“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan RespublikasınınQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Malayziyadan görünən Şuşa” adlı layihənin icrasına başlayıb.
525.az xəbər verir ki, bu barədə ictimai birliyin sədri Şəhla Nağıyeva bildirib.
Layihə İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı həyata keçirilir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi layihə çərçivəsində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Şuşa günləri” təşkil etməyi planlaşdırır.
Azərbaycanın Malayziyadakı səfirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası vəKuala Lumpur Şəhər İncəsənt Qalareyasınıntərəfdaşlığı ilə hazırlanan layihə çərçivəsində Kuala Lumpurda “Qarabağ rəngləri” adı ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil etmək nəzərdə tutulur. Bundan başqa Kuala Lumpurda “Şuşa mətbəxi” günü keçiriləcək, qonaqlara Qarabağ təamları, habelə Şuşa mətbəxinin nümunələri təqdim ediləcəkdir.
İctimai birliyin tədbirlər planına sərginin keçirildiyi günlərdə Azərbaycanlı müğəninin ifasında Qarabağ və Şuşa mövzusunda mahnılar səsləndirilməsi də daxildir.
Kuala Lumpurda fəaliyyət göstərən universitetlərdən birində Şuşanın tarixi ilə bağlı “dəyirmi masa”nın təşkili, habelə Şuşanın tarixi haqqında ingilis dilində sənədli filmin nümayişi də nəzərdə tutulur.
Şəhla Nağıyevanın sözlərinə görə, Kuala Lumpurda nümayiş olunacaq rəsm əsərləri artıq seçilib, Şuşa mətbəxi nümunlərini hazırlayan kulinar və Qarabağ musiqisini təqdim edəcək müğənni müəyyən olunub.
“Şuşa günləri”nin Malayziyada iyunun üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır.
Görüləcək tədbirlərlə yanaşı Kuala Lumpur şəhərində tədbirlər başa çatdıqdan sonra “Malayziyadan görünən Şuşa” adlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.