən alır. Hacı Abbas babam oğluna deyir ki, kişinin tüfəngini qaytar, işin olmasın, qoy çıxıb getsin. Ata-bala çönüb gedəndə o əclaf silahını qaldırır, Hacı Abbas babamın kürəyini nişan alıb qışqırır ki, al gəldi!.. Bu sözü eşidən kimi babam geri çevrilir, güllə sağ qolunu dirsəkdən aparır".

Qardaşlar yolda Çayçı Musadan danışırdılar. O da Hacı Abbasın Ağcabədidəki həyat yoldaşından olan oğlu imiş. Ondan necə xəbər tutduqlarını soruşdum.

Şahmalı əmi maraqlı əhvalatı təfsilatı ilə nəql etdi: "Bir nəfərə güllə dəyir, söz-söhbəti bağlamaq üçün Hacı Abbas babamı çağırırlar. Ağcabədiyə gedir, üç gün qalır, qanlılıq haqq-hesabını yoluna qoyur. Elə həmin vaxt Ağcabədidə şuşalı bir dul qadınla kəbin kəsdirir. Həmin qadından bir oğlu dünyaya gəlir, adını qoyurlar Musa. Həmin Musa sonralar Ağcabədidə Çayçı Musa ləqəbi ilə tanınır. Hacı Abbas babam o qadını heç vaxt imkansız, köməksiz qoymayıb. Babam sürgün olunandan sonra həmin ailə ilə əlaqə kəsilir. Sonralar o qadın yaşlananda oğlu Çayçı Musanı çağırıb deyir ki, sənin atan Ağdamın Pirhəsənli-Kəngərlisində yaşayan Qızıllı Hacı Abbasdır... Bizim kənddə Savalan var idi. Mühasibat işini yaxşı bilirdi. Günün birində onu Ağcabədiyə yoxlamaya göndərirlər. Günorta naharında Çayçı Musanın yanına gedir. Ordan-burdan söhbət eləyirlər. Çayçı Musa onun hansı kənddən gəldiyini biləndə soruşur ki, Hacı Abbasın uşaqları sağdırlarmı? Savalan da çoxbilmiş olub. Deyir ki, hamısı ölüb, qalan elə mənəm. Ağcabədidə Savalanı çox xətirli tuturlar, yaxşı qulluq edirlər... Günün birində Savalan rəhmətə gedir. Çayçı Musanın qızı Zəhra yasa gəlir. Mənim bibilərim də yas yerində olurlar. Bibilərim görürlər ki, bir nəfər Hacı Abbas babamı dil deyib ağlayır. Ağlaşma qutarandan sonra Zəhraya yanaşıb soruşurlar ki, a qız, sən kimsən ki, bizim dədəmizi dil deyib ağlayırsan? Zəhra deyir ki, Hacı Abbas mənim babamdır, bu rəhmətə gedən Savalan demişdi, Hacı Abbasın bütün balaları qırılıb, qalan bircə mənəm. Orda söhbətin üstü açılır və atamgillə, bibilərimlə çayçı Musanın balaları arasında gəliş-gediş yaranır".

Hacı Abbasın portretini olduğu kimi canlandırmaq üçün qardaşlar yadda qalmış bütün əhvalatları danışmaq istəyirdilər. Odur ki, söhbətimiz geniş, təfərrüatlı alındı.

Elbrus əmi Hacı Abbasın sözünün çəkisindən söhbət saldı: "Ağdamda Qızıl Kəngərli kəndi də var... O vaxt Qızıl Kəngərli ilə Kolanı üzbəüz imiş. Kolanıdan olan Zallar Araz, Qızıl Kəngərli camaatına silah qaldırıb kənddən çıxardırmış. Hacı Abbasa soraq gəlir ki, məsələ belədir. O da Güllücə bəylikliklərinə xəbər yollayır ki, otuz atlı ilə silahlanıb gəlsinlər Qızıl Kəngərliyə. Hacı Abbas babam həmin yerə çatanda Zallar Araz gəlir onun yanına. Babam deyir ki, Araz, sən bilmirsən, Qızıl Kəngərlilər mənim əmim uşaqlarıdır? Zallar Araz cavab verib ki, bilmirdim, indi bildim. Babam sərhəd çəkir, oranı qazdırır, əmin-amanlığı bərpa edir... Güclü, sözükeçən adam olub Hacı Abbas..."

Elbrus əmi çəkil ağacının kölgəsində namaz qıldı. Əlini açıb Allaha dua elədi, salavat çəkdi, babasının əziz adını bir də anıb ruhunu sevindirdi. Uzun illər sonra ilk dəfə idi ki, bu ocaqda namaz qılınırdı...

Çəkil adını ilk dəfə eşidirdim. Bar gətirməyən tut ağacına çəkil deyirlərmiş. Erkək tut bəhrə vermirmiş. Şahmalı əmi deyir, bircə bu həyətdə ağac qalıb. Ermənilər kənddə bir ağac qoymayıblar.

Həyətdə dörd-beş "akop" var idi. Elbrus əmi deyir, ermənilər bu "akop"lardan Çəmənli kəndini müşahidə edirlərmiş.

Birdən soruşdum ki, ay Şahmalı əmi, heç it-pişik gözümə dəymir, deyəsən, ümumiyyətlə heyvan yoxdur. Qüssəli-qüssəli məni süzüb dedi:

- İt-pişik insan olan yerə gələr, bala. Burda heyvan nə gəzir?.. Amma olacaq. Biz bu kəndə qayıdacağıq. Onda bura it-pişik də ayaq açacaq. Görürsən, heç yazın günü quş da oxumur... Ağaclar əkəcəyik. Quşlar da budaqlarda yuva qurub nəğmə oxuyacaq...

Pirhəsənli-Kəngərli kəndinin qəbiristanlığına getdik. Elbrus əmi babasının və atasının adını oğluna veribmiş. Heyif, balaca Abbas uşaq olarkən dünyadan köçüb. Övladının məzarını ziyarət edən ata nə dindi, nə danışdı. Kövrəldiyini gizlətmək üçün üzümüzə də baxmadı.

Şahmalı əmi kəndin işğal olunduğu günü xatırladı: "Hamı mənim kənddən çıxmağımı gözləyirdi. 93-cü il iyulun 22-də uşaqları maşına mindirdim, gecə saat 1-də kənddə çıxdıq... Pərən-pərən olduq. Kiçik qardaşım Fazil Bakıda olurdu. Arvad-uşağı Bakıya, Fazilin yanına apardım. Mənə demişdilər ki, Ağsunun Pirhəsənli kəndi var, camaatı bizim kənddən getmədi, gör bizə orda yaşamağa şərait yaradarlar? Bakıdan Ağsuya qədər gözümdən yaş gəldi. Orda Yediyar adında bir adama rast gəldim. Dedi, üç otağım var, ikisini verirəm sənə, gəl yaşa. İki camışım, bir inəyim var. Bir camışı, bir inəyi verirəm sizə, sağın... Amma bizi bu rayonda sıxışdırırlar. Dedi, bir qaratikanın pöhrəsi, bir də ilan bizim mal-qaranı qırır, Şamaxının ermənilər yaşayan kəndləri var, qalıb boş, gedin orda məskən salın... Qardaşlarımın hərəsi bir tərəfə dağıldı. Şamaxıya gedəsi olmadım. Ağdamın Quzanlı kəndinə yığışdım. Birtəhər ev tikib yaşadıq. 2000-ci ilin oktyabrında Bakıya köçdüm... Amma ildə bir-iki dəfə ora getməsəm, ürəyim partlayardı. Pirhəsənli-Kəngərlinin iyini ordan alırdım".

Əvvəldə qeyd elədiyim kimi, bu səfərə, əslində, Hacı Abbasın nəvələrinin vacib bir arzusunun ardınca çıxmışdıq. Bu barədə mənə danışmışdılar. Amma Hacı Abbas barədə eşidəndən sonra bu istəyin əbəs olmadığını başa düşdüm.

Elbrus əmi qardaşların hamısının arzusunu dilə gətirdi: "Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev şanlı ordumuzla bərabər, ata vəsiyyətini, Ulu öndərimizin istəyini layiqincə yerinə yetirdi. Bizim də torpaq, yurd həsrətimizə son qoydu. Alnımızdakı didərginlik ləkəsini təmizlədi, Qarabağ camaatının şanını özünə qaytardı. 30 illik tənədən, xəcalətdən xilas olduq... Atamız Hacı Abbasın oğlu Abbas kişi məcburi köçkün düşəndən sonra bərk sarsılmışdı. Ölənə yaxın bizə vəsiyyət elədi ki, atam Hacı Abbas imanlı, xeyirxah, güclü kişi olub, adı-sanı hər yana yayılıb, torpaqlar azad olunanda onun ocağının yerində bir Hacı Abbas Məscidi tikilsin... İndi biz də ata vəsiyyətimizin yerinə yetirilməsini arzulayırıq. İnanırıq ki, cənab Prezidentimiz səsimizə səs verəcək... Göründüyü kimi, bu müqəddəs ocağımızı erməni işğalçılar dağıdıblar, burda səngər qazıb, "akoplar" tikib bizim həyətdən azərbaycanlılara qarşı silah qaldırıblar. Ona görə də gərək bir məscid tikək bu səngərlərin, "akop"ların yerində. Onda həm atamız Abbas kişinin vəsiyyəti yerinə yetər, həm də bu baba yurdumuzun ağrı-acısı tamam çəkilib gedər..."

Geri qayıdanda Fazilin çəkdiyi fotolara baxıb sevindim. Yaxşı şəkillər çəkdiyini düşünürəm... Quzanlıdan keçəndə Şahmalı əmi köçkünlükdə ilk məskən saldığı evin yanında düşdü. Qapının açarları Bakıda qalıbmış. Çəpər boyu gəzişib həyətə boylandı. Hasardan boylanan qızılgüllərdən bir topa yığıb maşına əyləşdi. Qızılgülləri Fazillə mənə uzadıb dedi:

- Quzanlı camaatı halal adamlardır, qızılgüllərə dəyməyiblər... Ağdam gülləridir, özünüzlə aparın. Hacı Abbas məscidi tikilsə, bu güllərdən oranın həyətində də əkib özüm qulluq edəcəm...

Belə nəcib arzuların havası, onların çin olacağı ümidi ilə qanadlanıb Ağdamdan Bakıya üz tutduq.

 





27.05.2024    çap et  çap et