Çoxdan idi ki, ürəyimdə bir arzum vardı. Naxçıvanda Ədəbi məclis yaratmaq. Deyəcəksiniz, yəni bu qədər çətindi ki, arzuya çevrilib? Bəli, bu diyarın Naxçıvan olduğunu nəzərə alsaq, bəzi arzularımızı reallaşdırmaq üçün bəzi daşlaşmış “qanunları”, maneələri aşmamız gərək idi. Muxtar respublikada yaranan bəzi müsbət hallar məni ürəkləndirdi. Şair qadınlarla müəyyən təşkilatlarda tədbirlər keçirdik. Gözləmədiyim halda çox yaxşı qarşılandı. Tamaşaçılar bizi maraqla qarşıladı, diqqətlə dinlədi, hörmətlə yola saldı. Şairin, şeirin bol olduğu müasir zəmanəmizdə tamaşaçı, dinləyici rəğbəti qazanmaq çox böyük avantajdır. Amma biz – Naxçıvanın qadın yazarları bunu bacardıq. Yəqin ki, bunun bir səbəbi də Naxçıvan ədəbi mühitində son illərdə yaranmış durğunluq idi. Harada tədbir keçirdik, növbəti tədbirin təklifini aldıq. Amma bu işlərin bir adı olmalıdır - deyə düşündüm. Yoxsa, tədbirdə iştirak edən bəzi insanların dediyi “Bu, Təranənin tədbiridir, Yazıçılar Birliyinin yox” - cümləsini daha eşitmək istəmirdim. Yaxşı insanlarla məsləhətləşdim. Qarşımızı kəsənlərin qarşısını işimizlə kəsdik.
Biz Naxçıvan diyarının yetirmələri olan qadın şairlərimizin yaradıcılığına işıq tutmaq, onlara bu yolda dəstək olmaq, üçün yola çıxdıq. Uzun illərdir qələmdən ayrı düşən, sözü ürəyinin küncündə yığılıb qalan, hər yaş təbəqədən, müxtəlif peşə sahibləri olan qadınlar üçün geniş auditoriya açdıq. Elə bir auditoriya ki, orada rəsmiyyət, çərçivə yoxdur. Səmimiyyət, sevgi var bizim üçün. Məqsədimiz ədəbi muhiti gücləndirmək, yaradıcı qüvvələrin birliyini yaratmaq, ölkə miqyasında təbliğ etməkdir. Yaratdığımız birlik müsbət mənada sanki yatmış vulkanları oyatdı.
Qadın yazarlar olaraq, ilk işimiz Muxtar Respublikanın yüz illiyinə töhfəmizi vermək oldu. Naxçıvanda yarım əsrdən sonra ilk dəfə olaraq qadın ədəbi məclisi yaratdıq - Heyran xanım adına “Zərif Qadınlar” ədəbi məclisini. Ailəsi ilə birlkdə doğulub boya- başa çatdığı doğma Naxçıvandan İrana didərgin salınan, o taylı, bu taylı Azərbaycan qızının şərəfinə məclisimizə Heyran xanımın adını verdik. Şairə deyirdi ki,
Aydınlatdın məclisləri,
Hurimisən, ya ki, pəri?
Sənsən gözəllər sərvəri,
Biz də bir az pis deyilik.
Bəli. Biz də bir az pis deyilik. Buna haqqımız da yoxdu. Təməli Heyran xanım, Qönçəbəyim, Aşıq Nabat və digərlərinin adına bağlı olan Naxçıvanın qadın ədəbi mühitinin üzvü olmaq bu almanaxda yaradıcılığı yer alan dəyərli xanım yazarlarımızın çiyninə bu gün gözəl, yaradıcı bir məsuliyyət qoyur. Yolumuz açıq olsun!
Qeyd edim ki, vaxtilə Ordubadda “Əncüməni-şüəra” adlı ədəbi məclis fəaliyyət göstərib. 1831-ci ildə Şeyxəli xan Kəngərli tərəfindən yaradılan bu məclisin sözsüz ki, üzvləri yüz faiz kişi ziyalılar olub. On doqquzuncu əsrin qırxıncı illərində sonuncu Naxçıvan xanı Ehsan xanın sarayında “Qönçeyi-ülfət” ədəbi məclisi fəaliyyət göstərib. Ehsan xanın qızı, dövrünün tanınmış qadın şairlərindən olan Qönçəbəyim bu məclisin bəlkə də yeganə qadın üzvü olub ki, bu da o dövr üçün yetərincə cəsarət tələb edən bir addım idi.
Dəyərli şairimiz Xanəli Kərimli son kitabıma ön söz yazarkən, orda məhşur rus ədibi Nikolay Qavriloviç Çernışevskidən qadın haqqında çox gözəl bir sitat gətirib: “Təbiət qadını nə qədər ağıllı, nə qədər fərasətli xəlq etmişdir!.. Bu ağıl rədd olunmasaydı, öldürülməsəydi, fəaliyyət göstərsəydi, bəşəriyyətin tarixi on dəfə sürətlə gedərdi”.
Sözsüz ki, iyirminci əsrin əvvəllərindən Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsi, sonralar Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi və rayonlarda ədəbi birliklər fəaliyyət göstərərək söz sənəti aləminə öz töhfələrini verməkdə davam edirlər. Biz qadın yazarların əksəriyyəti Azərbaycan Yazıçılar Birliyinin, hamısı Naxçıvan Yazıçılar Birliyinin üzvləriyik. Bu da bir başqa məsuliyyətdir.
Keçən əsrin sonlarında Naxçıvanda müxtəliş peşə sahiblərini bir araya gətirən “Sevil” Qadınlar Məclisi fəaliyyət göstərib, və onun tərkibində “Yazar qadınlar” dərnəyi xanım yazarların yaradıcılığına işıq tutub.
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Yüz ilimin səsi” antologiyası Naxçıvan torpağının yetirmələri olan qadın yazarların ictimaiyyətə təqdim etdiyi ilk işi, ilk çap məhsuludur. Kitabda dünyasını dəyişmiş şairlərimizin - Naxçıvandan Azərbaycan Yazıçılar Birliyinə ilk üzv olan qadın yazarımız Kəmalə Ağayeva, “Mən bu elin qızıyam, Anamdır Azərbaycan” - deyən, gənc ikən dünyasını dəyişmiş istedadlı şairəmiz Validə Hüseynova, “şeir qalam, söz qalamdır”, “mənim zöhrə ulduzum” misraları ilə vətənə pərvanə olan Elmira Qasımova, Məmməd Araz ocağının şair qızı Rəhilə Elçin, “Vətənsiz mən vətən sözün neylərəm” yanğısı ilə yazıb- yaradan Mətanət Hüseynxanqızı və Rahilə Dövranın yaradıcılığına da yer verilib. Naxçıvandan kənarda yaşayan söz pərilərimizdən – Adilə Nəzər, Arzu Nehrəmli, Xalidə Nuray, Lütfiyyə Əsgərzadə, Aləmzər Sadiqqızı, Mətanət Məmmədova - da diqqətdən kənarda qalmayıblar. İstedadlı gənclərimizin də misraları oxunmaq üçün sizi gözləyir. Kitabı geniş təhlil edib ön söz yazan dəyərli filoloq, dilçi alim, professor Sədaqət Həsənovaya təşəkkürümüzü bildiririk. Kitabın keyfiyyətli nəşri üçün, nəşriyyatın direktoru Pərvin Məmmədova, kompüter tərtibatı üçün Əcəmi nəşriyyat - Poliqrafiya birliyinin əməkdaşı Ramin Zülfüqarova minnətdarlığımızı bildiririk.

Onu da bildirim ki, 2024-cü ilin birinci yarısında qadın şairlərimizin yaradıcılığı məhsuldar olub. Belə ki, Sona Amalın “Əzəmət” və “Sevgimi əbədi elə versəydim”, Təranə Arifqızının “Payızın zəfər rəngi”, Məftunə Nur Hüseynbəylinin “Bütün dünya sən yaşayan küçədir”, uşaqlar üçün qələmə aldığı “Dünya nura boyansın”, Banu Musayevanın “Köyüm Akdegirmen, ilçem Tuzluca” elmi-bədii kitabı işıq üzü görüb.
Əminliklə deyə bilərəm ki, Heyran xanım adına “Zərif qadınlar” ədəbi məclisinin görəcəyi işlər, keçirəcəyi maraqlı tədbirlər ədəbi ictimaiyyətə tez-tez təqdim olunacaq. Necə deyərlər, qadın böyük qüvvədir. Yaradıcı qadınlarımızı ilk kitabımız münasibətilə təbrik edir, yolumuz açıq olsun deyirəm. Muxtariyyətimizin yüzüncü ili hər kəs üçün, həmçinin, yaradıcı insanlar üçün düşərli olsun!
İstərdim ki, Heyran xanım adına “Zərif qadınlar” Ədəbi Məclisinin üzvlərindən bəzi şair xanımlarımızın yaradıcılığından ilk dəfə olaraq poetik nümunələri oxucuların ixtiyarına verək.
Sevinc Azadlı
QORUYURAM
Lövbər salıb dayanmışam bir dənizin ortasında,
bir limansız gəmi kimi yan almağa sahilim yox.
Qaralıbdır içim, çölüm ocaq üstə unudulmuş
bir çaynikin dəmi kimi, süzənim yox, içənim yox.
Pas atıbdır ürəyimin damarları nə zamandan
açılmayan qapıların cəftəsi tək.
Ev sahibin gözləyir o, söz veribdir gələcəkdir,
gecikibdir hər ayımın lap beşinci həftəsi tək.
Əlçim-əlçim tük ələnir ürəyimin tellərindən,
bir sığalsız baş misalı.
Ərşə qalxıb tüstüm mənim, öz yağında
dibi tutmuş, kösöv olmuş aş misalı.
Boğazımda düyünlənib kəlmələrim
yel üzündən keçəlləşmiş saçım kimi.
Görən varmı, yer üzündə lal ağrılar,
mənim ağrım-acım kimi?
Ağacların payız sonu, qış qabağı
rəngi dönmüş, şaxta vurmuş yarpağı tək ələnirəm.
Əl götürüb həqiqətin gedişindən,
yalan satıb ürəyimə, xəyallara bələnirəm.
Bir səhranın ortasında basdırılmış
ağac kimi susuz qalıb quruyuram.
Çabalarım boşa deyil, mən özümü
öz gözümdən, öz sözümdən qoruyuram.
Əzizə Həsənova
NƏQŞİCAHAN
Ey ruhumu qarış-qarış göyüzündən yer üzünə sipər kimi naxışlayan Naxçıvanım.
Su yaddaşı ömür-ömür sevgi payım, könüllərə məhəbbəti bağışlayan Naxçıvanın!!!
Ana yurdum, Qəlb ocağım,
Sevgi payım, nur çırağım
Fəsil-fəsil dəyişənim,
Nəfəs-nəfəs alacağım mavi səmam, göy dənizim,
Bayrağımın üç rəngində dalğalanan mələklərin qanadısan.
Ucadan da ucadasan,
Əzəmətli Şah Dağımsan
Könlümün sevgi məhbubu Vətən.
El bilir ki, sən mənimsən, misramdakı şah beyitim...
Xudayarın dastanında,
Azərbaycan ürəyimsən.
Xarıbülbül səsi gələn,
Şəhidimin məzarında solmayacaq güllərimsən.
Nəfəsimsən, həvəsimsən, ayə-ayə, dua-dua, təkrar-təkrar içimdəcə eşq səsimsən.
“Səndən ötən mənə dəydi!
Məndən ötən sənə dəydi!”
Məmməd Araz, Nizamilər
Fizulilər məskənisən.
Sən bir bütöv Azərbaycan dünyamızın gur səsisən.
Dolub-daşan selmi deyim?
Yurdum-yuvam, elmi deyim?
Tükənməyən ilmi deyim?
Tariximin yaddaşından toplandıqca çıxılmayan Nəqşicahan.
Təkrar-təkrar oxuduğum nəğməsən sən...
Sənə Alqış...
Sənə Əhsən...
Naxçıvanım sən öndəsən,
Məmməd Araz, Nəsimilər,
Cavidimin məskənisən.
Səbinə Əlincəli
ÖLÜM
Qulağım asılı qalıb havadan,
Bir cüt söz ləliylə bəzənmək istər.
Heç nə istəmirəm, açıb qəlbimi
Oraya yazdığın adımı göstər.
Yüklənib çiynimə dünyanın dərdi,
Daha tükü-tükdən seçirəm indi.
Bilsən dərddən necə arıqlamışam,
Iynənin gözündən keçirəm indi.
Sənin rəngin hopub kəfən ağına,
Eşqini içimdən çətin köçürəm.
Ölüm, dur, gülərüz çıx qabağıma,
Qarşıla, mən sizə gəlin köçürəm

Rəqsanə Tapdıqlı
TƏBİƏTƏ VURĞUNAM
Gözlərimin önündə göz oxşayır mənzərə,
Üfüq yayıb şüasın doğma cənub ellərə.
O tay-bu taya qapı otağımda pəncərə,
Görən əlim uzatsam, Təbrizimə çatarmı?
Sanki mənə əl edir başı qarlı Savalan.
Özü də heyran qalıb gözəlliyə Yaradan.
Qoy doyunca seyr edim, yenə Günəş doğmadan.
Misilsiz seyrəngaha başqa aləm çatarmı?
Günəş qürub edəndə, aləm dönər Ulduza,
Buludların yanağı, oxşar utancaq qıza.
Araz da sakit, səssiz axır üzü sonsuza,
Bir salam pıçıldasam, Xudafərin duyarmı?
Dincliyimin səbəbi təbiətdə gözümdür,
Gözümdə nura dönən xoş niyyətim, sözümdür,
Al buludlar su üstə sanki düzüm- düzümdür,
Şirin xəyallarımdan bir dastan yazılarmı..?
Aytəkin Səfərəliyeva
ÖMÜR YAŞADIQ
Toz bürümüş xatirələrin altında qalan
Saralmış məktub varağıyam.
Sənsizliyinlə qoyun-qoyuna yatmış duyğuların
Soyuq yataq otağıyam.
Yetim qalmış bir komanın hörümçək torlarından
Görünməyən künc-bucağıyam.
Mən həsrətin şah əsəri,
Sevginin boş qucağıyam.
Beləcə gəncliyin yarpaqlarını
Bir-bir üzdük budağından
Öldürdük gülüşlərini, qətl eylədik dodağından
Göz yaşları ilə yol çəkdik
Üz aşağı yanağından
Tel kimi asılı qaldıq ikimizdə
Həyatın darağından
Həyat darağından silkələyib atdı bizi
Sovrulduq hərəmiz bir tərəfə
Yaxınlardan-uzaqlara
Ayrı-ayrı mənzillərə
Başqa-başqa ocaqlara
Birdə görüşə bilmədik
Ömrü yaşadıq ölmədik
Biz istəyəndə gülmədik
Ağlamaq istəyəndə ağladıq.
Ağladıq...
Ağladıq...
Dilbər Şahbuz
NAXÇIVAN KƏLMƏSİ YAZ ÜRƏYİMDƏ
Misra-misra şeirə döndü söz ürəyimdə,
Min bir ocaq çatasıyam, köz ürəyimdə,
Əcəminin harayından qopan nida tək,
Sən “Naxçıvan” kəlməsini yaz ürəyimdə!
Hüseyn Cavid, Mirzə Cəlil, Bəhruz diləkli,
Tarixlərə sinə gərib məğrur ürəkli.
Çeşmələri gözəllərin qaynar gözü tək,
Oğulları saf əməlli, polad biləkli.
Araz ona layla çalan anadır, bəlkə,
Birləşməyə qoymur çayın inadı bəlkə,
Bir şairin taleyinə, adına köçdü, -
Araz Məmməd İbrahimi qınadı, bəlkə?!
“Əcəminin naxışları” neçə sirr deyir,
Tarixlərdən xəbər verir “Yusif Küseyr”.
Baxdım “Qızlar bulağı”nın seyrangahına,
Axıb gəldi, ürəyimdən bir bulaq şeir.
Tarixləşib neçə ömür yaşında sənin,
Min baharın ətri vardır qaşında sənin,
Naxçıvanım, yaşayıram, ürəyimdəsən.
Dilbər ölsə, bitəcəkdir döşündə sənin.
Səriyyə Yaşar
ASILQANDA PENCƏK
Dağıtdım əşyanı tanış-bilişə...
Görməsəm, unutmaq asandır, dedim.
Bircə pencəyini qıymadım verəm,
Necə asmısansa həmin yerdədir...
Xatirən əbədi bizimlə qalır,
Pencəyin heç səni əvəz edərmi??
Ətrin pencəyinin üstündə qalıb,
Sevimli pencəyin sənsiz darıxır...
Sobanın yanında isti çayın da,
Buz tutan divarlar həsrətin çəkir...
Dizinin dibində mürgü vuran,o,
Məstan pişiyimiz də, xiffətin çəkir...
Uşaqlar darıxır... ata nisgilin..,
Bu sözü deyəndə, gözlərim dolur...
Mənsiz rahatsanmı?
Nigaran qalıb soruş, ay vəfasız, sənsiz necəyik..?
Pencəyin cibinə saxlardın pulu,
İndi də özümü aldadıram mən.
Gecələr cibinə qoyduğum pulu,
Gündüz, icazənlə götürürəm mən...
Uşaqları necə pis öyrətmisən...
Vardımı? Yoxluğu bilmirlər axı...
Deyirlər: Görəsən atamızda var..?
Deyirəm: - Pencəyin cibinə baxın...
Hərdən düşünürəm dünya dediyin,
Şirin bir yuxudur - acı həqiqət..
Kaş ki, sevdiklərimiz əbədi qalsa...
Kaş ki, pencək qədər ömrümüz olsa...
Süsən Kərimli
BATABAT
Zirvələrdə qar buluda qarışır,
Ətəyində lalə-nərgiz sayrışır.
Yarpız tamlı buz bulaqlar qovuşub,
Gölə dönür qucağında, Batabat.
Təpələrdə külək qovur dumanı,
Seyrə dalır ağ sürünün çobanı,
Çəmənlikdə alaçığı, obanı
Salamlayır bu çağında, Batabat.
Zorbulağın üstü alınmaz qala,
Uca dağlar sanki verib dal-dala,
Lalə dərəm, barmağıma xal sala,
Çiçək açam budağında, Batabat.
Dayanmışam gölün qırağında lal,
Məni uzaqlara aparır xəyal,
Ləpələr nidalı, ləpələr sual,
Cavab varmı quçağında, Batabat.
Gözəlliklər qarşısında lalam mən,
Durna olam, göydə qanad çalam mən,
Öləm elə bu yerlərdə qalam mən,
Daşa dönəm ocağında, Batabat.
çap et